Əsas səhifə Haqqımızda Xəbər lenti

Yeni qadağa üzərində “toqquşma”: Kim haqlıdır?

Yeni qadağa üzərində “toqquşma”: Kim haqlıdır?

“Hökumət qəbul etdiyi qərarlara görə məsuliyyət daşımalıdır”

 

“Dövlət dəstəyi olmadan pandemiyadan ziyan çəkən biznesi və əhalini vəziyyətdən çıxarmaq mümkün deyil”

 

“Azərbaycan qədər zəngin dəstək mexanizmləri tətbiq edən ikinci bir ölkə yoxdur”

 

“Bir tanıdığım kafe sahibi deyir ki, “2 ay işləmədik - icarə problemi, işçilərin maaş problemi belimizdə yük oldu. Sonra saat 18:00- a qədər icazə verdilər, alver bir az tərpəndi, sonra saat 10-a qədər icazə verdilər, müştərilər az da olsa, gəlməyə başladı. Biz də şənbə-bazara göz tikib əlavə bazarlıq etmişdik, 1-2 əlavə işçi götürmüşdük. İndi biz nə edək?! Aldığımız mallar xarab olur, qapımıza qıfıl asacağıq, yaxşı bəs bunun bədəlini kim ödəyəcək?! Məsuliyyətli hökumət qəbul etdiyi qərarlara görə məsuliyyət daşımalıdır! Yaxşı, vergini gecikdirən kimi gəlirlər, cərimə yazanda düşünmədən yazırlar. Bəs, indi mənim zərərimi kim ödəyəcək?!””.

 

AYNA xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli paylaşıb. O, iş adamının haqlı olduğunu qeyd ediib: “Bütün ölkələr iki yardım paketi qəbul etdi:

Natiq Cəfərli — Vikipediya

1) Karantindən doğan əhaliyə və biznesə yardım paketi;

 2) İqtisadiyyatın çarxlarını yenidın işə salmaq üçün biznesə yardım paketi.

 

Bizimkilər 1-cini üzlərinə-gözlərinə bulaşdırıb normal icra edə bilmədilər, 2-ci isə zatən yoxdur, heç bu haqda düşünmürlər də. Çünki iqtisadiyyatın elm olduğunu hələ qavramırlar, elə bilirlər ki, iqtisadiyyatı da zopa ilə, əmrlə idarə etmək olar, başa düşmürlər ki, bu gün baş verənlərin fəsadı aylarla, illərlə çəkə bilər”.

 

İqtisadçı alim Qubad İbadoğlu AYNA-ya şərhində Cəfərlinin fikirlərini dəstəkləyib: “Hökumət bu vəziyyətdə müddətli və ünvanlı dövlət dəstəyi ilə həm sahibkarları, həm də əhalini qorumalıdır: “Hökumət bunları etsə, 2 məqsədə çata bilərdi:

Qubad İbadoğlu barədə xəbərlər - AZƏRBAYCAN24

1. İş yerlərini qoruyaraq sosial sabitliyi təmin edərdi;

2. Məcmu tələbi stimullaşdırmaqla istehsal və xidməti genişləndirərək böhrandan çıxışı tezləşdirə bilərdi”.

 

“İndiki xüsusi vəziyyətdə hökumətin dəstəyi olmadan pandemiyadan ziyan çəkən biznesi və əhalini vəziyyətdən çıxarmaq mümkün deyil. Odur ki, sahibkarlara və aztəminatlı əhaliyə olan iqtisadi stimul və sosial dəstək təbdirləri karantin rejimi bitənədək davam etdirilməlidir. Əhalinin və biznesin durumu hökumətin səxavətindən asılıdır. Odur ki, hökümət islahatları davam etdirməli, korrupsiya ilə mübarizəni gücləndirməli və liberal bazar iqisadiyyatına keçidi sürətləndirməlidir”, - İbadoğlu bildirib.

 

Lakin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili yuxarıdakı fikirlərlə qətiyyən razılaşmır. "Ya o, məlumatsızdır, ya da qəsdən təhrif edir”, - deputat AYNA-ya açıqlmasında deyib.

Bakupost.az - Tahir Mirkişili ilə bağlı şikayətə baxıldı - MSK-dan ...

Mirkişinin sözlərinə görə, karantin zamanı tətbiq olunan məhdudlaşdırıcı tədbirləri təbii olaraq iqtisadiyyata təsir etdi: “Öldürücü virusun yayıldığı zaman insan sağlamlığını hər şeydən əsas tutan Azərbaycan dövləti də, tamamilə haqlı olaraq bu yolu seçib. Nəticələr isə uğurlu oldu. Yoluxanların və vəfat edənlərin sayı ölkəmizdə ən aşağı səviyyədədir. Eyni zamanda, məhdudlaşdırıcı tədbirlərin təsirinə məruz qalan 20 iqtisadi sahə müəyyən edilib və onlara yardım üçün ümumilikdə 3.5 mlrd manat vəsait ayrılıb. 600 min aztəminatlı, ehtiyacı olan, hətta qeyri-leqal işləyən insana 2 ay müddətində 190 manat yardım ödənildi, Heydər Əliyev Fondu və xeyriyyəçi sahibkarlar tərəfindən 100 minlərlə insana ərzaq yardımı paylanıldı. Sahibkarlara dəstək üçün təsirə məruz qalan sahələrdə işçilərin əməkhaqqlarının böyük bir hissəsi dövlət tərəfindən ödənildi, 300 mindən çox fərdi sahibkara birdəfəlik kömək üçün 250-5000 manat məbləğlərində yardım edildi. Sahibkarların kredit borclarının ödənilməsi üçün onların kreditlərin illik faizlərinin 10%-dək olan hissəsi dövlət tərəfindən ödənildi, 2020-ci il üçün sahibkarlara mühüm vergi güzəştləri (dərəcələrin 2 dəfə endirilməsi, cərimələrin silinməsi, ödəmələrin gecikdirilməsi və s.) edildi”.

 

Müsahibimiz qeyd edib ki, regionda Azərbaycan qədər zəngin dəstək mexanizmləri tətbiq edən ikinci bir ölkə yoxdur: “Bu tədbirlər bu gün də davam edir. Hökumət tərəfindən daim təhlillər aparılır. Lakin yumşalma tədbirlərindən sonra yoluxma hallarının artması istisnasız olaraq bir çox vətəndaşların məsuliyyəsizliyinin nəticəsidir. Milli Məclis məcbur olub qoruyucu vasitələrdən istifadə etməyənlər üçün cərimələr müəyyən etdi. Biz yoluxmaların qarşısını almasaq, heç bir iqtisadi tədbirlərin əhəmiyyəti olmayacaq. Yoluxmaların qarşısının alınması dövlətdən daha çox vətəndaşın borcudur. Vətəndaşlar məsuliyyətsizlik edəndə dövlət məcbur olub onların sağlamlığı üçün məhdudlaşdırıcı tədbirlər həyata keçirir”.

 

T.Mirkişili əlavə edib ki, məhdudlaşdırıcı tədbirlər dövlətə və iqtisadiyyata hər zaman baha başa gəlir: “Ona görə də hər kəs bunu anlamalı, öz məsuliyyətli davranışı ilə dövlətə və iqtisadiyyata kömək etməlidir ki, nəticədə öz büdcəsi də bundan əziyyət çəkməsin. Pandemiya şəraitində məsuliyyətsizlik, laqeydlik bumeranq effekti yaradır, yəni nəticədə zərbə həm də hər kəsin özünə dəyir”.

Müəllif: Ülviyyə Şahin      7 İyun 2020 14:28
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin