“Manat uzun müddət duruş gətirə bilməyəcək”

“Manat uzun müddət duruş gətirə bilməyəcək”

Samir Əliyev: “İqtisadi institutların olmaması gələcək üçün ciddi təhlükə vəd edir”

 

Xəbər verdiyimiz kimi, iqtisadçı-ekspert Natiq Cəfərli bu gün sosial şəbəkədə maraqlı şərh paylaşıb. O bildirib ki, bu gün Bakı vaxtı ilə saat 22:00-23:00 arası ABŞ-da FED (Federal Ehtiyat Sistemi – red.) faiz qərarını açıqlayacaq: “Çox güman, uçot dərəcəsi 0,25% aşağı çəkiləcək, bu da dünyada ticarət müharibələri ilə yanaşı, valyuta müharibələrini də qızışdıracaq”.

“FED-dən sonra dünyanın aparıcı ölkələri də uçot dərəcəsini aşağı çəkəcəklər ki, dollar qarşısında valyutaları bahalaşmasın. Çünki normal iqtisadiyyatı, real ixracı olan ölkələr öz valyutalarının möhkəm və baha olmasını istəmir. Ancaq Azərbaycan kimi dövlət və məmur kapitalizminin ən eybəcər forması olan, iqtisadiyyatda ancaq dövlətin hegemon olduğu ölkələrdə milli valyutanın möhkəm olması ilə 10 il fəxr edib, sonra 2 dəfədən çox devalvasiyaya getməyə məcbur olurlar”, - ekspert yazıb.

 

Cəfərli hesab edir ki, FED-in qərarı bu dəfə də Azərbaycana birbaşa heç bir təsir etməyəcək: “Çünki bizdə iqtisadi institutlar yoxdur deyə məzənnə inzibatidir”.

 

İqtisadçı-ekspert Samir Əliyev də FED-in gözlənilən qərarını AYNA-ya şərh edib: “Dünyanın bir çox ölkələrində milli valyutanı bazar tənzimləyir. Buna “üzən məzənnə” də deyirlər. Bəzi ölkələrdə isə “üzən məzənnə” mövcud olmur, proses inzibati qaydada tənzimlənir. Azərbaycanda 2015-ci il dekabrın 21-də ikinci devalvasiya olanda dedilər ki, manat “üzən məzənnə”yə keçir. Əslində isə, bizdə “üzən məzənnə” yoxdur, manat inzibati qaydada tənzimlənir. Buna görə də dünyada və ölkədə nə baş verməsindən asılı olmayaraq, manatın məzənnəsində dəyişiklik olmur”.

“Azərbaycanda iqtisadiyyat inkişaf etməyib, faktiki neftdən asılıyıq, ona görə “üzən məzənnə” mövcud deyil. Bir  mənbədən asılı olan bazarlarda məzənnələri bazar tənzimləyə bilməz. Onun ciddi fəsadları ola bilər. Məhz belə ölkələrdə məzənnəni dövlət özü tənzimləyir. Manatı dövlət tənzimlədiyi üçün FED-in istənilən qərarı manatın məzənnəsinə təsir etməyəcək”, - deyə S.Əliyev bildirib.

 

Ekspertin sözlərinə görə, Avropada, ABŞ-da da böhranlar olur və qısa müddətdə dövlət müdaxiləsi ilə böhrandan çıxırlar: “Belə də olmalıdır. Dövlət məzənnəyə yalnız böhran halında müdaxilə etməlidir. Bizdə isə hər şey dövlətin əlində olduğu üçün məzənnəyə də özü nəzarət edir”.

 

O, qeyd edib ki, iqtisadi institutların olmaması gələcək üçün ciddi təhlükə vəd edir: “Azərbaycan nə qədər ki, qeyri-neft sektoru inkişaf etməyib, manatın perspektivi yoxdur. Bu gün neftin bareli 60 dollara satıldığı üçün manatın məzənnəsini qorumaq olur. Gələn il neftin qiyməti düşəndə artıq bu, çətin ola bilər. Bu cür vəziyyətdə manat uzun müddət duruş gətirə bilməyəcək. Onu deyə bilərəm ki, bu ilin sonunadək manatın məzənnəsi dəyişməyəcək. Dövlət bunu tənzimləyəcək. Gələn ilə isə... Allah kərimdir”.

Müəllif: Təranə Xudabaxşiyeva      31 İyul 2019 20:15
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin