“Tezliklə Azərbaycan mükəmməl bir silaha sahib olacaq” – EKSKLÜZİV

“Tezliklə Azərbaycan mükəmməl bir silaha sahib olacaq” –         EKSKLÜZİV

Devid Həmplinq: “Bu cür dronlardan tam qorunmaq mümkün deyil

 

İngilis hərbi mütəxəssis Devid Həmplinq AYNA-ya eksklüziv müsahibə verib. Beləliklə:

 

- Tezliklə Azərbaycan ordusunun arsenalında görünəcək Türkiyə hərbi sənaye kompleksinin məhsullarından biri də ALPAGU kamikaze dronudur. İndiki dövrdə onun haqqında nə kimi məlumatınız var?

 

- Əslində, bildiklərimizin əksəriyyəti istehsalçı tərəfindən verilən materiallardan qaynaqlanır. Ancaq bu an üçün dəqiq bilinən şey budur ki, ALPAGU - kəşfiyyat və hədəfləri məhv etmək qabiliyyətinə sahib, uçuş müddəti 10 dəqiqə olan portativ taktiki döyüş sursatı və ya kamikaze dronudur. Bu baxımdan ABŞ, İsrail və Çin tərəfindən istehsal olunan digər analoqları var.

- Açıq məlumatlara görə, onun çəkisi 2 kq-dan çox deyil. Partlayıcı maddə miqdarı nəzərə alınaraq, bu dron hansı obyektləri məhv edə bilər?

 

- Dağıtma gücünə görə ALPAGU əl bombası ilə eyni sinifdəndir. Fokuslanmış bir qəlpə atəşinə tutduğu üçün "uçan ov tüfəngi" adlandırılan, Əfqanıstan və Suriyadakı qiyamçılara qarşı böyük bir uğurla istifadə edilən Amerikan “SwitchBlade”i ilə eyni sinifə aiddir. ALPAGU müəyyən bir şəxsi, bir binada bir otaq içərisindəki kiçik bir qrupu və ya bir avtomobili məhv edə bilər. Yüksək dəqiqlik partlayıcı gücündəki azlığı kompensasiya edir.

 

- Hədəfi məhv etmək üçün yalnız partlayıcı maddələrdən istifadə edilir, yoxsa “Qasırğa” özüyeriyən artilleriya qurğusundakı kimi mərmisinə metal kürələr də əlavə edilir?

 

- Çox güman ki, bunlar partlamanın effektivliyini artırmaq üçün qəlpə kimi istifadə edilə bilən metal kürələr və ya digər elementlər olacaq.

 

- İstehsalçılar bu modelin inkişaf etmiş süni zəka ilə fərqləndiyini iddia edirlər. Bu dronda süni intellekt hansı vəzifələri yerinə yetirə bilər?

 

- Süni itelekt, məsələn, hərəkətdə olan nəqliyyat vasitələri və digər hədəfləri müəyyənləşdirmək, tutmaq və izləmək üçün istifadə ediləcək. Türk istehsalçılar gələcəkdə bu dronun üztanıma cihazları ilə təmin edilmiş variantının istehsalının mümkünlüyü barədə də danışırdılar. Yəni, gələcəkdə dronda edilən dəyişikliklər onu müəyyən bir şəxsin tanınması üçün uyğunlaşdıra bilər. ALPAGU nəqliyyat vasitələrinin növlərini tanıya bilər və vacib hədəfləri özü müəyyən edə bilər. Lakin gələcəkdə bu tip pilotsuz təyyarələr əsgərlərlə mülki və ya silahlı və silahsız insanları ayırd edə biləcək.

 

- KİV-lərin xəbər verdiyi kimi, bu yaxınlarda Rusiya tərəfindən Ermənistana çatdırılan radio-elektron müharibə sistemlərinin köməyi ilə belə dronları zərərsizləşdirmək mümkündürmü?

 

- Nəzəri olaraq, bəli. Radio rabitəsi ilə onun dalğasını kəsmək üçün düzəldilən cihazlar arasında daimi rəqabət gedir. Ancaq problem ondadır ki, həmişə texniki üstünlüyünü elan edən tərəflərdən kimin haqlı olduğunu yalnız real döyüşlərdən sonra müəyyən edə bilərik.

- ALPAGU-nun cəmi bir əsgər tərəfindən işə salınması qabiliyyəti, şübhəsiz ki, onun mobilliyini və yerləşdirmə sürətini yaxşılaşdırır. Bu, sözügedən PUA-nın imkanlarındakı yeganə üstünlükdür?

 

- ALPAGU hansısa qorunan mövqedən, hansısa obyektin arxasından atıla bilər. Onunla bir əsgər qorunan yerdə oturaraq, bir neçə kilometr məsafədəki hədəfləri tapa və vura bilər. ALPAGU düşmənin atəş silahları üçün gözədəyməz və əlçatmaz qalır. Minaatanlar və ya raketlərdən fərqli olaraq, onları tapmaq üçün "döyüş imzası", yəni, partlayış və tüstü şleyfi yoxdur. Doğrudan da mükəmməl silahdır.

 

- Bu, Azərbaycan ordusunun, çətin mövqelərdə kök salmış düşməni “dartıb çıxarmaq” qabiliyyətinə necə təsir edəcək?

 

- Belə bir silah son dərəcə effektivdir. Çünki onunla səngər üzərində dolaşmaq, yaxşı mövqe seçmiş düşmənə arxadan yaxınlaşmaq, səngərlərə şaquli zərbə endirmək olar. Hər tərəfdən qorunan beton bunkerdən başqa, bu cür dronlardan tam qorunmaq mümkün deyil.

 

Zaur Mehdiyev

Müəllif: Ayna.az      16 Sentyabr 2020 15:36
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin