Xərçəng xəstələri koronavirusdan necə qorunmalı?

Xərçəng xəstələri koronavirusdan necə qorunmalı?

Nüfuzlu araşdırma mərkəzlərinin xüsusi tövsiyələri var

 

Koronavirus dünya üzrə yayılma sürətini artırır. Alimlərin xəstəliyə qarşı vaksin tapmaq cəhdləri də davam edir. Xroniki xəstəliyi olan insanların virusdan daha çox qorunması tələb olunduğu vaxtda, xərçəng xəstəliyi ilə bağlı suallar da yaranır. Xərçəng xəstəliyi özlüyündə ən ağır xəstəlik qrupuna daxildir. Bəs belə xəstələr Covid-19 riskindən necə qoruna bilərlər?

 

AYNA mövzu ilə bağlı bir sıra ölkələrin araşdırma mərkəzlərinin məlumatlarını təhlil edib.

 

ABŞ-ın Milli Onkologiya İnstitutu (US National Cancer İnstitute) davamlı xərçəng xəstələri ilə bağlı yeniliklərində Covid-19-la bağlı xəbərdarlığını pasiyentləri ilə bölüşüb. İnstitutun rəsmi internet səhifəsində qeyd olunub ki, bəzi xərçəng növləri və kimyaterapiya immun sistemini zəiflədir: “Bu səbəbdən Covid-19-a yoluxma riskinizi artıra bilər. Həmçinin xərçəng də daxil olmaqla, ciddi xroniki sağlamlıq vəziyyəti olan böyüklər və uşaqlarda Covid-19 kimi yoluxucu xəstəliklərdən daha ciddi fəsadların yaranma riski yüksəkdir”.

 

Amerika Xərçəng Cəmiyyəti isə (American Cancer Society) öz rəsmi internet səhifəsində onkoloji xəstələrə bütün yardımların verilməsi üçün 24 saat onlayn xidmət göstərir.

 

Almaniyanın ən böyük biotibbi tədqiqat müəssisəsi olan Almaniya Xərçəngi Araşdırma Mərkəzi (Deutsches Krebsforschungszentrum - DKFZ) 1300-dən çox alimi xərçəng riski amillərini müəyyənləşdirməklə və insanların xərçəngə tutulmaması üçün yeni strategiyalar hazırlamaqla yanaşı, Covid-19-a qarşı peyvənd axtarışına da cəlb edib. Mərkəz şiş diaqnozu olan və ya qoyulmayan, xəstəlikdən xəbəri olmayan insanları koronavirusa yoluxmamaq üçün tədbirli olmağa çağırıb: “Onkoloji xəstələrin də Ümumdünya Səhiyyə Təşkilatının bütün ölkələr üçün nəzərdə tutulan qaydalarına əməl etmələrini tövsiyə edirik. Xəstələr, geniş ictimaiyyət və səhiyyə işçiləri üçün xərçənglə bağlı bütün suallara fərdi alimlərin timsalında operativ cavab verməyə hazırıq”.

 

Türkiyənin Türk Tibb Onkoloji Dərnəyi və ölkənin koronavirusla bağlı yaradılmış qərargahı Covid-19 riskindən qorunmaq üçün xüsusi təlimatlar hazırlayıb. Həmin təlimatda deyilir:

 

“Covid-19 infeksiyası riski onkoloji xəstələrdə müalicənin başlanmasına və davam etdirilməsinə maneə deyil. Ancaq xəstələrdə müalicə qərarı, müalicə məqsədləri, xəstənin ümumi vəziyyəti və müalicə tolerantlığı nəzərə alınmaqla fərdi olaraq verilməlidir. Aktiv xərçəng müalicəsi almayan xəstələr üçün müntəzəm müayinələri təxirə salmaq olar. Aktiv müalicə alan xəstələr üçün isə, xəstənin və müəssisənin vəziyyətinə görə təxirə salınmış müalicə və müayinə təyinatları xəstə və onkoloq tərəfindən qiymətləndirilir.

 

Səhiyyə Nazirliyinin tövsiyələri, milli və beynəlxalq qaydalar xərçəng xəstələrində fərdi qoruyucu vasitələrin istifadəsi üçün etibarlıdır. Xəstənin, yaxınlarının və səhiyyə işçilərinin sağlamlıq riskini minimuma endirmək üçün bu mövzuya çox diqqət yetirmək lazımdır. Bir ziyarətçi xaricində stasionar ziyarətləri, müalicə və müayinəyə gələn xəstələrin sayını məhdudlaşdırmaq tövsiyə olunur”.

 

Azərbaycan Milli Onkologiya Mərkəzinin (rəsmi saytında son məlumat 11 martda verilib, o da Mərkəz binasının dezinfeksiyası ilə bağlıdır), elə onkoloq həkimlərimizin də bu gərgin vaxtda öz xəstələrinə, həssas qrupdan olan insanlara hər hansı kütləvi tövsiyələri eşidilmir. Ümumi şəkildə xroniki xəstəliyi olan insanların daha çox tədbirli, ehtiyyatlı olmaları məsləhətləri edilir. Hər halda onkoloji xəstələr daha çox diqqət tələb edən kateqoriyadır.

 

Azərbaycanlı onkoloq Cəlil Bağırov AYNA-ya açıqlamasında xərçəng xəstəsi olan insanların evdə oturmalarının vacib olduğunu deyib: “Xərçəng xəstələri, həm tibbi, həm də cərrahi müalicənin yaratdığı immun-supresif vəziyyəti səbəbindən virus xəstəliklərinə daha həssasdırlar. Covid-19-a yoluxma riski xərçəng xəstələrində digər şəxslərə nisbətən 3-5 dəfə daha yüksəkdir. Ona görə də, kimyaterapiya alan xəstələr ya xüsusi rejimdə müalicə almalı ya da şəxsi həkimin nəzarətində müalicəsini ev şəraitində davam etdirməlidirlər”.

Müəllif: Raminə Eyvazqızı      4 Aprel 2020 14:11
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin