Meydanı boş burax, sonra da “düşmən dəyirmanına su tökənləri” qına...

Meydanı boş burax, sonra da “düşmən dəyirmanına su tökənləri” qına...

Qulu Məhərrəmli: “Bizim televiziyalar birbaşa cəmiyyətə xidmət eləmir”

 

İyulun 14-də Bakıda Azərbaycan ordusuna dəstək məqsədi ilə xalq bir yerə toplaşdı. Şəhidlər Xiyabanı istiqamətində hərəkət edənlər Milli Məclisin önünə doğru “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ bizimdir, bizim olacaq!” şüarları ilə hərəkət edirdi. Bu əsnada orada olanların paylaşdığı video, fotolar, sosial şəbəkədə açılan canlı yayımlar uzaqda olanları özünə kilidlədi. Bakının mərkəzində yaşanan hadisədən xəbər tutmaq istəyən hər kəs sosial media hesabından canlı yayımlara qoşulur, hadisə yerindən informasiya verən şəxsləri izləyirdi.

 

Lakin bu məqamda yaşanan mənzərə elə də ürəkaçan olmurdu. Qeyri-peşəkar görüntülər, cəmiyyətdə birmənalı qarşılanmayan insanların çatdırdığı informasiyalar elə özləri kimi də müxtəlif cür yozulurdu. Bir neçə populyar “Facebook” səhifəsinin izləyicisi 10 mindən artıq idi. Bu sayın içində isə təkcə özümüz yox, elə ermənilər də var idi. Yayılan görüntüləri anında paylaşır, öz məqsədləri üçün istədikləri kimi yozaraq yaymağa başlayırdılar.

 

Bu ərəfədə televiziya kanallarımızdan isə heç bir səs-səmir çıxmadı. Hadisə yerindən canlı yayım edəcəyi gözlənilən bir-iki kanal da ümidləri puç elədi. Təbii ki, 14 iyuldan 15 iyula keçən gecə baş verənlər tariximizin bir səhifəsinə çevrildi. Lakin bu tarixi xalqa canlı göstərən, onu operativ, dəqiq məlumatlandırmalı olan televiziya kanallarımızın susqunluq nümayiş etdirməsi də birmənalı qarşılanmadı. Tənqidlərə tuş gəldilər, operativlikdə geri qalaraq meydanı “erməni dəyirmanına su tökənlərə” təhvil verdikləri üçün qınandılar.

Qulu Məhərrəmli: İnformasiya kanalları daha çox depressiya yaradır

Baş verənləri AYNA-ya şərh edən Əməkdar jurnalist, professor Qulu Məhərrəmlinin sözlərinə görə, xəbərçilik işində qayda budur ki, qısa da olsa, xalqı məlumatlandırasan: “Xüsusən cəmiyyətin umduğu, gözlədiyi televiziya kanalları qısa da olsa, xüsusi buraxılışlar verməli idi. İyulun 14-də ölkədə baş vermiş hadisədə xalq mütəşəkkil şəkildə ayağa qalxıb orduya dəstək verdiyini, dövlətin yanında olduğunu ifadə edən şüarlar səsləndirir və bütün dünyaya mütəşəkkillik nümayiş etdirirdi. Emosional başlasa da, mahiyyət etibarı ilə xalq tarixin bu cür çətin sınağında öz ordusuna dəstək verdiyini bəyan edirdi. Bu, izləyən hər kəsdə ruh yüksəkliyi yaradırdı, çünki xalq öz iradəsi ilə dövlətin yanında olduğunu ifadə edir, yüksək mütəşəkkillik və vətənpərvərlik göstərirdi. Amma təəssüf ki, televiziyalarımız bu hadisəni canlı yayımlamadı. Heç olmasa, qısa məlumatlar verməli idilər. Mənə elə gəlir bu, televiziya kanallarımız üçün ciddi qüsurdur”.

 

Tanınmış telejurnalist televiziyalarımızın bu cür reaksiyasının birinci dəfə olmadığını deyir: “Bu, bir daha onu göstərir ki, bizim televiziyalar birbaşa cəmiyyətə xidmət eləmir. Xüsusən, təxribat hadisəsinə qədər olan proseslər olduqca rəvan, insanı qürurlandıracaq şəkildə keçirdi. Təxribat hadisəsi arzuolunmaz idi, lakin bu cür böyük toplanışlarda belə hadisələrin olma ehtimalı hər zaman olur. Olmasa, daha yaxşı idi. Amma bunun olmağı belə, çətin durumda öz dövlətinin, ordusunun yanında durduğunu ifadə edənlərin niyyətinə kölgə salmamalıdır. Televiziyalar da bunu verməli idi. Şüarlardan da görünürdü ki, heç bir siyasi çağırış yoxdur. Rəvan şəkildə baş tutan bir toplanışdır, heç bir qüvvə tərəfindən təşkil olunmayıb, sırf xalqın öz iradəsi ilə baş tutub. Xalq öz iradəsi ilə milli həmrəylik, xalqla dövlətin birlikdə olmasını, orduya dəstəyini ifadə edir”.

 

“Necə ki təxribat hadisəsi baş verir və onu pisləyirik, eləcə də olmuş hadisəni də göstərməli, təhlil və şərhlərini də verməliyik. Onsuz da sosial şəbəkədən camaat görür. Lakin nəzərə almalıyıq ki, hamı eyni amal, xoş niyyətlə işıqlandırmır. Biz bilmirik axı, kim hansı məzhəbə qulluq edir. Lakin Azərbaycan Televiziyası yayımlasa, əmin oluruq ki, rəsmidir, İctimai Televiziya yayımlayırsa, deyirik, cəmiyyətin kanalıdır, Real Televiziyası yayımladıqda bilirik ki, xəbər kanalıdır. Mən hesab edirəm ki, televiziya kanllarımız vaxtında informasiya versəydi, bununla ancaq udmuş olardılar”, - Məhərrəmli bildirir.

 

“İnformasiya müharibəsində uğurlu olmağımız üçün nə etməliyik?” sualı ilə müraciət etdiyimiz PR və kommunikasiya mütəxəssisi Azər Nəzərovun AYNA-ya dediyinə görə, artıq informasiya yayımı və təmini əvvəllər olduğu kimi deyil: “Biz auditoriyanı lazımlı informasiya ilə zamanında təmin etməsək, o, başqa alternativlər tapacaq. Alternativ informasiya mənbələri əvvəlki kimi məhdud və az olmamaqla yanaşı, indi müasir texnologiyalar insanlara özlərinin alternativ informasiya mənbələri olmaq imkanını yaradır. Adamlar özlərinə əziyyət vermədən öz telefonları ilə media rolunu oynaya bilirlər. Həmin informasiyanı da o şəxslər qəbul edir ki, onlar informasiyaya acdırlar. Buna görə də, media qurumları yalnızca məsələlərə bir tərəfdən baxmamalıdır. Bütün hədəf auditoriyanın tələbinə uyğun informasiya istehsal edib, təmin etməkdir. Təmin etməlidir ki, auditoriya məhz o informasiya üçün başqa mənbələr axtarıb, hansısa maraqların qurbanına çevrilməsin”.

azər nəzərov – 724 News

Müsahibimiz qeyd edir ki, ən vacibi mövcud hədəf auditoriyası ilə yanaşı, potensial hədəf auditoriyalarına da xitab edə biləcək mesajların və kontentlərin hazırlanmasıdır: “Son günlərin gündəmi tərəfindən məsələyə baxsaq, tam aydın olur ki, informasiya siyasəti yalnız mövcud yerli audiotoriyanı əhatə etməməli və eyni zamanda düşmən ölkə və digər potensial hədəflərə də ünvanlanmalıdır. Bu, o demək deyil ki, mütləq digər dillərdə materiallar hazırlamalıyıq. Bəli, o da lazımdır, amma bu hissədə deyil. Əcnəbi onun dilində yayımlanan media materiallarının hansı məqsədə xidmət etdiyini bildiyindən lokal informasiya mərkəzlərini izləyir. Ona görə də yerli auditoriyaya uyğun qurulmuş mesajlar həm də sözügedən digər hədəflərə ünvanlanan məqsədlərə uyğunlaşmalıdır. Yəni, informasiya siyasəti elə qurumalıdır ki, yayılan informasiyadan hər kəs öz payını götürsün. Bunun üçün isə əvvəlcə yerli auditoriyanın informasiya istehlakını təhlil etmək lazımdır”.

 

“İnformasiya istehlakı insanların dünya görüşü, məqsədləri, dinləri, mühitləri, təhsilləri, siyasi yönləri və s. nüanslara görə dəyişir. Bu nüanslara görə də onların informasiya ehtiyacları yaranır və bunun təmini üçün çalışırlar. Bu növ yerli istehlak edə biləcəkləri informasiya varsa, edirlər. Əks halda alternativlərini axtarırlar. Belə nümunələr yaxın tariximizdə kifayət qədər çoxdur. Məsələn, alternativ informasiya üçün evdə gizlin “Azadlıq” radiosu dinləyənlər, xaricdən gələndə kitablar, qəzetlər, hətta alternativ musiqilər gətirib gizlin-gizlin dinləyən nəslin nümayəndələri sağdır. Yəni, yuxarıda sadaladığımız səbəblərdən insanlar bu informasiyalara ehtiyac duyurlar və onu axtarırlar. Bu sadə tələb və təklif məntiqi də sözügedən resursların yaranmasına və ya siyasətlərini həmin ehtiyacların təmininə yönləndirməsinə gətirib çıxarır. Əgər bu resurs səndə yoxdursa, bir başqası onu mütləq yaradacaq, başının üstündən onu edəcək”, - Nəzərov vurğulayır.

Müəllif: Aləmdə Nəsib      17 İyul 2020 13:16
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin