Xətai sakinlərindən etiraz: “Hamı gətirib zibili bura atır” - VİDEO

Xətai sakinlərindən etiraz: “Hamı gətirib zibili bura atır” -         VİDEO

İcra Hakimiyyəti: “O küçə uzun müddətdir ki, bizim də nəzarətimizdədi”

 

Adətən insanları yaşadıqları ərazidə zibil qutularının olmaması narahat edir. AYNA “Baku” TV-ə istinadən xəbər verir ki, nə qədər qəribə səslənsə də, Bakının Xətai rayonu Araz Novruzov küçəsində yaşayan sakinlər zibil qutuların çox olmasından şikayətlənirlər.

 

Kimisi deyir pəncərəmin qabağıdı, kimisi də deyir ki, qapımın ağzıdı və bu yolverilməzdi. Sakinlərin sözlərinə görə, başqa küçələrdə zibil qutularının olmaması səbəbindən orada yaşayan sakinlər də məişət tullantılarını məhz bu küçədəki zibil qutularına atırlar.

 

“Bu küçədən 50 metr qarşıda yenə zibil qutusu var, bu tərəfə də gedəndə yenə eyni qaydada. Amma sonra 500 metr ərazidə zibil qutusu yoxdu. Hamı da gəlib bura atır”, - deyə sakin şikayət edir.

 

Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətindən bildirilib ki, adıçəkilən ərazi nəzarətə götürülüb. Zibil qutuları olmayan küçələrə qablar yerləşdiriləcək və problem tez bir zamanda öz həllini tapacaq.

 

“O küçə uzun müddətdir ki, bizim də nəzarətimizdədi. Orda qutuların sayı az idi. Ona görə də biz bura əlavə qutular qoyduq. Ora paralel küçələrdə və yaxın məhəllələrdə həmin qutulardan yoxdu. Layihəmizdə var ki, həmin küçələrə də zibil qutuları qoyaq. Zibilin tez tez daşınmasına da nəzarət edəcəyik”, – deyə İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov bildirib.

 

İcra Hakimiyyətinin nümayəndəsi həmçinin, zibil qutularının sakinlərin evlərinə yaxın olması məsələsinə də aydınlıq gətirib.  O qeyd edib ki, əraziyə yerində baxış keçiriləcək. Lazım gələrsə qutuların yeri dəyişdiriləcək.

Müəllif: Ayna.az      22 İyun 2020 17:12
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin