Ermənistanın müttəfiqləri Azərbaycana savaş açacaqmı – Əminlik var ki...

Ermənistanın müttəfiqləri Azərbaycana savaş açacaqmı –     Əminlik var ki...

KTMT-yə üzv ölkələrin ekspertləri prosesə təşkilatın nimzamnaməsinə istinad etməklə qiymət verirlər

 

Ermənistanla Azərbaycan arasında Tovuz istiqamətində gedən döyüşlər bütün bölgəni təlatümə gətirib. Bu gün əminliklə deyə bilərik ki, bu həll edilməyən münaqişə inkişaf edərək genişmiqyaslı müharibəyə çevrilə bilər. Bu fonda erməni tərəfi üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təcili iclasının çağrılmasına təşəbbüs göstərdi, lakin sonda məlum oldu ki, iclas qeyri-müəyyən müddətə təxirə salınıb.

 

Bəzi ekspertlər qeyd edirlər ki, KTMT-nin təcili toplantısını çağırmaqla Ermənistan presedent yaratmaq, hərbi bloku Qarabağ münaqişəsinə birbaşa cəlb etmək istəyir. Rusiya ilə hər şey aydındır - Ermənistanın blokdakı yeganə strateji tərəfdaşıdır. Lakin ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olmaqla, belə bir addımın Moskvanın bölgədəki təsirinə ciddi zərər verəcəyini anlayan Rusiya münaqişəyə açıq müdaxilə etməyəcək. “Gürcüstan dərsi”ni Kremldə də yaxşı xatırlayırlar.

 

Bəs KTMT-nin digər üzv dövlətləri hansı addımı atacaq? Rəsmi Bakının üzərinə qılıncla gedəcəklərmi?

 

Mövzunun AYNA-ya şərh edən belaruslu ekspert Kirill Koktışın sözlərinə görə, KTMT-nin mandatı blokun qoşunlarının postsovet məkanında hər hansı bir hərbi əməliyyatda iştirakını nəzərdə tutmur: “Burada yalnız toqquşma zonasını müəyyənləşdirəcək və savaşan qüvvələri ayırmaq kimi bir missiya haqqında danışmaq olar. Ancaq yenə də, Azərbaycan və Ermənistan tərəflərinin razılığı olmadan KTMT-nin bu münaqişəyə cəlb edilməsi mümkün deyil. Mövcud vəziyyətdə münaqişə tərəflərinin hər ikisi həm Rusiya, həm də Belarus üçün doğma olduğundan, bizim üçün olduqca kədərli bir situasiya yaranır”.

 

Ekspertin sözlərinə görə, KTMT-də olan ölkələrin fikirləri hansısa məsələdə ayrıla bilər, amma bu blokda qərarlar konsensus yolu ilə qəbul edilir: “Bu, o deməkdir ki, tərəflərdən birinin lobbiçilik etdiyi qərar yox, hansısa kollektiv qərar qəbul edilə bilər. Odur ki, heç bir halda KTMT ölkələrinin müharibə edən tərəflərdən birinin tərəfində iştirak etməsi mükünsüzdür və buna ümid etmək də ağılsızlıqdır”.

 

Koktış əlavə edib ki, KTMT, hətta xüsusi iclas baş tutsaydı belə,  sonda Azərbaycan və Ermənistan liderlərini təmkinli və müdrik olmağa çağıracaqdı: “Belə bir vəziyyətdə emosiyalar baş qaldırır və istənilən məlumatı qəbul etmək həmişə çətindir. Destabilizasiyanın təşəbbüskarının kim olduğu sualını, məncə, sonraya saxlamaq daha yaxşıdır. Hərçənd, yəqin ki, kimin ilk olaraq gərginləşməyə təşəbbüs göstərməsi və hansı səbəblərdən baş verdiyi artıq aydındır. Çünki bir tərəf böhran içində, digəri isə yox. Döyüş vəziyyəti isə hər şeyi müharibənin üzərinə atmağa imkan verir”.

 

Qazaxıstanlı politoloq Dosum Saptayev də AYNA-ya deyib ki, Qazaxıstan Azərbaycanla münasibətlərə təhlükə yarada biləcək heç bir addım atmayacaq: “Azərbaycan Qazaxıstanın Türkdilli Dövlətlər Şurası çərçivəsində, Xəzəryanı bölgədəki strateji tərəfdaşlarından biridir. Unutmamalıyıq ki, Ermənistan-Azərbaycan münaqişəsi 90-cı illərdə Qazaxıstanın da Azərbaycanın ərazi bütövlüyü baxımından həllinə çağırdığı dondurulmuş münaqişədir”.

 

Saptayev bildirib ki, Ermənistanın bəzi nümayəndələri KTMT platformasından ərazi problemləri ilə bağlı oyunlarda istifadə etməyə çalışıblar: “2016-cı ildə erməni ekspertlərindən biri Azərbaycanı  dəstəklədikləri üçün Qazaxıstan və Belarusun həm KTMT, həm də Avrasiya İqtisadi Birliyindən çıxarılmasını təklif etmişdi. Sonra həmin ekspert Minsk və Nur-Sultanı İrəvanla deyil, Bakı ilə yaxın münasibətləri davam etdirməkdə ittiham etdi. İndi Ermənistan da KTMT-dən Azərbaycanla münaqişədə Ermənistanın maraqlarını qorumaq üçün istifadə etməyə çalışır. Bu, KTMT nizamnaməsinə ziddir. Əlbəttə, nizamnamədə deyilir ki, KTMT üzvlərindən birinə təcavüz edildiyi təqdirdə, digər üzvlər dəstək verməlidir, amma Ermənistan-Azərbaycan münaqişəsi bir qədər fərqlidir”.

 

Onun sözlərinə görə, Qarabağ məsələsi KTMT-nin fəaliyyət dairəsindən kənarda qalır və burada KTMT-nin heç bir üzvü İrəvanın müdafiəsinə dəstək verə bilməz: “Gəlin, məntiqlə danışaq. Tacikistan ilə Qırğızıstan arasında da sərhəd boyu ərazi münaqişələri var və son zamanlar ölkələr arasında qarşıdurmalar baş verib. Bu ölkələrin hər ikisi KTMT üzvüdür. Özbəkistan ilə Qırğızıstan və Tacikistan arasında da gərginlik yaşanmışdı və Özbəkistan da KTMT üzvü deyil. Lakin bu zaman heç kim digər KTMT ölkələrini Özbəkistana təzyiq göstərməyə çağırmadı. Odur ki, baş verənlər geosiyasi bir oyundur və bu zaman KTMT-dən istifadə etməyə çalışdıqda, olduqca təhlükəli bir oyuna çevrilir”.

 

Analitik xatırladıb ki, Rusiya ilə Türkiyə arasında münaqişə baş verdikdə, KTMT-dəki Ermənistan nümayəndəsi Təşkilatı Rusiyanın müdafiəsinə çağırmışdı: “Sonra Belarus, Qazaxıstan və Qırğızıstan etiraz etdi və bəyan etdilər ki, heç kim Ermənistana KTMT üzvləri adından, xüsusən belə beynəlxalq problemlər barədə danışmaq səlahiyyəti verməyib”.

 

Rusiyalı politoloq Qriqori Trofimçuk AYNA-ya açıqlamasında Ermənistanın planından danışıb: “İndi döyüşlər birbaşa Qarabağ zonasında getmədiyindən, Ermənistan KTMT-ni münaqişəyə cəlb etmək məqsədi güdür. Deməliyəm ki, bir çox erməni müşahidəçilər bunu gizlətmir, KTMT-nin birbaşa müdaxiləsini gözləyir Düşünmürəm ki, belə yanşama KTMT rəhbərliyi tərəfindən bəyənilir”.

 

“Azərbaycan KTMT üçün düşmən deyil, ona görə də bu bloku Ermənistan-Azərbaycan müharibəsinə cəlb etmək planı (əgər varsa) nəticə vermir. Hesab edirəm ki, KTMT-ni müharibəyə cəlb etmək Qərb üçün faydalı olardı. Bu məsələdə kimin -  Ermənistan və ya Azərbaycanın daha çox canfəşanlıq etdiyinə gəldikdə isə, düşünürəm ki, insanlar özləri bir nəticə çıxaracaqlar, çünki bunun üçün çox da dərin ağıl tələb olunmur. Hələ 2018-ci ilin yazında deyirdim ki, qərbpərəst liberal olan Nikol Paşinyan təkcə erməni əhalisinin özü üçün deyil, hər kəs üçün böyük bir problem olacaq. Bütün Cənubi Qafqazın təhlükəsizliyi üçün problemidir”, - Trofimçuk bidirib.

 

“Qərb ölkələrinə məxsus neft kəmərləri keçən bir bölgədə vəziyyətin gərginləşməsində Qərb düşərgəsi niyə maraqlı olmalıdır ki?” sualına şərhçi belə cavab verib: “Qərb, ABŞ özlərinə məxsus olan heç nəyi taleyin ümidinə buraxmır. Sadəcə, onların müəyyən bir bölgədə mövcudluğu metodları dəyişərək daha texnoloji hala gəlir. Məsələn, Suriyada Amerika sadəcə bir xammal quyusu üzərinə oturdu. Qərbin heç bir yerə müdaxilə etməməsi üçün bu siyasi konsepsiyanın özü, prinsipcə yoxa çıxmalıdır, amma bu gün bu, mümkün deyil. Hətta, Trampın bir sıra qlobal təşkilatlardan çıxmasını elan etməsi də birdəfəlik gediş deyil, yalnız tərəfdaşlara artan təzyiq üsuludur”.

 

“Bundan əlavə, ölkəsinin maraqları ilə bağlı qərarları təkcə ABŞ Prezidenti vermir, buna görə də bütün transmilli prinsip qorunur. Buna görə də müəyyən bir bölgədə, Cənubi Qafqazda vəziyyətin gərginləşməsi də onlar üçün faydalıdır. Hazırda buna daha ucuz və daha əlverişli olan əllər ilə nail olunur. Artıq iki ildir ki, əslində Azərbaycan eyni Nikol Paşinyanın Qarabağdakı "yenilikləri" vasitəsilə müharibəyə təhrik edilir. Bölgə zəifləsə, idarə etmək daha asan olacaq. Bundan əlavə, yerli xammal daha əlçatan və ucuz olacaq ki, bu da bölgədənkənar qüvvələr üçün birbaşa fayda deməkdir”, - deyə politoloq vurğulayb.

Müəllif: Nicat Hacıyev      14 İyul 2020 22:50
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin