“Hamımız hazır olaq, bu gün-sabah müharibə başlayacaq”

“Hamımız hazır olaq, bu gün-sabah müharibə başlayacaq”

 

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Ordusunun hərbi birlik və birləşmələrində komanda-qərargah təlimləri başlayıb. Bu xəbərdən sonra bəzi şəxslər o qənaətə gəliblər ki, ordumuzun budəfəki təlimləri Ermənistanın Baş Naziri Nikol Paşinyanın son bəyənatları ilə bağlıdır. Yəni düşünürlər ki, Azərbaycan ordusu müharibəyə hazırlaşır.

 

Hərbi ekspert Üzeyir Cəfərov AYNA-ya açıqlamasında bildirib ki, yaxın vaxtlarda müharibə gözlənilmir.

 

Ekspert qeyd edib ki, sadəcə ordunun aylar əvvəlcədən planlaşdırılmış növbəti təlimi Paşinyanın bəyanatı ilə eyni vaxta düşüb: “İnsanlarımızı məyus etmək məcburiyyətində qalacağam, çünki heç bir müharibə, aktiv döyüş cəhdələri olmayacaq. Aktiv döyüş əməliyyatlarının zərrə qədər də olsa, işartıları yoxdur. Azərbaycan Xarici İşlər Nazirliyinin son bəyanatına diqqət yetirəndə, bəyənatda ermənilərin bəynatından müharibə yox, daha çox sülh iyi gəldiyini görürük. Bildirilir ki, biz danışıqlar prosesinə, beynəlxalq normalara sadiqik. Paşinyan isə o gün, ümumiyyətlə ATƏT-in Minsk qrupunun üzərindən bir qara xətt çəkdi, Minsk qrupunun üzünə tüpürdü”.

Image result for Üzeyir Cəfərov

Ü.Cəfərovun sözlərinə görə, Azərbaycanın onsuz da Paşinyanla haqq-hesabı qabaqdadır: “Nə qədər qəribə səslənsə də, Azərbaycan məcburiyyət qarşısında qalacaq və öz torpaqlarını işğaldan azad etmək üçün güc işlətməyə məcbur olacaq. Amma Paşinyanın vay halına, o mənada ki, son vaxtlar heysiyyatımızla oynadılar, gah Şuşada yallı getdilər, gah oyunlar keçirdilər. Bütün bunlar Azərbaycandan daha çox beynəlxalq qurumlara meydan oxumaqdır”.

 

Müsahibimiz onu da bildirib ki, artıq onun özünün də Qarabağ məsələsi ilə bağlı mövqeyi dəyişib: “Özüm də bəzi şeylərdən çox narazıyam, əvvəlki mövqeyimlə indiki mövqeyim arasında ciddi fərqlər var. O fərqlər də ondan ibarətdir ki, beynəlxalq qurumlar Ermənistanın nazı ilə oynayır, Ermənistana havadarlıq edir. Rusiya da maraqlıdır ki, yenə də Ermənistanın könlünü almaq üçün hansısa lokal xarakterli toqquşma olsun. Necə ki, 2016-cı ildə belə bir toqquşma baş verdi, Rusiya öz sinəsini qabağa verdi, Bakı ilə Rusiya arasında telefon danışıqlarının arası kəsilmədi, gah Peskov, gah Lavrov, gah Şoyqu zəng etdi”.

 

Ü.Cəfərov düşünür ki, nəzəri baxımdan heç nəyi istisna etmək olmaz, ancaq praktiki baxımdan, reallıq baxımından Azərbaycan indiki halda hansısa aktiv əməliyyatlara başlamayacaq: “Müharibə işartısı görsəydim, özüm də ilk qaranquşlardan olardım, deyərdim ki, hamımız hazır olaq, bu gün-sabah müharibə başlayacaq. Çox təəssüflər olsun ki, bu gün Azərbaycanda müharibə məsələsi ancaq sözdədir”.

 

“Baxmayaraq ki, ordumuz müharibəyə hazırdır, Ordumuzun hazırlığı elə bir səviyyədədir ki, istənilən an verilən tapşırığı yerinə yetirməyə hazırdırlar. Amma siyasi qərar olmayacağı təqdirdə, müharibə olacağını düşünmək sadəlövhlük olar” – deyə o vurğulayıb.

Image result for Vaqif Dərgahlı

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı da AYNAya açıqlamasında bildirib ki, Azərbaycan Ordusunun hərbi birlik və birləşmələrində komanda-qərargah təlimləri plana uyğun olaraq həyata keçirilir: “Təlimlərin arxasında başqa heç bir səbəb yoxdur”.

Müəllif: Ayna.az      9 Avqust 2019 15:49
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin