“Karantin rejiminin mənfi təsirləri qaçılmaz idi” – Maliyyə naziri

“Karantin rejiminin mənfi təsirləri qaçılmaz idi” –   Maliyyə naziri

Samir Şərifov: “Lakin biz bu gün karantindən çıxmaqla ölkə iqtisadiyyatında başqa prosesləri izləyirik”

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda “2019-cu ilin büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilib. AYNA xəbər verir ki, iclasda Maliyyə naziri Samir Şərifov da iştirak edib.

 

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin yeni büdcə qaydasının tətbiqi ilə əlaqədar imzaladığı fərmanda qeyri-neft baza kəsiri üzrə müəyyən göstəricilər təsdiq olunub: “Həmin göstəricilər 2019-cu ildə hədəfə qarşı çox sürətlə icra olunub. 31,1 faizə qarşı 26,6 faiz təşkil edib. Bu da onun göstəricisidir ki, neft sektorundan asılılığımızın tədricən azaldılması istiqamətində əməli tədbirlər görülməkdədir. Büdcə qaydası da bu məqsədlərə xidmət edir”.

 

S.Şərifov büdcənin icrası barədə də məlumat verib. O bildirib ki, müvafiq dövr üçün dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon manat məbləğində proqnozlaşdırılıb: “Lakin faktiki olaraq, 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 218 milyon 100 min manat təşkil edib. Bu, proqnozla müqayisədə 1 milyard 50 milyon 100 min manat çoxdur. Dövlət büdcəsinin gəlirlərinin 7 milyard 672 milyon 300 min manatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 4 milyard 408 milyon 600 min manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşüb. Gəlirlərin 11 milyard 364 milyon 300 min manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin, 772,9 milyon manatı və ya 3,2 faizi digər gəlirlərin hesabına formalaşıb”.

 

“2019-cu il dövlət büdcəsinin xərcləri isə proqnozlaşdırılandan aşağı olub. Belə ki, ötən il üçün dövlət büdcəsinin xərcləri 25 milyard 190 milyon manat proqnoza qarşı 24 milyard 425 milyon 900 min manat təşkil edib”, deyə nazir söyləyib.

 

Şərifov onu da bildirib ki, Azərbaycanın xarici valyuta mövqeyi 2019-cu ildə xeyli möhkəmlənib: “Valyuta ehtiyatları dövlət borcunu təxminən 5 dəfə üstələyib. Biz tələsmirik, daha çox gözləmə mövqeyi nümayiş etdiririk. Karantinin müəyyən mənfi iqtisadi təsirləri qaçılmaz idi. Operativ məlumatlarımız göstərir ki, büdcənin icrası ilə bağlı hansısa problemlər yoxdur. Büdcədə beş ayın nəticəsi 500 milyon manat profisit yarandığını göstərir. Bu yaxşı mənzərədir və nəticələr barədə ətraflı məlumat təhlillərdən sonra təqdim olunacaq”.

 

Nazir onu da bildirib ki, dövlət büdcəsinə yenidən baxılmasına Maliyyə Nazirliyi tərəfdən müraciət edilməyib: “Dövlət büdcəsinə yenidən baxılması üçün müraciət etməmişik. Hazırda biz tələsmirik, daha çox gözləyici mövqe nümayiş etdiririk”.

 

“Yenə deyirəm, şübhəsiz ki, karantin rejiminin mənfi təsirləri qaçılmaz idi. Lakin biz bu gün karantindən çıxmaqla ölkə iqtisadiyyatında başqa prosesləri izləyirik. Dörd ay haqqında artıq məlumatlar mövcuddur. Beş ay haqqında məlumatlar isə yaxın vaxtlarda olacaq”, - deyə nazir qeyd edib.

Müəllif: Ayna.az      2 İyun 2020 15:03
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin