Əsas səhifə Haqqımızda Xəbər lenti

Siyasi partiyalardan cəbhə ilə bağlı birgə bəyanat

Siyasi partiyalardan cəbhə ilə bağlı birgə bəyanat

“Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır”

 

Sentyabrın 27-də, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutuması nəticəsində Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərində mülki əhali və hərbi qulluqçular arasında həlak olanlar və yaralılar var.

 

AYNA xəbər verir ki, bununla bağlı Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar birgə bəyanat yayıb. Bəyanatda deyilir ki, Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması, mülki əhalinin yaşadığı kəndləri və infrastrukturları hədəf kimi seçərək ağır silahlarla bombalaması beynəlxalq hüquqa ziddir və qarşısı qətiyyətlə alınmalıdır.

 

“Ermənistan 30 ilə yaxındır ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar olsun ki, o buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Azərbaycana gəldikdə isə qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşma qəbuledilməzdir.  Ermənistan hökuməti 30 ildir davam edən münaqişənin həll edilməsində maraqlı deyildir. Ermənistanın siyasi hakimiyyəti daxili siyasətdə yaşadığı sosial-iqtisadi problemləri, epidemoloji vəziyyətin gətirdiyi sosial çətinlikləri həll etməkdə acizdir. Ermənistan hökuməti vətəndaşlarının diqqətini bu problemlərdən yayındırmaq, daxili siyasi mübarizəni arxa plana çəkmək məqsədi ilə mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozur. Ermənistan Baş Nazirinin militarist bəyanatları, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi müzakirələrində konstruktiv mövqe nümayiş etdirməməsi, “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bəyanatları müzakirələrin önünü kəsən amillərdir”, - deyə sənəddə qeyd edilib.

 

Vurğulanıb ki, Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır: “Ermənistan Azərbaycanın qondarma “Dağlıq Qarabağ Respublikası” ilə müzakirə aparmasını istəyir. Ali Baş Komandan bunu qətiyyətlə rədd edir və  bu təkliflə ATƏT-in Minsk qrupu da razılaşmır. 2016-cı il aprel və 2020-ci il iyul aylarında Ermənistanın atəşkəsi pozmasından sonra yaşanan hadisələrdə Azərbaycan Ordusunun vurduğu sarsıdıcı zərbələr nəticəsində Ermənistan ordusu məğlubiyyətə uğradıldı. Ermənistanın məğlubiyyəti ona dərs olmalıdır. Ali Baş Komandan dəfələrlə bildirib ki, bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur. Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması sadəcə bölgənin deyil, beynəlxalq aləmin də təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik missiyası olan ATƏT-in Minsk qrupu, beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasəti qarşısında səssiz qalmamalı, dərhal siyasi və hüquqi tədbirlər görməlidir. Azərbaycanda fəaliyyət göstərən və bu bəyanatı imzalayan siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və onun yanında olduğunu bildirir. Belə mürəkkəb şəraitdə ölkəmizin bütün vətəndaşlarını və dünya azərbaycanlılarını bir daha milli birliyə və vəhdətə səsləyir, hər kəsi Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılmasına töhfə verməyə, beynəlxalq ictimaiyyəti isə Azərbaycanın həm tarixi həqiqətlər, həm də beynəlxalq hüquqla dəstəklənən haqq mübarizəsinə biganə qalmamağa çağırırıq”.

 

Bəyanatı ölkədə fəaliyyət göstərən 50 siyasi partiya imzalayıb.

Müəllif: Ayna.az      27 Sentyabr 2020 17:18
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin