“Millət vəkillərindən biri dedi ki, “lazımsız Sultan Əhməd də muzeyə çevrilsin””

“Millət vəkillərindən biri dedi ki, “lazımsız Sultan Əhməd də muzeyə çevrilsin””

Toğrul İsmayıl: “Aya Sofyanın məscid kimi fəaliyyətini bərpa etməsi Türkiyənin qanuni haqqıdır və buna etiraz edən dövlətlər dönüb özlərinə baxsın”

 

Məlum olduğu kimi, Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya muzeyi məscid olaraq fəaliyyətə başladı və ilk azan verildi. Təbii ki, bu qərar həm Türkiyə, həm xristian dünyasından, həm də Azərbaycanda birmənalıq qarşılanmadı. Belə ki, Aya Sofyanın məscid olaraq yenidən fəaliyyətə başlamısını həm təqdir, həm də tənqid edənlər var.

 

Təqdimat olaraq bildirək ki, 1453-cü ildə Osmanlı sultanı Fateh Mehmet tərəfindən İstanbulun fəth edilməsi və Şərqi Roma (Bizans) imperiyasının süqutu ilə, kilsə olaraq fəaliyyət göstərən Aya Sofya məscidə çevrilib. 1934-cü ildə isə Mustafa Kamal Atatürkün qərarından sonra Aya Sofya muzey kimi fəaliyyətini davam etdirib.

 

AYNA mövzu ətrafında Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin professoru, politoloq, həmyerlimiz Toğrul İsmayıl ilə həmsöhbət olub.

Toğrul İsmayıl: Milli Məclisin buraxılması qərarı Azərbaycandakı ...

- Toğrul müəllim, Aya Sofyanın məscid kimi fəaliyyətini bərpa etməsi qərarını necə qiymətləndirirsiniz?

 

- Aya Sofyanın məscid kimi açılması daxili və beynəlxalq hüquq baxımından Türkiyənin tam haqqıdır. Məlumdur ki, 1453-cü ildən 1934-cü ilə qədər bu bina məscid olaraq istifadə edilib və 1934-cü ildə qəbul olunan qərara əsasən muzeyə çevrilib. Amma onun bir hssəsində yenə də ibadət edilirdi. İlk variantından fərqli olaraq Aya Sofya Osmanlı dövründə çox genişləndirilmiş, minarələr qoyulmuş və böyük bir kompleksə çevrilmişdi. Daha əvvəllər də cənab Rəcəb Tayyib Ərdoğanın Aya Sofyanın məscid olaraq açılması ilə bağlı etirazları var idi. Hətta, çıxışlarında da deyirdi ki, “Sultan Əhmədi doldurun, sonra Aya Sofyanı doldurarsız”. Yəni indi də Türkiyənin qanunla buna haqqı var və bu haqqından istifadə etdi. Əslində, Prezident bu qanunu dəyişdirə bilərdi, çünki hökumətin verdiyi qərarları Prezidentin dəyişdirməyə ixtiyarı var. Amma Ərdoğan daha fərqli üsuldan istifadə etdi və bu işin məsuliyyətini məhkəməyə həvalə etdi. Məhkəmə də Aya Sofyanın məscid olaraq açılmasına qərar verdi. Ki, bu da hər hansı bir müzakirə mövzusu ola bilməz.

 

- Bu addım Türkiyəni xaricdən hansısa təzyiqlərlə üz-üzə qoya bilər?

 

- Xarici müdaxilələr bir o qədər də ciddi deyil. Kim nə istəyir, nə düşünür - özü bilər. Türkiyə, sadəcə qanuni haqqından istifadə edib.

 

- Niyə məhz indi verildi bu qərar? Təsadüfmü, planmı?

 

- Ərdoğan Prezident olmaqla yanaşı, həm də Ədalət və İnkişaf Partiyasının (AKP) sədridir. Buna görə də Türkiyə əhalisinin, seçicisinin səsindən faydalanaraq öz avtoritetini artırmağa çalışır. Bu baxımdan da Ərdoğan bu qərarın Türkiyə siyasətində önəmli dərəcədə işinə yarayacağını bilib və belə bir qərar qəbul edib.

Ayasofya Müzesi nerede, nasıl gidilir | Oraya Nasıl Giderim.COM

- İslam qaydalarına əsasən, hər hansı bir məsciddə şəkil, məzar və digər dinlərə məxsus atributlar ola bilməz. Belə çıxır ki, Aya Sofyanın sturukturu dəyşidiriləcək və tam məscid üslubuna salınacaq?

 

- Aya Sofyada yerləşən mozaikalar, atributlar 1453-cü ildə Fateh dövründə də yox edilməmiş, sadəcə üstü örtülmüşdü. İndi də texnologiya elə inkişaf edib ki, həmin atributları müxtəlif üsullarla örtmək mümkündür. Yəni, müsəlmanlar ibadətə gedəndə örtüləcək, xiristianlar gedəndə isə açılacaq.

 

- Aya Sofyanı hər il milyonlarla turist ziyarət edirdi, büdcəyə vəsait daxil olurdu. Bundan sonra Türkiyənin maliyyə itkiləri çox olmayacaq?

 

- Təbii ki, Aya Sofyanın muzey olaraq girişi ödənişli idi və çox da baha idi. Ortalama hesabla 1 il ərzində 3 milyon insan buranı ziyarət edirdi. İndi isə məscid kimi ibadətə açıldıqdan sonra turistlərə də giriş pulsuz olacaq. Ki, bu da başqa bir göstəricidir. Təbii ki, Aya Sofyanın məscid olaraq açılması nə pandemiyanı aradan qaldıracaq, nə də iqtisadi baxımdan Türkiyəyə təsir edəcək. Sadəcə bu da bir variantdır ki, belə bir həssas dönəmdə insanalar mənəvi də olsa, rahatlansınlar.

 

-Türkiyə xiristian məbədini İslam məbədinə çevirdi”, - deyənlər var...

 

- Təbii ki, bu fikir doğru deyil. Çünki Türkiyə sadəcə olaraq bir məscidi yenidən məscid formasına gətirib. Ki, bu da onun haqqıdır. Bu binanın beynəlxalq hüquqla da hansısa ölkəyə dəxli, müştərəkliyi yoxdur. 1984-cü ildə UNESCO tərəfindən dünya irsinə salınıb və Türkiyə binanın olduğu kimi qorunmasına, dağıdılmamasına vəd verib. Ki, Türkiyə onsuz da bunu etməz. Yaxşı, UNESCO ibadət yerlərinə qarşı bu qədər həssas davranırsa, nə üçün Şuşada dağıdılan məscidlərə, heyvan tövlələrinə çevrilən din ocaqlarına göz yumur? Yaxud, İspaniyanın Qranada şəhərində böyük bir məscid var və bu gün həmin məscid katolik kilsəsi kimi fəaliyyət göstərir. Niyə muzeyə çevirmirlər? Yəni, birtərəfli qərarlar vermək olmaz. Təbii ki, o, İspaniyanın haqqı olduğu kimi, bu da Türkiyənin haqqıdır.

 

- Türkiyəni Aya Sofya ilə bağlı bundan sonra gözləyir?

 

- Dost olan ölkələr dostluğa, beynəlxalq əməkdaşlığa davam edəcək. Amma Türkiyəyə qarşı pis niyyəti olan dövlərlər hər şeyi bəhanə edə bilər.

 

- Etiraz edən ölkələr arasında Yunanıstan daha çox canfəşanlıq edir.

 

- Yunanıstanda çoxlu sayda müsəlman yaşayır. O zaman Yunanıstan paytaxt Afinada böyük məscid tikdirsin, jest etsin, sonra hay-küy salsın. Yunanıstanda zaman-zaman 160 məscid dağıdılıb. Bu gün də müsəlmanlar orada sıxışdırılır və ibadət yerləri bağlanılır. Digər tərəfdən, buna etiraz edən Rusiya da var ki, öz keçmişinə baxsa, yaxşı olar. Ruslar Sovet dövründə çoxlu sayda məscid, kilsə, sineqoq dağıdıb, tövləyə çeviriblər. Bəs, niyə bərpa etmirlər? Yəni, sözümün canı odur ki, Türkiyənin siyasəti xristianlığa qarşı deyil, məqsəd bir məscidin təkrar ibadətə açılmasıdır.

 

- Türkiyə cəmiyyətində bu hadisəyə reaksiya necə oldu?

 

- Cəmiyyətin böyük qismi dəstəklədi. Düzdür, buna etiraz edənlər də oldu ki, bu da normaldır. Çünki Türkiyə cəmiyyəti demokratik, sərbəst və müasir sistemlərə cavab verir. Hətta, Türkiyə Böyük Millət Məclisində CHP-li millət vəkillərindən biri demişdi ki, “Lazımsız Sultan Əhməd də muzeyə çevrilsin”. Təbii ki, etiraz edənlərin də hüquqi cəhətdən haqları var. Amma müxalifət tərəfdən də əsas etiraz Aya Sofyanın ibadətə açılmasına yox, sadəcə Prezidentin bu məsələni siyasi alətə çevirməsinə idi. Yəni onlar da Prezidentin siyasətini tənqid etdilər, Aya Sofyanın ibadətə açılmasını yox.

Müəllif: Mərahim Nəsib      12 İyul 2020 14:27
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin