ÜST: Avropadakı tibb bacıları COVID-19 pandemiyasına cəsarətlə cavab verirlər

ÜST: Avropadakı tibb bacıları COVID-19 pandemiyasına cəsarətlə cavab verirlər

"COVID-19-a qarşı apardığımız mübarizə, tibb bacısı peşəsinin cəmiyyətimiz üçün nə qədər vacib olduğunu bir daha ortaya qoydu"

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Ümumdünya Sağlamlıq Günü münasibətilə yayımlanan "2020-ci ildə dünyada orta tibb işçilərinin vəziyyəti" adlı hesabat dünyada tibb bacılarının çatışmazlığını, onların təhsili, fəaliyyəti və liderlik bacarıqlarının inkişafına yönəldilmiş investisiya üçün prioritet sahələri müəyyənləşdirib.

 

ÜST-ün Azərbaycan nümayəndəliyindən  AYNA-ya verilən məlumata görə, tibb bacıları səhiyyə sistemində həyati xidmətlər göstərən bütün tibb işçilərinin yarıdan çoxunu təşkil edir.

 

ÜST-nin Avropa üzrə regional direktoru Doktor Hans Kluge qeyd edib ki, qurumun Avropa regionunda səhiyyə işçilərinin 57% -i tibb bacılarıdır: "Tarixən və bu gün tibb bacıları sağlamlıq üçün təhlükə yaradan epidemiya və pandemiya ilə mübarizədə ön cəbhədə dayanırlar. Regiondakı tibb bacıları COVID-19 pandemiyasına cəsarətlə cavab verirlər: əvvəllər heç vaxt onların dəyəri bu qədər açıq şəkildə görünməyib. "COVID-19-a qarşı apardığımız mübarizə, tibb bacısı peşəsinin cəmiyyətimiz üçün nə qədər vacib olduğunu bir daha ortaya qoydu. Ən müstəsna şərtlər və ən ağır iş şəraiti ilə qarşılaşan tibb bacıları Avropa regionunda və dünyanın hər yerində cəsarət, mərhəmət və peşəkarlıqla fəaliyyətlərini davam etdirdilər. Bütün ön sırada çalışan tibb işçiləri ən böyük təşəkkürə və hörmətə layiqdir". 

 

O qeyd edib ki, Avropa bölgəsində 7,3 milyon tibb bacısı var, yəni hər 10 000 nəfərə təxminən 79 tibb bacısı düşür. Baxmayaraq ki, bu, qlobal orta göstəricidən təxminən iki dəfə çoxdur, mütəxəssislər qeyd edirlər ki, regionda tibb bacılarının mövcud vəziyyəti ilə razılaşmaq olmaz: "Bütün orta tibb işçilərinin təxminən 90%-i qadındır, lakin rəhbər vəzifələrin yalnız 25% -ni tuturlar. Bu, liderlik tələb edən vəzifələrdə qadınların iştirakını təşviq edən siyasətlərə ehtiyacın olması deməkdir".

 

ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı qeyd edib ki, tibb bacıları sağlamlıq problemlərinin bir çoxunun həllində böyük rol oynayırlar: "Güclü səhiyyə xidmətləri istəyiriksə, tibb bacılarına investisiya qoymalı, onları beynəlxalq standartlara uyğun şəkildə yetişdirməli və lazımi resurslarla təmin etməliyik. Tibb bacıları işlərinə görə ədalətli maaş almalı və peşəkar şəkildə inkişafa davam etməlidirlər. Bu, səhiyyə xidmətlərinin keyfiyyətini yaxşılaşdırmağa və Universal Tibbi Təminatı inkişaf etdirməyə kömək edəcək".  

 

ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus isə bildirib ki, ölkələr tibb bacılarının təhsili və təlimini sürətləndirmək, tibb bacıları üçün iş yerlərinin yaradılması və onların liderliyini artırmaq üçün investisiya qoymalıdır. Tibb bacıları və digər tibb işçiləri olmadan  baş verən epidemiyalara qarşı mübarizədə qalib gəlmək və Universal Tibbi Təminata, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq mümkün deyil: "Tibb bacıları istənilən tibbi heyətin aparıcı qüvvəsidir. Bu gün bir çox tibb bacısı "COVID-19"a qarşı mübarizədə ön sıralarda yer tutur. Bu hesabat tibb bacılarının oynadığı bənzərsiz rolu layiqincə diqqətə çatdırır və dünyanı sağlam saxlamaq məqsədilə tibb işçilərinə lazımi dəstəyi təmin etmək üçün bir oyanış çağırışıdır".

Müəllif: Ayna.az      7 Aprel 2020 22:55
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin