SMS-icazə tələbi anlaşılmazlıqlara yol açır

SMS-icazə tələbi anlaşılmazlıqlara yol açır

“Bundansa evlərə xüsusi icazə vərəqələri verilərdi”

 

Koronavirusun yayılmasının qarşısını almaq üçün dövlət səviyyəsində sosial izolyasiya tədbirləri davam edir. Buna əsasən, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərar qəbul edib və xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Məhdudiyyətlərlə bağlı qərarlar isə 5 aprel 2020-ci il saat 00:00-dan etibarən qüvvəyə minəcək və 20 aprel 2020-ci il saat 00:00-dək davam edəcək.

 

Belə məhdiyyətlərdən biri də vətəndaşların evdən çıxmaq üçün SMS vasitəsilə icazə almasından ibarətdir. Belə ki, vətəndaşlar evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərməlidirlər.

 

Lakin məlum qərar ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Hətta bununla bağlı müxtəlif videoçarxlar, karikaturalar çəkilib, məsxərə obyektinə çevrilən statuslar yazılıb.

 

Bəs, əslində, təcrid tədbirlərini təkmilləşdirmək üçün hansı üsullardan istifadə etmək lazmdır? Ümumiyyətlə, bu qayda vətəndaşlar üçün nə qədər münasibdir?

 

Mövzuya AYNA tutmağa çalışdıq.

Sanki hardansa bomba düşürdü...` - İlham İsmayıl

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, məsələnin həlli yolunda bu qərar heç də mükəmməl deyil: “Sadəcə olaraq məsələnin başqa yollarını tapmaq lazım idi. Burada sahələr, rayonlar, ərazilər üzrə aidiyyəti strukturları bu işə cəlb etmək lazım idi və vətəndaşların evlərinə gedib bir ailədən bir nəfərə icazə kağızı verilməli idi ki, həmin şəxslərin gündə bir neçə saat evdən çıxmağa ixtiyarları olsun. Çünki SMS forması ilə insanlar əziyyət çəkəcək, icazə verənlər yox. Məlum məsələdir ki, SMS göndərilən kimi dərhal cavab gəlməyəcək. Kiminsə vacib işi ola bilər və bir neçə saat SMS-ə cavab gözləmək onun işinə mane ola bilər. Düşünürəm ki, bu məsələlərin başqa bir qaydasını tapmaq lazım idi”.

 

“Operativ Qərargahda sadəcə olaraq vəzifəsinə görə insanlar əyləşiblər. Amma mənə elə gəlir ki, əlavə mütəxəssis qrupu yaratmaq lazımdır ki, fövqəladə vəziyyət vaxtında hansı qərarların verilməsini həmin mütəxəssislər müəyyənləşdirsinlər. Hər halda, SMS yaxşı variant deyil”, - həmsöhbətimiz deyib.

 

İ.İsmayıl əlavə edib ki, bu, bütün dünyanın problemidir deyə, onun ümumi həlli üçün hazır layihə yoxdur: “Bu, hər il başımıza gələn problem deyil deyə, hazır variantlar yoxdur ki, biz o variantlardan istifadə edək. Hələ bir müddət bu durum davam edəcək və bunu da təbii qarşılamaq lazımdır. Mənə elə gəlir ki, müəyyən zaman keçdikcə layihələr də təkmilləşəcək. Yəni buna görə də məsələni qınaq obyektinə çevirməyə ehtiyac yoxdur”.

Ucnoqta.az - Ölkə və dünya ilə bağlı xəbərlər

Sosioloq Əhməd Qəşəmoğlu da Azərbaycan əhalisinin bu cür qaydalara uyğunlaşmadığını düşünür: “Bu cür qadağaları hansısa kinoda görmək, yaxud bədii əsərdə oxumaq olardı. Ona görə də bu, əhali üçün çox qəfil və gözlənilməz oldu. Mənə elə gəlir ki, Nazirlər Kabinetində bu qərarlar qəbul olunmazdan əvvəl sosioloji araşdırma aparmaq lazım idi. Bunun üçün çox xərc tələb olunmurdu. Sadəcə küçəyə çıxanları dinləmək lazım idi ki, onlar nə üçün bu addımı atırlar? Bununla bağlı hər kəs öz fikrini bildirə bilərdi. Çünki insanlardan soruşanda, banka krediti olduğunu, icarə haqqını ödəyə bilmədiyini, ev kirayəsi verməli olduğunu, ailəsini saxlamaq məcburiyyətində qaldığını dediklərinin şahidi oluruq. Yəni bu insanlar potensial virus daşıyıcıları olduqlarını bilsələr də, əlavə çıxış yolu olmadıqlarını deyirlər”.

 

“Ona görə də çalışmaq lazım idi ki, bu mexanizmi quranda çətin durumda olan insanlar xüsusi nəzərə alınsın və onlara kömək edilsin. Bəlkə də hər bir kvartal üzrə xüsusi vəsiqələr paylamaq lazım idi ki, insanlar öz işlərini rahat görə bilsinlər. Sadəcə, biz hansı ölkədən hansı qərarlar eşidiriksə, dərhal tətbiq etməyə çalışırıq. Təcili olaraq öyrənməliyik ki, yerli xüsusiyyətlərdə hansı qərarlar insanlar arasında daha rahat qəbul oluna və effektli ola bilər. Onlar barədə də müəyyən təhlillər aparmağa ehtiyac var. Təəssüf ki, bu təhlillər aparılmadan qərarlar verilir. Ona görə də insanlarda qıcıq da yaranır, məsxərə də”, - müsahibimiz bildirib.

Banka borcu olan şəxs adını dəyişə bilərmi? – Hüquqi şərh » www ...

Hüquqşünas Nicat Gözəlov əvvəlcə ona diqqət çəkir ki, pandemiyanın böyük bir fəlakət olduğunu hər kəs dərk etməlidir: “Əlbəttə ki, evində hazırlığı olan insan bir neçə gün istirahətdən imtina etməlidir. Sadəcə, vətəndaşlarda qıcıq yaradan yeganə narahatlıq həmin vətəndaşların evə bağlı qaldığı günlərdə qidalarının olub-olmaması və sağlamlığının qorunması ilə bağlıdır. Çünki elə insanlar var ki, onlar həkimə getməli, tez-tez müayinələrdən keçməlidirlər. Digər məsələ isə bank və poçt xidmətləri ilə bağlıdır. Yəni vətəndaşda narazılıq yaradan məsələlərin bir hissəsini başa düşmək olar. 15 gün ərzində bank xidmətlərini həyata keçirənlər başa düşməli idi ki, fasilə vermək lazımdır. Yəni fasilə verilirdisə, ümumi hər kəsə şamil olunmalı idi. Hətta, indiki zamanda da banklar vətəndaşlardan tələb edir ki, kreditlərini ödəsinlər. Bir sözlə, insanların evlərində qida hazırlığı olsun, sağlamlıqlarının təminatı olsun və lazımsız məsələlərə görə, evdən çıxmağa məcbur edilməsinlər”.

 

“Mənə elə gəlir ki, fövqəladə vəziyyətin elan olunması indiki qərarlardan daha əlverişli ola bilərdi. Buna baxmayaraq, fövqəladə vəziyyət elan olunsaydı, bəzi monopolistlər, inhisarçılar və müəyyən istehsalçılar bundan ziyan görəcəkdi. Çünki fövqəladə vəziyyətin elan olunması ilə fors-majorun da meydana çıxması kimi vəziyyət yaranacaqdı. Artıq Ukrayna Ali Radası koronavirusla mübarizə üçün konsitutisiyaya əlavə maddələr daxil edib. Yəni ki, mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin hər birində fors-majorun nəzərə alınması var. Amma bu, bizdə olsaydı, mülki hüquq müdafiələri ilə bağlı çətinliklər yaranacaq və bu işdə maraqlı olan bank sektoru uduzacaqdı. Hesab edirəm ki, bu məsələlər bəzi adamların şəxsi maraqlarına xidmət etdiyi üçün hələlik bununla bağlı təkliflər ortaya qoyulmur. Bununla yanaşı, xalqını fikirləşən mütəxəssisləri də çağırıb məsləhət etmirlər. Ona görə də əhali deyilənlərin 60 faizində haqlıdır”, - hüquqşünas əlavə edib.

Müəllif: Mərahim Nəsib      6 Aprel 2020 21:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin