Əsas səhifə Haqqımızda Xəbər lenti

“Şəhidlərin borcları silinsin, yaralıların borcları dondurulsun”

“Şəhidlərin borcları silinsin, yaralıların borcları dondurulsun”

Şəhid ailələrinin sosial öhdəliklərini dövlətin öz üzərinə götürməsi təklif olunur

 

Sentyabrın 27-də düşmən təxribatı nəticəsində başlayan və Azərbaycan Ordusunun güclü əks-hücum əməliyyatları ilə müşayiət olunan döyüşlər davam edir. İndiyədək ordumuz ard-arda ciddi uğurlar qazanır, yeni-yeni yaşayış məntəqələrimiz işğaldan aza olunur.

 

Döyüşlər başlayandan ölkədə qismən səfərbərlik və hərbi vəziyyət elan edildi. Bu səbəbdən ehtiyatda olan əsgər və zabitlərimiz orduya çağırıldı ki, onlar arasında şəhid olanlar da var. Döyüşə yollanan və şəhid olan vətəndaşlarımız içərisində kredit borcu olanların olması da istisna deyil. Hətta, bu barədə ara-sıra məlumatlar yayılır. Bəs, onların borclarının bağışlanması mümkündürmü?

İqtisadçı Vüqar Bayramov 71% səs çoxluğu ilə qalib gəldi, seçicilərə  müraciət etdi

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov AYNA-ya açıqlamasında deyib ki, indiyədək bəzi kommersiya bankları tərəfindən şəhid olmuş vətəndaşlarımızın kreditlərinin bağlanması ilə bağlı qərarlar qəbul edilib: “Düşünürəm ki, kommersiya bankları həmrəylik nümayiş etdirərək, bu dəfə də şəhid olmuş vətəndaşlarımızın kredit borclarının bağlanması ilə bağlı qərar qəbul edə bilər. Çünki hər bir qurum, hər bir vətəndaş indiki Böyük Vətən müharibəsində, Qarabağ uğrunda savaşda qələbəmizə töhfə verməyə çalışır”.

 

Deputat hesab edir ki, qələbəmizin əldə edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda vuruşan və şəhid olan vətəndaşlarımıza bu istiqamətdə dəstəyin həyata keçirilməsi məqsədə uyğun olardı: “Hər halda, iki bank istisna olmaqla, digər banklar özəl banklardır. Amma bizim təklifimiz ondan ibarətdir ki, kommersiya bankları tərəfindən bu tip güzəştlər və şəhid olmuş vətəndaşlarımızın kreditlərinin bankın vəsaiti hesabına bağlanması, o cümlədən müharibə zamanı yaralanmış vətəndaşlarımız üçün güzəştlərin tətbiq edilməsi məqsədəuyğun olardı. Ən azından, müharibədə yaralanmış vətəndaşlarımız üçün kredit məbləğinin restruktasiya olunması və faizlərin tamamilə silinməsi daha münasibdir”.

 

“Bu baxımdan döyüşdə iştirak edən vətəndaşlarımızın kreditlərinə kommersiya bankları tərəfindən yenidən baxılması, şəhid olan vətəndaşlarımızın kreditlərinin bağışlanması və digər yaralanmış vətəndaşlarımız üçün güzəştlərin tətbiq edilməsi, eyni zamanda hazırda döyüşlərdə iştirak edən könüllülər və qismən səfərbərliklə döyüşə gedən vətəndaşlarımız üçün kreditlərinə görə ödənişlərdə zaman güzəştlərinin edilməsinə ehtiyac var. Nəticə etibarilə bu, bir tərəfdən də bank sektorunun döyüşdə qələbənin əldə edilməsinə bir töhfəsi kimə də qiymətləndiriləcək”, - Bayramov vurğulayıb.

Samir Əliyev: Azərbaycanda tam üzən məzənnəyə keçid mümkün deyil

İqtisadçı-ekspert Samir Əliyev AYNA-ya şərhində “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun olduğunu xatırladıb: “Bu qanun 1993-cü ildə Heydər Əliyev tərəfindən imzalanaraq, qüvvəyə minib. Həmin qanunun 3 və 4-cü maddələri məhz sözügedən məsələ ilə bağlıdır. Amma qanunda qeyd olunan güzəştlər yetərli deyil. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı qanun olsa, daha yaxşı olardı və burada da bütün məsələlər öz əksini tapmalıdır. Məsələn, şəhid ailəsi hansı güzəştlərə malik olmalıdır? Burada kommunal xidmətdə güzəştlərin tətbiq olunması, təhsil haqlarına güzəştlərin tətbiq edilməsi və sair kimi hallar mütləq orda öz əksini tapmalıdır”.

 

“Bildiyim qədəri ilə, şəhid ailələrinə ayrı-ayrı epizodik güzəştlər var, amma bunu bir qanun halında qəbul edib, vahid bir yanaşma tətbiq edilsə, yaxşı olar. Biz bunu ayrı-ayrı fərdlərə tətbiq etməməliyik. Tutaq ki, filankəsin ipotekası var idi, şəhid oldu, bağlandı. Bunu ümumi qanun halında hamıya tətbiq etmək lazımdır. Avtomatik olaraq bu qanunun əsasında da bu tip problemlər aradan qalxar. Məsələn, bu adamın ipoteka krediti varsa, adam işləyib, bu ipotekanı qaytara bilərdi, indi bu şəxs işləmir və gedib vətən uğrunda şəhid olub, ipoteka kreditini ödəyə bilmir. Dövlət bu zaman onun öhdəliklərini öz üzərinə götürməlidir. Düşünürəm ki, şəhid olmuş vətəndaşların ailələrinin sosial öhdəliklərini dövlət öz üzərinə götürməlidir. Yəni burada ipotekadan azad edilməsi məsələsi, gələcəkdə dövlət tərəfindən pulsuz mənzillərlə təmin edilməsi (ola bilsin ki, kirayadə qalır, mənzil şəraiti pisdir) və sair kimi hallara kompleks yanaşmaq lazımdır”, - ekspert bildirib.

 

“Şəhid ailələrinə birdəfəlik ödəmədən əlavə hər ay yardım ödənilir. Onun məbləği isə azdır. Həmin ailələrə hər ay, ən azı min manat pul vermək lazımdır ki, onun ailəsi dolana bilsin. Bir sözlə, dövlət şəhid ailələrinin sosial öhdəliklərini öz üzərinə götürməlidir. Düşünürəm ki, şəhid ailələrinə fərqli bir yanaşma olmalıdır. Əgər şəhid ailələrinin üzvləri sahibkarlıqla məşğul olurlarsa, vergi güzəştləri də tətbiq olunmalıdır. Bütün bu məsələlər qanunda öz əksini tapmalıdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun da əhatə dairəsi genişləndirilməlidir. Mövcud qanun təkmilləşdirilməlidir. Və onların sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər də həmin qanuna daxil edilməlidir. Bu qanun o dövrə uyğun qanun idi, indi isə artıq 1993-cü ildəm fərqli olaraq ölkənin büdcə imkanları daha yaxşıdır, indi daha çox dəstək verilməlidir”, - Əliyev fikrini yekunlaşdırıb.

Müəllif: Ülviyyə Şahin      19 Oktyabr 2020 19:19
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin