Müalicə almağa qərib ölkə, ölməyə Vətən yaxşı - ACI HƏQİQƏTLƏR

Müalicə almağa qərib ölkə, ölməyə Vətən yaxşı -       ACI HƏQİQƏTLƏR

Yaxud ümidləri öldürmüş səhiyyəmizin dirilməsinə ümid varmı?

 

Etiraf etməliyik ki, hazırda Azərbaycan əhalisinin böyük bir hissəsi səhiyyəmizin səviyyəsindən çox narazıdır. Demək olar ki, əksəriyyətimizin Azərbaycandakı həkimlərə (baxmayaraq ki, aralarında az da olsa, peşəkarları var) inamı ölüb. Artıq Azərbaycan vətəndaşları adi diş ağrısına görə də xarici ölkələrə, əsasən də İran və Türkiyəyə üz tutmağa başlayıblar.

 

Həyəcan təbili

 

Ən acınacaqlısı isə odur ki, artıq bu vəziyyətlə bağlı ölkə ziyalıları, hətta tibb işçilərinin, həkimlərin özləri belə, həyəcan təbili çalırlar. Mövcud vəziyyətin aradan qaldırlıması istiqamətində təklif və tövsiyyələr irəli sürürlər.

 

Belə ki, həkim-nevropotoloq Qalib Əsədov AYNA-ya açıqlamasında bildirir ki, Azərbaycanın inkişaf etməsi, müasir dünyaya inteqrasiya olunması üçün bütün sahələrdə, o cümlədən də tibbdə peşəkarların sayını artırmaq lazımdır. Bu məqsədlə də xaricdə təhsil üçün nəzərdə tutulmuş Dövlət Proqramının fəaliyyəti yenidən bərpa olunmalıdır.

 

Tanınmış yazar, hazırda Türkiyədə yaşayan Aqşin Yenisey də tibbi xidmət sahəsindəki neqativləri aradan qaldırmaq, əhalinin səhiyyəyə olan etibarını geri qaytarmaq üçün maraqlı təklif irəli sürür. Üç ildir Ankarada müalicə olunan A.Yenisey şəxsi müşahidələri əsasında o qənaətə gəlib ki, Azərbaycanda çox yox, bircə dənə savadlı, peşəkar kollektivi olan xəstəxana yaratmaqla həm problemi aradan qaldırmaq, həm də xaricdəki həkimlərə, müalicələrə xərclənən pulları ölkədə saxlamaq və səhiyyənin inkişafına xərcləmək olar.

 

Səhiyyəmizin real vəziyyətinə, həmçinin bu vəziyyətdən çıxış yollarına tibb sahəsi üzrə ekspert, həkim-terapevt Rasif Bağırovla AYNA tutmağa çalışdıq.

Картинки по запросу həkim Rasif Bağırov

Sovet səhiyyəsinin ancaq adı var idi

 

R.Bağrov əvvəlcə sovet hökuməti dövründə səhiyyənin daha yaxşı olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib: “Sovet hökuməti dövründə hansısa bir həkimin xaricə göndərilib ixtisasının artırılması barədə bir fakt belə, yoxdur. Sovet hökuməti Qərb ölkələri ilə həmişə qarşıdurmaydı. Sovet səhiyyəsi, guya dünyada ən yaxşı səhiyyə adı ilə özünü təqdim edirdi və bu səbəbdən biabır edib, Qərbə öyrənmək üçün adam göndərməzdi”.

 

“Ancaq gizli yolla bəzi şeyləri oğurlayıb öz adına çıxırdılar. Məsələn, heç bir xidməti olmayan alimi bir xarici alimə qoşurdular, guya ki, o da həmin ixtiraya imza atıb. Bütün kəşflərə baxsaq, xarici alimlə yanaşı rus alimin də adına rast gələrik. Sanki rus alim yatıb və yuxuda görüb ki, filan icadı filan yerdə filankəs edib, tez biz də edək", - o bildirib.

 

Bununla yanaşı, həkim qeyd edib ki, müstəqillik dövründə müəyyən qədər xaricdə peşəkar kadrlar hazırlanmasına yer verilməyə başlanıldı: "Məsələn, xarici ölkələrdə mürəkkəb ürək əməliyyatlarını həyata keçirə bilən kadrlar hazırlandı”.

 

Ancaq müəyyən nəzarət altında olan həkimlər xaricə gedə bilirlər

 

R.Bağırov təəssüflə qeyd edib ki, həkimlərin xaricə göndərilmə prosesinə bizim səhiyyə sistemində bir qədər qısqanclıqla yanaşılır: “Yəni, həvəsi olan və gedib prosesi öyrənib vətənə qayıtmaq istəyənlərə qarşı qısqanclıq var. Ancaq müəyyən nəzarət altında olan, həmçinin maddi imkanı yol verən şəxslər xaricə gedə bilirlər. Çox arzu edənlər isə buna nail ola bilmirlər. Hətta öz hesabına gedənlərə belə, Səhiyyə Nazirliyindən iş yerinə aid tələb olunan sənəd verilmir”.

 

Müsahibimiz A.Yeniseyin Azərbaycada peşəkarlardan ibarət xüsusi səhiyyə ocağının yaradılması ilə bağlı təklifinə də münasibət bildirib: “Səhiyyə sistemində müəyyən pozitiv proseslərin baş verməsi nəzərdə tutulanda cəmiyyətin aztəminatlı təbəqəsi də mütləq nəzərə alınmalıdır. Azərbaycanda nə qədər peşəkar kadrlar da toplansa, milyonerlər yenə də orada müalicə olunmayacaqlar. Hazırda tibbi xidmətlə bağlı Azərbaycanın orta təbəqəsi böyük əziyyət çəkir. Varını-yoxunu sataraq müalicə üçün xaricə üz tuturlar. Xaricdə də müalicə və əməliyyatlar çox baha olduğuna görə müflis vəziyyətə düşürlər”.

 

Səhiyyə Nazirliyi həkimləri müdafiə etmir

 

Terapevtin fikrincə, bu prosesi Azərbaycanda həyata keçirmək üçün xarici ölkələrdə ixtisasını artırmaq istəyən həkimlərə hər cür şərait yaradılmalıdır: “Elə həkimlər var ki, xaricdə təcrübə keçmək üçün dövlətdən pul da istəmirlər, sadəcə Səhiyyə Nazirliyi onun arxasında dayanmalı, onu müdafiə etməlidir. Xaricdə təcrübə keçib gələn həkimlərin sayı nə qədər çox olsa, ölkədə mütəxəssislərin sayı artar, həyata keçirilən bir sıra mürəkəb əməliyyatların qiyməti də baha olmaz. Əməliyyat olunmağa hər kəsin imkanı çatar”.

 

“Ancaq bizdə, xaricdə ixtisasartırma tam nəzarət altında olduğuna görə ciddi problemlər yaşanır. Eşitdiyimə görə, xaricdə öz hesabına təhsil alıb gəlmiş mütəxəssislərin hansısa xəstəxanada işləməsi üçün də şərait yaradılmır. Səbəb göstərirlər ki, “səni biz göndərməmişik, işləməyinə də imkan vermərik””, – ekspert bildirib.

 

Mütəxəssis çoxluğu əhaliyə seçim imkanı verəcək

 

R.Bağırovun sözlərinə görə, hazırda Azərbaycanda ən çox 10-15 kardio cərrah var: “Bu isə Azərbaycan üçün çox kiçik rəqəmdir. Azərbaycanda mütəxəssislərin sayı çox olsa, nəticədə həm səhiyyə qazanar, həm cəmiyyət. Mütəxəssislərin çox olması, həmçinin əhaliyə seçim imkanı verər. Bununla yanaşı, digər həkimlər də onlara baxıb ixtisaslarını artırarlar. Və xalq bundan kifayət qədər xeyir götürər”.

 

Həkimlərə inamın ölməsində KİV-in də rolu var

 

Müsahibimiz düşünür ki, əhalinin səhiyyəyə olan inamının itməsində kütləvi informasiya vasitələrinin də rolu var: “Bizim səhiyyə işçiləri haqqında aşırı dərəcədə anti-təbliğat aparılır. Düzdür, demirəm ki, bu sahədə hər şey mükəmməldir. Ancaq yazılanlar, deyilənlər reallıqdan daha ağırdır. Həm dövlət, həm özəl mediada xəstə ölümləri çox qabardılır və bütün ölümlərə görə həkimlər günahlandırılır, digər səbəblərə toxunulmur. Bu da həkimlər haqqında xoşagəlməz fikirlərin formalaşmasına, səhiyyəyə olan etibarın itməsinə səbəb olur”.

 

Azərbayanda həkimin özünü doğrultması çox dəhşətli prosesdir

 

Terapevtin qənaətincə, Azərbaycanda hazırda ümumi həkimlərin sayı o qədər çoxdur ki, hansısa həkimin özünü doğrultması, xalq arasında normal şəkildə ad çıxarması çox dəhşətli prosesdir: “Bunu kim bacarırsa, yəni özünü doğruldursa, bu, özü böyük işdir və həmin həkim bunu böyük zəhmət bahasına əldə edir. Hər həkim bunun öhdəsindən gələ bilmir. Həmin həkimlərin də ixtisas artımı ilə bağlı ciddi işlər görülməlidir ki, insanlar həqiqətən də peşəkara müraciət ediklərinə əmin olsunlar. Əks halda çox çətin olacaq”.

Müəllif: Rumiyyə Miraslan      29 İyul 2019 13:18
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin