Nazirlərin villaları, feministlərin aksiyası, sülhməramlılar... - Deputatlar gileyləndilər

Aktual

05.04.2022 - 15:12

Deputat narahatdır: "Azərbaycan dövlətini Rusiya sülhməramlıları ilə toqquşdurmağa çalışanlar açıq görünürlər"

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib. Gündəliyinə 17 məsələ daxil edilən iclasda əvvəlcə deputatlar gündəmlə bağlı fikirlərini səsləndiriblər. Öncə Milli Məclisin Sədri Sahibə Qafarova parlament nümayəndə heyətlərinin son günlərdə 1 işgüzar və 1 rəsmi səfərdə olduğunu xatırladıb və bu səfərlərlə bağlı təəssüratlarını bölüşüb. 

"Almatıda Üçtərəfli Birgə Bəyanatın bəndlərini xatırlatdım"

S.Qafarova deyib ki, martın 28-29-da Qazaxıstanın Almatı şəhərinə işgüzar səfərdə məqsəd MDB-nin Parlamentlərarası Assambleyasının 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək olub: “Assambleyanın 30 illiyinə həsr olunmuş təntənəli iclasda çıxış etdim. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuduqdan sonra mövzu ilə bağlı fikirlərimi bölüşdüm. Nəzərə çatdırdım ki, MDB Parlamentlərarası Assambleya siyasi, hüquqi, iqtisadi, humanitar və digər sahələrdə qanunvericilik fəaliyyətində təcrübə mübadiləsi üçün əlverişli müstəvidir.

"Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi nəticəsində Cənubi Qafqazda yaranmış yeni reallıqlar barədə də məlumat verdim. Bildirdim ki, postmünaqişə dövründə regionda sülh və əməkdaşlıq üçün perspektivlər yaranıb. Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Birgə Bəyanatın bəndlərini xatırlatdım. Bildirdim ki, Azərbaycan Bəyanat çərçivəsində öhdəliklərinə sadiqdir və Ermənistan tərəfi də öhdəliklərini yerinə yetirməli və münasibətlərin normallaşmasına çalışmalıdır. Xatırlatdım ki, biz Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə Ermənistandan hələ də cavab gözləyirik", - deyə spiker vurğulayıb.

Spiker: "Orada dedim ki, "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur"

"Məndən sonra çıxış edən Ermənistan Parlamentinin spikerinin Azərbaycana qarşı irəli sürdüyü, xüsusən, atəşkəs rejiminin pozulması barədə iddialara cavab olaraq dövlətimizin haqlı mövqeyini bütün iştirakçıların nəzərinə çatdırdım. Bildirdim ki, Üçtərəfli Birgə Bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazilərindən tamamilə çıxarılmalıdır. Bunu da qeyd etdim ki, “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Diqqətə çatdırdım ki, Azərbaycan bütün hərbi əsirləri Ermənistana təhvil verib. Üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisinə daxil olan erməni hərbi birləşmələrinin iştirakçıları Cenevrə Konvensiyasına uyğun olaraq hərbi əsir deyildirlər. Bir daha bəyan etdim ki, Azərbaycan Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd göndərmişdir və qarşı tərəfdən cavab gözləyir”, - deyə Qafarova əlavə edib. 

"Erməni tərəfi elə təqdim edir ki, guya bunlar bizə müqavilə təklif edirlər"

Milli Məclis Sədri ermənilərə cavab verməməyin mümkünsüz olduğunu vurğulayıb: "Erməni tərəfi elə təqdim edir ki, guya bunlar bizə müqavilə təklif edirlər. İclasda vəziyyət belədir ki, 200 nəfər zalda oturur, 150 nəfər kənarda onu izləyir. Buna cavab verməmək mümkün deyil. Ona görə mən xüsusi vurğuladım ki, sülh təklif edən bizik. 5 təklifi biz göndərmişik. Ermənilər həmişəki kimi ictimaiyyəti yanıltmağa çalışırlar".

Spiker həmçinin bildirib ki, Qazaxıstana işgüzar səfər çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli təmaslar da olub.

S.Qafarova eyni zamanda, Milli Məclisin nümayəndə heyətinin martın 31-dən aprelin 2-dək Özbəkistanda rəsmi səfərdə olduğunu bildirib və qeyd edib ki, bu ölkələrin rəsmiləri ilə məhsuldar görüşlər keçirilib: "Hesab edirəm ki, Milli Məclisin nümayəndə heyətinin Özbəkistana rəsmi səfəri uğurlu oldu və bununla əlaqədar mən nümayəndə heyətinin hər bir üzvünə dərin minnətdarlığımı bildirirəm”.

Deputat: “Nazirlərin Qubada, Xaçmazda villaları var, gedirlər, gəlirlər, yoldakı problemləri bilirlər"

Millət vəkili Vahid Əhmədov iclasda bildirib ki, Nazirlər Kabinetinin hesabat müzakirəsindən sonra Baş nazirlə və müavini ilə görüşüb: "Plenar iclasda Bakı-Quba yolu ilə bağlı Baş nazirə müraciət etmişdim. Nazirlər Kabinetinin hesabatının müzakirəsindən sonra Baş nazirlə və müavini ilə görüşdüm. Baş nazirin müavininin, eləcə də Nazirlər Kabineti üzvlərinin - nazirlərin Qubada, Xaçmazda villaları var. Onlar həmin yolla gedirlər, gəlirlər. Hesab edirəm ki, yoldakı problemləri bilirlər. Təəssüf ki, Prezidentə çıxmadan Azərbaycanda bəzi məsələlər həll edilə bilmir. Mən bir daha müraciət edirəm ki, bu məsələyə baxılsın".

Spiker komitə sədrinə tapşırıq verdi: "Musa müəllim, bu məsələni nəzərə almağınızı xahiş edirəm"

"Əgər təbii fəlakət nəticəsində kimsə xəsarət alıbsa, onun müalicəsi tibbi sığortanın xidmətlər zərfinə əlavə edilsə, yaxşı olar", - deyən deputat Razi Nurullayev bildirib ki, sədri olduğu Milli Cəbhə Partiyasının üzvünün ötən günkü güclü küləkdə xəsarət alıb:  "Xəsarət alan şəxsi xəstəxanaya yerləşdirmişik və plastik əməliyyata ehtiyacı yaranıb. Amma bu əməliyyatı icbari tibbi sığorta qarşılamır. Mən xahiş edirəm ki, buna baxılsın". 

Spiker Sahibə Qafarova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə müraciətlə bağlı tapşırıq verib: "Musa müəllim, bu məsələni nəzərə almağınızı xahiş edirəm".

Deputatdan Ukraynaya dəstək mitinqi keçirmək istəyənlərə sərt sözlər: “Sahiblərindən aldıqları təlimatları... ”

Deputat Bəhruz Məhərrəmov isə Bakıda Ukraynaya dəstək mitinqi keçirmək istəyənlərdən danışıb. Millət vəkili bildirib ki, bunların məqsədi bəllidir, sahiblərindən aldıqları təlimatları həyata keçirirlər: "Hamımız bilirik ki, Ukraynadakılara mitinqdən çox yardım lazımdır. Niyə bir dəfə Birinci Qarabağ müharibəsində itkin düşən 4000-ə yaxın azərbaycanlının taleyi ilə bağlı mitinq keçirmirlər? Xaricdə oturanlar niyə gedib Avropa Parlamentinin qarşısında Ermənistana qarşı aksiya etmirlər? 3-4 aydan bir feminist adıyla aksiyaya çıxırlar. Niyə bu feministlər erməni təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşən azərbaycanlı qadınların taleyi ilə bağlı mitinq keçirmirlər?”.

"İnsanlar avam deyil ki, bütün bunları hamı başa düşür. Mən öz dairəmin timsalında deyirəm, qohum-əqrabanızdan və 3-5 demaqoq və yazı-pozu ilə reketlik edənlərdən başqa heç kim dalınızca getmir. İnsanların seçimi bəllidir. İndi iqtidarla düşmənsiz, bu başqa məsələ. Xalqın fikrinə niyə hörmətlə yanaşmırsız? Bu nə düşüncədir, xalqın fikriylə hesablaşmıram, amma xalqı idarə etmək istəyirəm. Bax, budur bunların demokratik düşüncəsi”, - Məhərrəmov vurğulayıb.

Rüfət Quliyev: “Satışda vaxtı keçmiş qida məhsulları və dərmanlar var”

Deputat Rüfət Quliyev isə vaxtı keçmiş qida məhsullarından və dərmanlardan narahatlığını bildirib. Millət vəkili qeyd edib ki, bu gün bizim üçün ən vacib məsələ iqtisadi artım, inflyasiya ilə mübarizə və sosial problemlərin tezliklə həll olunmasıdır: "Bu gün ticarət şəbəkələrində kifayət qədər vaxtı keçmiş qida məhsulları satılır. Aidiyyəti qurum bu məsələdə işləyir, amma elə məsələlər var ki, dövlət bunu nəzarətə götürməlidir. Bu məsələyə dövlətin nəzarəti yüksək olmalıdır. Digər tərəfdən, bizdə satışda vaxtı keçmiş dərmanlar və onların tərkibləri barədə ciddi nəzarətə ehtiyac var. Dərmanların həm qiymət, həm də keyfiyyətinə nəzarət artırılmalıdır. Bununla yanaşı, çox istərdim ki, icbari tibbi sığorta ilə bağlı dinləmə keçirilsin”.

Spiker isə deputata cavab olaraq qeyd edib ki, belə bir dinləmə keçiriləcək: “Artıq icbari tibbi sığorta ilə bağlı dinləmə keçiriləcəyini bilirik”.

"Yeni "Ohanyan səddi", yaxud təmas xətti düzəltmək mümkün deyil"

“Azərbaycan Ordusunun Xocalının Fərrux kəndi və yüksəkliyinə nəzarətindən sonra ABŞ Dövlət Departamenti və bir sıra konqresmenin verdikləri açıqlamaları qəbuledilməz sayırıq. Azərbaycan öz ərazilərində ikinci ölkənin silahlı qüvvələrinin mövcudluğunun yolverilməzliyini dəfələrlə bəyan edib", - deyə çıxışına başlayan deputat Zahid Oruc vurğulayıb ki, Xankəndi də daxil, bütün ərazilərdə sülhün qarantı Azərbaycan dövləti və ordusudur: "Ona görə də Xocalıda, Əsgərənda, yaxud Kəlbəcərə yaxın ərazilərdə yeni "Ohanyan səddi", yaxud təmas xətti düzəltmək mümkün deyil. Beləliklə, son hadisələr iki il əvvəlki savaşın davamı sayıla bilməz. Çünki Prezidentin “müharibə bitib” bəyanatı qüvvədədir”.

Deputat vurğulayıb ki, rəsmi İrəvanın Azərbaycan Ordusunun Fərrux əməliyyatını “ermənilərin regiondan tam etnik təmizlənməsi” planı adlandırması həqiqətə uyğun deyil: "Çünki Azərbaycan Ordusu mülki ermənilərlə savaşmır. Eyni zamanda, erməni silahlılarının Qarabağdakı tör-töküntüləri nə ordu sayıla bilər, nə də yeni ərazi işğalları həyata keçirməyə qadir olan qüvvə. Azərbaycan ərazisində yalnız bir ordu var, o, Azərbaycan Ordusudur. Ona görə də sülh arzulayan erməni Qarabağda dinc yaşamaq istəyirsə, silahını öz millətçi-faşist qüvvələrinə qarşı çevirsin”.

Deputat: "Qafqazda və Azərbaycanda itirdikləri mövqeləri geri qaytarmaq üçün ən kiçik toqquşmalardan istifadə etməyə hazırdırlar"

"Azərbaycan dövlətini Rusiya sülhməramlı qüvvələri ilə toqquşdurmağa və belə planın arxasında gizlənməyə çalışanlar açıq görünürlər. Lakin Azərbaycan dövləti sülhyaradıcı qüvvələrə dəqiq məsuliyyət zonası və hüquqi çərçivə yaratdığından imzaladığı prinsiplərə sadiqdir. Geniş auditoriyası olan xarici media orqanlarında, eləcə də Serbiya Prezidentindən müxtəlif ekspert cəmiyyətlərinə qədər Rusiya-Ukrayna savaşı ilə Qarabağdakı hadisələr arasında paralellər aparılması, bağlantılar qurulması, ölkəmizin “ikinci cəbhə” açdığına dair iddialar sürülməsi 44 günlük müharibədən sonra regiondan çıxarılmış qüvvələrin daha çox işinə yarayır. 1990-cı illərdən fərqli olaraq, xalqımız belə ssenariləri görür və 44 günlük savaşın nəticəsində kənarda qalan dövlətlərin bu yolla bölgəyə qayıtmasına qətiyyətlə qarşıdır”, - Z.Oruc diqqətə çatdırıb.

Deputat bildirib ki, dünya tarixində ən böyük absurd hal ATƏT-in Minsk Qrupunun varlığı və onun üzvlərinin son hadisəyə eyni mövqedən verdikləri qiymətdir: "Necə ola bilər ki, yüzdən artıq dövləti Moskva əleyhinə birləşdirməyi bacaran və bütün iqtisadi, siyasi, hərbi təşkilatlardan Rusiyanı çıxaran ABŞ və Fransa Fərrux kəndi kimi dünya siyasəti üçün çox kiçik hadisədə vahid cəbhədən çıxış edirlər. Yəqin ki, Qarabağa aid olmayan Minsk Qrupu ABŞ və Rusiyanın tək ittifaqı kimi dünya tarixində əbədi qalacaq. Hazırkı Ukraynada savaşın köklərini SSRİ-nin dağılması zamanı Qarabağdan başlayan hadisələrə düzgün qiymət verilməməsi təşkil edir. Təəssüf ki, 44 günlük müharibədən sonra ərazi bütövlüyünü təmin etmiş Azərbaycana eyni yanaşmanı tətbiq edirlər. Bir sıra dövlətlər Qafqazda və Azərbaycanda itirdikləri mövqeləri geri qaytarmaq üçün ən kiçik toqquşmalardan istifadə etməyə hazırdırlar".

"Biz dünyaya deyirik ki, Ukraynaya göstərdikləri total dəstəyi ölkəmizə münasibətdə təkrarlamağınızı gözləmirik, lakin heç olmasa, qarşımızda durmayın. Bu, onların hüquqa və ədalət prinsiplərinə dair bəyanatlarını kağız parçasına çevirir”, - deyə deputat fikrini yekunlaşdırıb. 

Deputatlar gündəmlə bağlı fikirlərini bölüşdükdən sonra gündəlikdə olan qanun layihələrinin müzakirəsinə başlanılıb. 

Müəllif: Anar Bayramoğlu