Onlayn ödəniş həyatımızı asanlaşdırıb, lakin bəzi sıxıntılar qalmaq şərtilə

Onlayn ödəniş həyatımızı asanlaşdırıb, lakin bəzi sıxıntılar qalmaq şərtilə

İctimai nəqliyyatda gedişhaqlarının onlayn ödəniş sisteminə keçməməsi problemlər yaradır

 

Artıq həyatımızı internetsiz təsəvvür etmək mümkün deyil. Günümüzün bir çox hissəsini internetdə keçiririk. Artıq bir çox işlərimizi evimizi tərk etmədən, internet vasitəsi ilə həll edə bilirik. Onlayn geyim alırıq, onlayn istədiyimiz qida məhsulunu və yeməkləri sifariş edə bilirik. Hətta, bəzi aylıq ödənişləri belə, internet vasitəsi ilə edirik.

 

Xüsusilə karantin rejimində onlayn ödənişlərin aparılmasına tələbat artdı. AYNA-nın əməkdaşı sosial şəbəkə istifadəçiləri arasında belə bir sorğu keçirib: “Karantin dövründə bir çox ödənişləri onlayn ödəməli oluruq. Bu müddətdə hansı sahələrdə onlayn ödəniş sistemlərindən razı qaldınız? Hansı sahələrdə onlayn ödənişlərin olmasına təcili ehtiyac var?”. Beləliklə:

 

Azər Həsrət: “Şəxsən mən axırıncı dəfə oflayn ödənişi nə vaxt etdiyimi xatırlamıram. İllərdir, onlayn ödəyirəm və həmişə də bütün xidmətlərdən razı qalmışam”.

 

Tərxan Paşazadə: “Son illərdə, əsasən kommunal və kommunikasiya ilə bağlı ödənişləri onlayn edirəm. Hələ ki, narazı qaldığım olmayıb. Yaxşı olar ki, həm "BakıKart"a, həm də Bakı-Sumqayıt qatarının kartına onlayn formada pul yükləyə bilək. Bu kartları onlayn ödənişə keçirmələri mütləqdir”.

 

Elvin Səlimov: “Əsasən smartcard tipli sayğacların elektronlaşdırılmasına ehtiyac var. Sərt karantin günlərində evdən çölə çıxmaq qadağandır. Vətəndaş diqqətsizliyi işıq və qazın sayğacda bitməsi ilə nəticələnir. Belə halların qarşısının alınması üçün smartcard sayğaclara xüsusi readerlərlə deyil, sadəcə kod vasitəsilə ödəniş edilməsinə imkan yaradılmalıdır”.

 

Xəyalə Süleymanlı: “Mənə lazım olan onlayn ödənişlərdən istifadə edirəm və çox razıyam”.

 

Elyar İslamoğlu: “Kommunal xidmətlərin, internetin və mobil operatorun borcunu onlayn ödəməyə üstünlük verirəm. Amma son aylarda Beynəlxalq Bankın İBAM mobil tətbiqi ilə onlayn ödəmə zamanı çox çətinliklərlə üzləşmişəm. Dəfələrlə zəng və sosial şəbəkədəki səhifələri ilə əlaqə saxlasam da, "texniki problemdir, tezliklə düzələcək" deyilir, amma aylardır problem davam edir. Bu da onlayn ödəməyə ciddi problem yaradır. Proqramlar təkmilləşdirilməli, texniki nasazlıqlar qısa zamanda aradan qaldırılmalıdır”.

 

Müşfiq Qədirov: “Mən artıq uzun illərdir ki, “Aztelekom”, “Azərişıq” və “Azəriqaz” ödənişlərini onlayn edirəm. HÖP-də e-mail vasitəsilə qeydiyyatdan keçmişəm, qəbzlər də elektron poçtumda toplanır. Mobil nömrələrimə konturu da onlayn yükləyirəm”.

 

Sevinc Əliyeva: “Onlayn ödənişlərdə heç bir problem yaranmayıb. Son illərdə bu sahədə çox inkişaf var. Zəhmət çəkən hər kəsə təşəkkür edirəm. Metro və avtobus kartlarının da onlayn ödəniş sisteminə keçməsinə şərait yaradılsa, möhtəşəm olar”.

 

Rauf Alagözov: “Mən uzun illərdir bütün ödənişləri onlayn edirəm və heç bir narazılığım yoxdur. “1 Bank” demək olar, hər şeyin ödəməsi üçün idealdır, lakin başqa ödənişlər də lazım olur, sıxıntı olmur. Hətta ödədikcə bonus da qazanıram. Nəqliyyat kartları da onlayn olsa, hər şey yolunda olar”.

 

Rəşad Nəzərli: “Bütün ödənişləri CİB ilə ödəyirəm, bu proqramla onlayn ödənişlər çox rahatdır”.

 

Elçin Cəfərov: “Bəzi onlayn TV-lərin ödənişlərini onlayn ödəmək olmur, yaxşı ki, insaflı çıxıb, yayımı dayandırmayıblar”.

 

Seymur Ağayev: “Onlayn xidmətlərdən istifadə etmirəm. Ancaq nəğd ödənişlərə üstünlük verirəm”.

 

Elşən Ağalar: “Mən “1 Bank” tətbiqindən istifadə edirəm. Karantin müddəti zamanı da heç bir problemlə qarşılaşmadım. Çox uğurlu tətbiq olduğunu bildirmək istəyirəm. Reklam kimi anlaşılmasın”.

 

Mirzə Şükürlü: “Bağlanmış bankların kredit ödənişini onlayn etsələr, yaxşı olar. Məsələn, mən NBC bankdakı kreditimi filialda 1 saat növbə gözləyəndən sonra ödəyə bildim”.

 

Sabir Cəlilov: “Metro və avtobus ödənişləri onlayn olsa, əla olar. Əks halda unuduruq və ödəniş aparatları hər yerdə olmadığı üçün ödəniş edə bilmirik və sərnişinlərdən xahiş etməli oluruq”.

Müəllif: Təranə Xudabaxşiyeva      23 İyun 2020 23:03
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin