“Ölmədiyimi sübut edə bilmirəm” - Natiq Fərzəliyev

“Ölmədiyimi sübut edə bilmirəm” -     Natiq Fərzəliyev

Tanınmış aktyor: “Xəbəri eşidənlər ağlaya-ağlaya zəng vururlar”

 

Son günlər sosial şəbəkələrdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Natiq Fərzəliyevin öldüyü barədə yalan məlumatlar yayılıb. Belə ki, sosial şəbəkə istifadəçiləri aktyorun fotolarını paylaşaraq ona rəhmət oxuyub, yaxınlarına başsağlığı diləyiblər.

 

Məsələ ilə bağlı AYNA-ya açıqlama verən Natiq Fərzəliyev məlumatın necə yayılmasından danışıb: “Bir neçə gün əvvəl yerli mətbuata koronavirusa yoluxan və ölən dostlarım barədə açıqlama vermişdim. Açıqlamanın başlığında isə dostumun ölüm xəbəri qeyd edilmişdi. Lakin xəbərin başlığını oxumaqla kifayətlənən, açıqlamamı sona qədər oxumayan insanlar mənim öldüyümü zənn edib və bunu ictimailəşdiriblər. Ondan sonra müxtəlif rayonlardan tanışlar, Bakıdakı dostlarım, iş yoldaşlarım, qohumlarım ağlaya-ağlaya zəng edib ölüm xəbərimin yayıldığını dedilər. Bacım, qardaşım narahat olub mənə zəng etdilər, hətta bacım səsimi eşidən kimi huşunu itirmişdi”.

 

“Keçən həftənin 6-cı günü bununla bağlı video da çəkib paylaşdım ki, ölməmişəm. Lakin bundan sonra da şəkillərim yenidən paylaşıldı və “sevilən aktyor dünyasını dəyişib, yaxınlarına başsağlığı veririk” başlıqlı məlumatlar yayıldı. Hətta, iş o yerə çatdı ki, dostum Baloğlan Əşrəfov paylaşımlara ölmədiyimlə bağlı rəylər yazırdı”, - deyə aktyor vurğulayıb.

 

Fərzəliyev bununla bağlı başına qəribə hadisə gəldiyini bildirib: “Tanımadığım bir nəfər şəklimi paylaşaraq öldüyüm barədə xəbər yayımlayıb. Lakin həmin adama ölmədiyimi yazanda, məni təhqir etdi və dedi ki, “aktyorun adından yalan danışma, Natiq Fərzəliyev ölüb”. Sonra da məni “Facebook”da “qara siyahı”sına əlavə etdi və sözümü deyə bilmədim. Bundan sonra oğlum də həmin şəxsə mənim ölmədiyimlə bağlı mesaj yazdı və o, oğlumu da təhqir edib “qara siyahı”ya atdı. Ola bilsin, bununla bağlı məhkəməyə də müraciət etdim”.

 

“Hazırda öz işlərimlə məşğulam. Əvvəldən çəkildiyim serialda fəaliyyətimi davam etdirirəm. Allaha şükür ki, heç bir narahatlığım yoxdur”, - aktyor əlavə edib.

Müəllif: Mərahim Nəsib      16 İyun 2020 15:13
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin