Müdafiə Nazirliyi bəyanat yayıb: O videonu paylaşmayın

Müdafiə Nazirliyi bəyanat yayıb: O videonu paylaşmayın

“Yayılan video görüntünün heç bir əsası yoxdur və yalandır”

 

“Təyyarənin hərbi aerodromdan qalxdığı vaxt gecə vaxtı olub, təlim-məşq uçuşları da gecə vaxtı keçirilib. Burada isə açıq-aydın görünür ki, hava işıqlıdır, gündüzdür”.

 

AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin (MN), sosial şəbəkələrdə “MiQ-29” qırıcısının qəza anını əks etdirən video görüntülərə cavab olaraq yaydığı məlumatda bildirilir. Qeyd olunub ki, yayılan video görüntünün heç bir əsası yoxdur və yalandır.

"Plana uğun keçirilən təlim-məşq uçuşları axşam vaxtı həyata keçirilib. Bu videoda göstərilən gün rejimi isə həmin vaxtla uyğun gəlmir, məhz buna görə də bu görüntülər saxtadır. İctimaiyyəti isə həmin videonu yaymamağa, o cümlədən inanmamağa çağırırıq", - deyə MN-in açıqlamasında vurğulanır.

 

Qeyd edək ki, sözügedən video görüntü İtaliyadakı 2017-ci il aviaşousu zamanı qeydə alınıb. Müdafiə Nazirliyi redaksiyamıza həmin video görüntünü də təqdim edib.

 

Xatırladaq ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus təyyarə təlim-məşq uçuşları zamanı qəzaya uğrayıb. AYNA Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

 

İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

 

Təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi başlanılıb. Hərbi Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilməyə başlanılıb. Hazırda ibtidai araşdırma intensiv davam etdirilir.

 

Hadisə yeri müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və eləcə də digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək. Hərbi Prokurorluğun rəhbərliyi də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib.

 

Nəhayət, dünən axşam saatlarında sözügedən "MiQ-29" təyyarəsi tapılıb. Onun, təxminən Giləzi ilə Şuraabad ərazisində dənizə düşdüyü bildirilir.

Müəllif: Ayna.az      26 İyul 2019 11:20
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin