Övladını itirən aktrisa: "Direktorun cəzalanmasını, vəzifədən uzaqlaşdırılmasını istəyirəm"

Övladını itirən aktrisa: "Direktorun cəzalanmasını, vəzifədən uzaqlaşdırılmasını istəyirəm"

"Bütün bildiklərimi məhkəmədə deyəcəm"

 

"Bütün qurumlara müraciət etmişəm. Və etməkdə də davam edəcəm. Bir çox qurumlar məsələnin hələ araşdırıldığını deyirlər. Mən anlamıram ki, nəyi araşdırırlar? Zərərçəkən mənəm. Məni danışdırmaq lazımdır. İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm". AYNA xəbər verir ki, bu fikirləri Open.az-a açıqlamasında övladı ana bətnində tələf olan, İrəvan Dövlət Dram Teatrının işdən çıxarılan aktrisası Şəbnəm Cəbrayılova deyib.

 

Şəbnəm Cəbrayılova son zamanlar başına gələn, ölkə mətbuatının işıqlandırdığı məlum hadisədən sonra ağır travma yaşadığını, amma vəziyyətin onun xeyrinə dəyişmədiyi bildirib.

 

"Mənə son günlərdə kömək etmək istəyən, halıma yanan insanlar çoxdur. Hamıya təşəkkür edirəm. Xalq artisti Afaq Bəşirqızı mənimlə danışdı. Mənə yol göstərdi. Sağ olsun. Bu gün vəkilimlə görüşüb, bu məsələləri bir daha müzakirə edəcəm. Mən çox qorxuram ki, gələcəkdə yenidən ana ola bilməyəcəm. İftixar Piriyev mənim gələcəyimi əlimdən alıb. Biz hansı dövlətdə yaşayırıq? Mənim balamı öldürən, bu qədər haqsızlıq edən adama "gözün üstə qaşın var" deyən yoxdur. Teatrdan o qədər peşəkar insanları uzaqlaşdırdı. Ətrafına onun sözünü təsdiqləyənləri toplayıb. Onun davası odur ki, hamı onun qarşısında ikiqat olsun. İftixar Piriyevin məşhur sözü var. "Bir adamı istəməsəm də üzünə gülürəm". Hamının üzünə gülə-gülə hər kəsin axırına çıxıb. Mən bütün bildiklərimi məhkəmədə deyəcəm. Həmçinin hörmətli Mehriban xanım Əliyevaya və ölkə başçımız cənab İlham Əliyevə müraciət ünvanlamışam. Bu haqsızlıq yerdə qalmamalıdır. Təəssüf ki, bəzi qurumlar mənim məsələmə etinasız, biganə yanaşırlar. İftixar Piriyev məni işimdən edib. Əmək kitabçamı ləkələyib. Mənə maddi-mənəvi böyük zərbə vurub. Mənim valideynlərim yoxdur. Kirayədə qalıram. Mənim əlimdə bütün sənədlər, səs yazıları var. Haqq mənim yanımdadır. Amma elələri özlərinə havadarlar tapırlar. İrəvan Teatrında çalışmaqla bütün əsəblərimi korladım. Son iki həftədə məni nə günə qoydular. Bütün əsəblərimi pozdular. Övladımı ana bətnində itirdim. Balamı öldürdülər. İftixar Piriyevin cəzalandırılmasını istəyirəm. Mənim hələ dünyaya gəlməyən, ana bətnində ölən balamın qatili odur".

 

Aktrisa Şəbnəm Cəbrayılova günahkarın ağır cəza almasını tələb edir: "Son illər İrəvan Teatrında o qədər haqsızlıqlar oldu. Səsini çıxaranların hərəsini bir yolla işdən uzaqlaşdırdı. Hamı yazdı, dedi, danışdı. Amma ona heç nə edən olmadı. Mənim vəziyyətim isə artıq pik nöqtəsidir. İftixar Piriyevin psixoloji durumu yerində deyil. Kaş ki, vaxtında bütün qastrollardan imtina edib, o teatrdan işdən çıxaydım. Teatrın köhnə maşını ilə nə qədər qastrollara getmişəm. Heç zaman onları pis vəziyyətdə qoymamışam. Axırda da belə. Mənim dünyaya gəlməyən balamın ahı onu tutacaq. Heç olmasa vaxtında zəng edib, üzr istəyərdi. Əksinə deyib ki, "Gəlsin və özü ilə sənədlərini gətirib göstərsin. Başıma bu boyda iş gəlib, özünü elə aparır ki, guya mən yalan danışıram. Bu dünyada ona batan yoxdur, amma o dünyada cəhənnəm əzabında yanacaq. Mən susmayacam. Haqqımı sübut edənə qədər bu yolda mübarizəmi aparacam".

 

Xatırladaq ki, Şəbnəm Cəbrayılova İrəvan Dövlət Dram Teatrından işdən çıxarıldıqdan sonra ağır stress yaşayıb. Bunun nəticəsi olaraq övladı ana bətnində tələb olub.

Müəllif: Ayna.az      6 Avqust 2019 21:49
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin