ABŞ dərin dövləti, Rusiya mifi və bağlı qapılar arxasındakı oyun

ABŞ dərin dövləti, Rusiya mifi və bağlı qapılar arxasındakı oyun

Moskva seçkiqabağı müəyyən qüvvələr üçün əlverişli qorxu mənbəyidir?

 

ABŞ-dan gələn son xəbərlər Amerikanın seçki məqsədləri üçün Rusiya faktorunu işlətməyə başladığı təəssüratı yaradır. Prezident Tramp Rusiyanın onun ikinci müddətə yenidən seçilməsini istəmədiyini söylədi. Ağ Ev rəhbəri Rusiyanın ona qarşı sərt addımlar atdığını və Moskvanın onu Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi son şəxs olaraq gördüyünü israr edir.

 

Lakin Milli Əkskəşfiyyat və Təhlükəsizlik Mərkəzinin direktoru Uilyam Evanina əksini iddia edir: Rusiya Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Co Baydenə qarşı qarayaxma kampaniyası aparmaqla, Trampı dəstəkləməyə çalışır.

 

Bəlkə, bunlar siyasi bir oyundur və Rusiyadan rahat kart olaraq istifadə olunur. Ancaq əvvəllər Kremlin ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı xəbərləri nəzərə alaraq, bu dəfə də onlarsız ötüşməyəcəyini proqnozlaşdırmaq olar. Üstəlik, Pompeo seçki vaxtı zərərli agentləri aşkar edən hər kəs üçün 10 milyon dollar mükafat təyin etdi və Rusiyanı da xatırlatdı. AYNA ekspertlərə müraciət edib.

 

Deputat, politoloq Rasim Musabəyov:

Rasim Musabəyov: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində ...

“Məncə, ABŞ-dakı seçki proseslərinə təsir baxımından Rusiyanın rolu çox şişirdilib. Miller Komissiyası bu cür müdaxilə cəhdlərinin, əsasən haker qrupları tərəfindən edildiyini, lakin bu müdaxilənin son nəticəyə hər hansı bir təsiri olmadığını müəyyən etdi.

 

Trampın Kremlin adamı olması məsələsinə gəldikdə, deyirlər ki, Rusiya kəşfiyyatında onun haqqında hansısa kompromatlar var və buna görə də Moskva onunla asanlıqla manipulyasiya edir-filan. Hesab edirəm ki, bunlar cəfəngiyyatdır. Birincisi, bu cür versiyaları təsdiqləyən heç bir dəlil yoxdur və ikincisi, Trampın prezidentliyi dövründə ABŞ və Ağ Ev administrasiyanın Kremllə yumşaq davranmasını təsdiqləyən bir fakt belə, ortada yoxdur.

 

Düşünürəm ki, Moskvaya qarşı daha böyük yumşaqlıq Obamanın dövründə göstərildi - Krım ələ keçirildi və ardınca bu proses Donbassda davam etdi və sonda Moskva Suriyada aktivliyə başladı. Amma Trampın dövründə Rusiya müxtəlif ölkələrdə istədiyi kimi “at oynada” blmir.

 

Bundan əlavə, məhz Trampın dövründə Amerika Rusiya ilə strateji silahlarla bağlı bütün razılaşmalardan çıxdı. Tramp sərt sanksiyalara davam etdi və Obama dövründə uğurla təbliğ olunan “Şimal axını 2”nin tikintisini dayandırdı. Buna görə Demokratlar Partiyasının, Baydenin tərəfdarlarının Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi barədə yaydığı versiyalar kifayət qədər ciddi əsasa sahib deyil.

 

Həm də Kremlin hər yerdə seçkiləri manipulyasiya edə biləcək bir qüvvə rolunu oynaya bilməsi, fikrimcə, təsdiqlənmir. Rusiya hakimiyyəti, hətta, Ermənistanda öz namizədini qoruya bilmədi və nəticədə Paşinyan, demək olar ki, küçədən hakimiyyətə gəldi, indi Moskvanın tərəfdarlarını bütün dövlət strukturlarından təpiklə qovmağa davam edir. Yəni, hökumətdə oturmuş və bu gün son rus tərəfdarlarını nazirliklərdən və təhlükəsizlik orqanlarından qovmaqda davam edən Paşinyan qarşısında Putin öz adamlarını qoruya bilmir.

 

Rusiya, hətta, kiçik Monteneqroya təsir etmək iqtidarında olmadı – bu ölkənin NATO-ya daxil olmasının qarşısını almaq üçün orada az və ya çox dərəcədə Rusiyaya yaxın bir hökumətin qurulmasına nail ola bilmədi.

 

Əlində bu qədər saxtakarlıq və manipulyasiya resursları olan Kreml indi öz ərazisində, regionlarda belə, seçki proseslərinə nəzarəti itirir. Odur ki, Moskvanın ABŞ-dakı prosesləri idarə etməsi və ya ona ciddi müdaxilə edə bilmək imkanlarının olması, mənə reallıqdan tamamilə uzaq görünür. Təbii ki, xaricdəki proseslərə təsir etmək üçün Kremlin cəhdləri olacaq, ancaq bu təsirin nəzərəçarpacaq dərəcədə olacağını gözləmirəm”.

 

Almaniyalı politoloq, “Welt Trends” Beynəlxalq Siyasət İnstitutunun direktoru, professor Aleksandr Rar:

Президент Ильхам Алиев прав. Немецкий политолог Александр Рар ...

“Rusiyanın Amerika və digər demokratik ölkələrdə seçkilər zamanı səsəvermə prosesinə müdaxiləsi barədə deyilənlər bir mifdir. Bəli, görünür, rusiyalı hakerlər 2016-cı ildə Hillari Klintonun kompüterini sındıraraq, orada kompromat xarakterli məlumatlar tapıblar və bu ittihamları yayılması üçün “WikiLeaks” saytına ötürüblər. Bəli, rusiyapərəst qruplar sosial şəbəkələrdə seçkiqabağı debatlarda iştirak ediblər. Bəli, rus qrupları “Facebook” və “Twitter”də Rusiyanın lehinə fikirlər yaymağa çalışıblar. Bəli, 2016-cı ildə Rusiya ilə işgüzar əlaqələri səbəbindən Tramp Klintondan daha çox rusiyayönümlü bir namizəd kimi görünürdü.

 

Amma! Rusiyanın seçkilərin manipulyasiyası və ya saxtalaşdırılması, amerikalıların ictimai rəyinə tam təzyiqi barədə danışmaq olmaz, bu, gülüncdür. Avropa İttifaqı ölkələrinin liderləri Trampa qarşı olduqlarını bu günə qədər imkan düşən bütün tribunlarda söyləyirlər. Məncə, bu, rus hakerlərinin edə biləcəyindən daha çox müdaxilə hesb edilə bilər.

 

Eyni zamanda, son illərdə Qərb siyasətçilərini izləyən, Merkelin mobil telefonunu dinləyən kim idi? Amerika xüsusi xidmət orqanları! Amerika isteblişmenti çox böyük ağılla ictimai fikri öz günahlarından Rusiyaya yönəltdi. Ukrayna böhranından sonra Qərb Rusiyanın beynəlxalq imicini daim ləkələyərək, onu cəzalandırmaq qərarına gəldi. Bundan əlavə, Amerikanın elitasında “soyuq müharibə”dən bəri Rusiyaya qarşı böyük düşmənçilik hissi hələ də qalmaqdadır. Amerikanın dərin dövləti bütün bu amillərdən Rusiyanı əbədi bir qorxu obyektinə çevirmək üçün istifadə etməkdə davam edir. Eyni zamanda, elə bu faktordan istifadə edərək, onlar idarəolunmaz Trampı aradan götürməyə, "fərqli" bir prezidentin namizədliyi ilə yenidən hakimiyyətə qayıtmağa çalışırlar.

 

Proseslərə geniş baxanda, hər şey aydındır. Qərb həm iqtisadi, həm də mənəvi cəhətdən zəifləyir. Gücünü və səlahiyyətini, yalnız hələlik manipulyasiya yolu ilə qorumaq mümkün olur. Və bu, təəssüf doğurur”.

Müəllif: Rauf Orucov      12 Avqust 2020 13:08
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin