Əsas səhifə Haqqımızda Xəbər lenti

Artıq vaxtdır: Elmi “qəbirdən” çıxarın!

Artıq vaxtdır: Elmi “qəbirdən” çıxarın!

Fariz Xəlilli: “Arxeologiya və Etnoqrafiya İnstitutu elmi müəssisələr içərisində monopolist qurumdur”

 

Tez-tez tarixi abidələrimizin diqqətdən kənar qalması, yararsız hala düşərək itib-batması ilə bağlı müzakirələr gedir, tənqidlər səsləndirilir. Lakin bütün müzakirə və tənqidlərə baxmayaraq, bu məsələdə ciddi problemlər qalmaqda davam edir və hələ də öz həllini tapmayıb. Bu da hər bir tarix keşikçisini narahat edir.

 

Arxeoloji abidələrin qorunması mövzusu yenidən gündəmə gəlib. Belə ki, yaxın zamanlarda yeni aşkar olunmuş “Lələtəpə arxeoloji abidəsi”nin konservasiyası ətrafında ajiotaj yaranıb. Arxeoloqlar Füzuli Rayon İcra Hakimiyyətini və Mədəniyyət Nazirliyini hədəf göstərərək problemi həll etməyə çalışırlar. Artıq bir qrup ictimai fəal arxeoloji abidənin konservasiyası üçün ianə toplanışına başlayıb.

 

Bu mövzuda AYNA-nın həmsöhbəti tarix üzrə fəlsəfə doktoru, arxeoloji abidələrin idarə edilməsi üzrə ekspert Fariz Xəlillidir. Ekspert hesab edir ki, qanunların verdiyi imkanlar daxilində hərəkət etmək lazımdır: “Arxeoloji abidələrin idarə edilməsi üzrə təcrübəsi olan bir şəxs kimi deyə bilərəm ki, qanunların verdiyi imkanları heçə sayaraq birbaşa özlərinin cavabdeh olduqları problemi belə kortəbii şəkildə həll etmək istəyi peşəkar yanaşma deyil”.

No description available.

- Fariz bəy, bəs, qanun və təlimatlar nə deyir?

 

- "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa görə, arxeoloji abidələr - insanın fəaliyyəti ilə əlaqədar yer altında olan maddi mədəniyyət nümunələri, o cümlədən ibtidai insan düşərgələri və yaşayış məskənləri, qədim qəbiristanlıqlar, müdafiə sistemləri və istehkamlar, ziyarətgahlar, hər cür qədim əşyalar, dini və xatirə abidələri, qaya və daşüstü təsvirlər və yazılar, qədim mədən istismar izləri, əmək alətləri, istehsalat kürələri, qədim yollar, körpü qalıqları, arxlar, ovdan və kəhrizlər, su kəmərləri, kürəbəndlər və sairdir. Ümumiyyətlə, abidələr daşınar (səyyar) və daşınmaz (stasionar) olur. Daşınar abidələr muzeylərdə, arxivlərdə, fondlarda, sərgilərdə və digər münasib yerlərdə, daşınmaz abidələr əksər hallarda arxeoloji və memarlıq abidələri olmaqla, olduğu və inşa edildiyi yerlərdə qorunur. Qanuna görə, “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat abidələrin aşkar olunması, tədqiqi işini, arxeoloji qazıntılar zamanı aşkar olunmuş daşınar maddi-mədəniyyət qalıqlarında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı əsasında mühafizəsini təşkil edir, yeni tikinti zonalarında operativ tədqiqat işləri aparır, abidələrin əhəmiyyət dərəcələri üzrə qeydə alınmasında iştirak edir, zəruri hallarda maddi-mədəniyyət konservasiya və bərpa işləri görür, abidələrin təbliğini təşkil edir, onların qorunması, tədqiqi, bərpa və konservasiyası üçün metodik vəsaitlər hazırlayır, elmi-praktiki məsləhətlər verir, abidələrin tədqiqi üçün beynəlxalq protokollar və sazişlər imzalayır və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir”.

 

Burada icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Nazirlər Kabineti, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və onun Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, eləcə də son zamanlarda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, elmi təşkilat isə Azərbaycan Milli Elmlər Akademiyası və onun müvafiq institutları, arxeoloji sahədə Arxeologiya və Etnoqrafiya İnstitutudur. Qanundan görünür ki, Azərbaycan Respublikası ərazisində arxeoloji qazıntı işləri aparmaq üçün icazə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat (indiki halda Arxeologiya və Etnoqrafiya İnstitutu) tərəfindən verilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (indiki halda Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti) qeydə alınır və iş prosesinə, abidəyə nəzarət olunur. Qazıntı mövsümü başa çatdıqdan sonra aparılmış tədqiqat işləri barədə hesabat və aşkar olunmuş maddi-mədəniyyət qalıqlarının siyahısı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə və Arxeologiya və Etnoqrafiya İnstitutuna təqdim edilir. Qazıntı zamanı aşkar olunmuş arxeoloji materiallar dövlət mülkiyyətinə keçir və xüsusi fondlarda və muzeylərdə saxlanılır. Göründüyü kimi qanunda açıq-aşkar göstərilir ki, arxeoloq abidələrin aşkar olunması, tədqiqi, arxeoloji qazıntılar zamanı aşkar olunmuş daşınar maddi-mədəniyyət qalıqlarının mühafizəsi, yeni tikinti zonalarında operativ tədqiqat işlərinin aparılması, abidələrin əhəmiyyət dərəcələri üzrə qeydə alınması, zəruri hallarda maddi-mədəniyyət abidələrinin konservasiya və bərpa işləri və abidələrin təbliğində məsuldur, bu işlər Arxeologiya və Etnoqrafiya İnstitutunun birbaşa vəzifəsidir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu — Vikipediya

- Arxeologiya və Etnoqrafiya İnstitutu bu vəzifəsini layiqincə yerinə yetirə bilirmi?

 

- Təəssüflə qeyd etmək lazımdır ki, Arxeologiya və Etnoqrafiya İnstitutu aşkar etdiyi abidələrin konservasiyası məsələsinin fərqində deyil, hər hansı təxirəsalınmaz, müvəqqəti və daimi mühafizə üçün heç bir iş görmür. Əksər hallarda arxeoloji qazıntı aparılır, bəzi arxeoloji materiallar götürülür və sahə konservasiya olunmadan ərazi tərk olunur. Halbuki, Arxeologiya və Etnoqrafiya İnstitutunun vəzifəsi qazıntının planlanmasından sonlandırılmasınadək bütün prosesi əhatə edir. Arxeoloji abidənin təxirəsalınmaz konservasiyasını hər cür imkanı olan dövlətimizin ayırdığı vəsaitlərlə ekspedisiyanın hesabına deyil, cəmiyyətdə yanlış fikir formalaşdıraraq ianə toplamaqla həll etmək istəyi qəbuledilməzdir. İnstitutun bəzi ekspedisiya rəhbərləri öz vəzifələrini tam bilmədikləri üçün “Lələtəpə” nümunəsində olduğu kimi problemlər yaranır. Əslində, gələn mövsümdə həmin ekspedisiyaların fəaliyyətinə yenidən baxılmalı, həmin yerə daha peşəkar idarəetmə planı olan arxeoloqlar göndərilməlidir.

 

- Sizcə, bu sahədə mövcud pərakəndəliyin səbəbi nədədir?

 

- Çoxdandır, Arxeologiya və Etnoqrafiya İnstitutunun fəaliyyətini tənqid edən bir şəxs kimi deyə bilərəm ki, İnstitut layihə əsaslı işlər görmür, ancaq plan əsaslı işlər görür. Ekspedisiyaların sayının çox olması işin keyfiyyətini göstərmir. Əksinə qüvvələri parçalayır, abidələrimiz yaralanır, konservasiya olunmur və zamanla dağılır. Azərbaycanda həm əvvəllər, həm də son zamanlar ən uğurlu arxeoloji nailiyyətlər layihə əsaslı arxeoloji tədqiqatlardadır. Orta əsr Beyləqan, Gəncə, Şəmkir, Qəbələ, Ağsu şəhərləri, qədim Azıx, Birinci Kültəpə, İkinci Kültəpə, Mingəçevir, Göytəpə, Qalatəpə və digər abidələri nümunə göstərmək mümkündür. Arxeologiya və Etnoqrafiya İnstitutu daimi ekspedisiyalar məsələsində plan əsaslı işləri artıq layihə əsaslı işlərlə əvəz etməlidir.

 

- Bir az da işin maliyyə tərəfindən söz açmağınızı istərdim, bu baxımdan hansı problemlərin olduğunu düşünürsünüz?

 

- Arxeologiya və Etnoqrafiya İnstitutuna ayrılan maliyyə məsələsində də qaranlıq tərəflər var. “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına görə, sahədə bir ay işləyəcək elmi ekspedisiyanın üzvləri 15 nəfərdən çox ola bilməz, kənardan cəlb edilən heyətin sayı isə 3 nəfərdən çox ola bilməz. Amma qazıntı sahəsinə gedəndə elmi heyətin yerinə fəhlələrin işlədiyi müşahidə olunur. Əksər elmi işçilər qazıntılara gəlmir və ya bir neçə günlük gəlir, şəkil çəkdirib geri dönürlər. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən dəfələrlə belə irad və xəbərdarlıqların edildiyini şəxsən müşahidə eləmişəm. Təəssüf ki, Arxeologiya və Etnoqrafiya İnstitutu təlimatın onlara verdiyi imkanlardan düzgün istifadə etmir, özləri də fərqində olmadan və ya bəzi hallarda bilərəkdən saxtakarlığa yol verirlər.

 

Arxeologiya və Etnoqrafiya İnstitutu elmi müəssisələr içərisində monopolist qurumdur. Akademiyadan kənar digər elmi və təhsil müəssisələrinin əməkdaşlarını elmi ekspedisiyalara cəlb eləmir. Şəxsən mən dəfələrlə müraciət eləsəm də, rədd cavabı almışam. Hamını Arxeologiya və Etnoqrafiya İnstitutunda işə almaq da mümkün və doğru deyil. Bu, elmi mühitin inkişafına mane olur və rəqabətliliyi azaldır. Arxeologiya və Etnoqrafiya İnstitutu vəkalətnaməni verən tərəf olmalı, digər elmi qurumlara da arxeoloji tədqiqatlar aparmağa şərait yaratmalıdır. Onda Arxeologiya və Etnoqrafiya İnstitutu və universitetlər arasındakı işin keyfiyyəti üzə çıxar. Müqayisə üçün Arxeologiya və Etnoqrafiya İnstitutu və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun layihə əsaslı işlərinə diqqət yetirə bilərsiniz. Arxeoloq vəkalətnaməni aldıqdan sonra Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində də təsdiq etdirir. Lakin əksər arxeoloqlar təlimata əməl etmir, qazıntıdan sonrakı 10 gün ərzində hesabatlarını Xidmətə təhvil vermirlər. Hətta hesabatlar uzanır və gələn vəkalətnamə təsdiqinə qədər davam edir. Bunun iki əsas səbəbi var: Birincisi qanunu heçə saymaq – “mən arxeoloqam, aliməm, bürokratlara nə hesabat verəcəyəm?!”. İkincisi və ən dəhşətlisi odur ki, bəzi arxeoloqlar təlimata uyğun hesabat tərtib edə bilmirlər.

No description available.

- Çıxış yolu nədədir?

 

- Düşünürəm ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu sahədə nəzarəti gücləndirməli, abidələrimizi yaman günə qoyan arxeoloqları qazıntı sahəsindən uzaqlaşdırmalıdır. Bütün dünyada qazıntı sahəsindən üzə çıxmış bütün arxeoloji materiallar əhəmiyyət dərəcəsindən asılı olmayaraq götürülür, fondlara təhvil verilir. Təəssüflə qeyd etməliyəm ki, bu sahədə də Arxeologiya və Etnoqrafiya İnstitutunun işi yarıtmazdır. Arxeoloji materialların heç bir uçotu yoxdur, məlumat bazası yoxdur, ölkə ərazisində arxeoloji materiallar pərakəndə şəkildə səpələnib. Bu problemin həlli üçün mənim hələ 2006-cı ildə yazdığım namizədlik dissertasiyamın əsasında irəli sürdüyüm Milli Arxeologiya Fondu layihəsinə qarşı çıxan əsas qurum elə Arxeologiya və Etnoqrafiya İnstitutu olmuşdur. İyirmi birinci əsrdəyik, bütün arxeoloji materiallar vahid bazada elektron şəkildə pasportlaşdırılmalıdır.

 

Arxeologiya və Etnoqrafiya İnstitutunun bərpa və konservasiya elmi laboratoriyası da köhnədir və Sovet dövründən bəri yenilənməyib. Mən bir neçə dəfə eyni materialı orada analiz etdirmişəm və hər dəfə müxtəlif nəticələr çıxıb. Odur ki, xarici laboratoriyalara üz tuturuq. Bu, bizə üç cür kömək edir: birincisi, yeni cihazlar və peşəkar kadrlarla daha doğru nəticələr alırıq, ikincisi, bizim üçün heç bir ödəniş olmadan analiz edirlər, üçüncüsü, analizlərin nəticələrini elmi şəkildə tədqiq edib impakt faktorlu jurnallarda nəşr edirlər. Göründüyü kimi, Arxeologiya və Etnoqrafiya İnstitutunun problemləri aşıb-daşır. Bu problemlərin həlli üçün düzgün idarəetmə planı olmalı, konsepsiya doğru hazırlanmalı, şəffaflıq təmin olunmalıdır. Bunların heç biri olmadığı üçün sıravi arxeoloqlar günahı birbaşa cavabdeh olan öz qurumlarında deyil, başqa yerlərdə axtarırlar. Düşünürəm ki, artıq vaxtdır, ölkədə əksər problemlər kökündən həll olunduğu kimi arxeologiyanın, elmin problemi də kökündən həll olunmalıdır.

Müəllif: Aləmdə Nəsib      7 Sentyabr 2020 15:30
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin