Lənkəranlılar narahatdır: “Koba”nın qaçdığı zindan çökür - FOTOLAR

Lənkəranlılar narahatdır: “Koba”nın qaçdığı zindan çökür -           FOTOLAR

Üç yüz illik tarixi yaşadan “Dairəvi qala” dağılmaq təhlükəsi ilə üz-üzədir

 

Firdovsi İsmailov ad-soyadlı vətəndaş tərəfindən redaksiyamıza daxil olan müraciətdə deyilir ki, Lənkəranda tavansız qalan “Dairəvi qala” dağılmaq üzrədir. O, uşaqlıq illəri həmin qala yaxınlığında keçmiş biri olaraq abidənin taleyindən nigarandır: “Bu tarixi abidənin 300 ilə yaxın yaşı var. Mənim kimi bir çox lənkəranlının uşaqlıq illəri bu “köhnə türmə”nin ətrafında keçib. 18-ci əsrə aid olan abidə Nadir şahın göstərişi ilə müdafiə məqsədi ilə inşa edilib. Rus imperiyası zamanında bu qala Cənub zonasında zindan kimi istifadə olunub. Rəvayətə görə, dəniz kənarındakı qədim tikili mayakdan buraya yeraltı tunel vasitəsilə gizli yollarla siyasi dustaqlar və “Koba” ləqəbli İosif Stalin də gətirilib. Stalinin bu türmədən qaçış həyata keçirdiyi də deyilir”.

 

“Bir çox lənkəranlı kimi mənim də uşaqlığım bu qala ətrafında keçib. Qalanın arxa tərəfində uşaq bağçasına getmişəm. O yerlərlə bağlı uşaqlıq xatirələrimiz çoxdur. Amma indi tarixin bir parçası olan “Köhnə türmə”, yəni “Dairəvi qala” dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. O torpaqda böyümüş bir oğul kimi, buna göz yuma bilmərəm. Öz adımdan və tarixə dəyər verən bütün lənkəranlılar adından aidiyyəti qurumlara səslənərək, 300 ilə yaxın yaşı olan mədəni irsimizin qorunub saxlanmasını təmin etmələrini xahiş edirəm. İstəmirik ki, qalanın da taleyi xanlıq dövründən qalmış, 200 illik yaşı olan sağlam ağaclar kimi olsun. Həmin ağaclar qırılaraq, yerində lazımsız tikililər tikilib”, - vətəndaş bildirir.

 

Mədəni İrsin Qorunmasi, Bərpası ve İnkişafı üzrə Dövlət Xidmətindən AYNA-ya verilən məlumata görə, sözügedən qalanın bərpa olunması növbəti illərdə nəzərdə tutulur: ““Dairəvi qala”nın bərpa olunması üçün layihə simeta sənədləri hazırlanıb. Növbəti illərdə bərpa olunması nəzərdə tutulur”.

 

Qeyd edək ki, hələ 2017-ci ildən KİV-də yayımlanan xəbərlərdə qalanın damının bir hissəsinin uçduğu, digər hissəsinin isə yararsız hala düşdüyü vurğulanır. Həmçinin, 2017-ci ilin oktyabr ayında Cəlilabadda vətəndaşlarla görüşən keçmiş Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev jurnalistlərə bildirmişdi ki, qalanın uçan dam örtüyünün bərpası üçün lazımi vəsait yoxdur və buna görə də tarixi abidənin dam örtüyünün bərpası gündəmdə deyil.

 

Zəruri qeyd: Fotodan görünür ki, abidə üzərindəki lövhədə “Abidə dövlət tərəfindən qorunur” yazılıb.

Fotoları təqdim edirik
Müəllif: Aləmdə Nəsib      9 Sentyabr 2020 21:08
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin