Naxçıvan və Bakıdakı faciələrin izi ilə: yazılan və yazılmayan qanunlar üst-üstə düşməzsə...

Cəmiyyət

05.04.2022 - 09:04

Ruslan Hümbətov: “Bu cür hadisələrin qarşısını almaq üçün Əmək Məcəlləsində işəgötürənin vəzifələri konkret olaraq göstərilir”

Martın 31-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda 3 saylı orta məktəbdə aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində 4 nəfər həlak olub, bir nəfər xəsarət alıb. Bundan bir neçə gün sonra - aprelin 3-də isə Bakıda “Location club”da baş vermiş qəfil partlayış nəticəsində 1 nəfər dünyasını dəyişib, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb ki, onların da bəzilərinin vəziyyəti kiritik qiymətləndirilir.

Hər iki hadisədə də xəsarət alanlar arasında işçilərin olması istisna edilmir və bu hadisələr müxtəlif müəssisələrdə işçilərin təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirir. Bir neçə insanın həyatını itirməsi ilə nəticələnən bədbəxt hadisələr barədə mətbuatda ara-sıra məlumatlar yayılır. Naxçıvandakı məktəbdə, eləcə də Bakıdakı klubda baş vermiş hadisə də onu göstərir ki, bu cür qəzalar anidən, gözlənilməz hallarda olur və necə baş verməsindən asılı olmayaraq, səbəb hansısa təhülkəsizlik qaydasına laqeyd yanaşmadan qaynaqlanır.

Ümumi mənzərəyə baxdıqda isə məlum olur ki, işçilərin, eləcə də müəssisədə birbaşa və ya dolaysı ilə fəaliyyət göstərən digər şəxslərin təhülkəsizliyinin tam təmin olunduğunu demək olduqca çətindir. İşəgötürənlərin, müəssisə rəhbərlərinin laqeydliyi, işçinin iş, məvacib məcburiyyəti, yazılmamış qanunlar və s. hər biri özlüyündə ciddi bir amil kimi rol oynayaraq, gözlənilməz anlarda ölümlərlə, ciddi xəsarətlərlə nəticələnir.

Bu cür halların olmaması, olduğu təqdirdə hansı addımların atılmalı olduğu barədə AYNA əmək və sosial hüquq üzrə ekspert Ruslan Hümbətovla həmsöhbət olub.

- Ruslan bəy, işdə bədbəxt hadisə baş veribsə, işçinin hüquqlarını qorumaq hansı hallarda mümkündür? 

- İlk növbədə,  təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilatlarda işçi ilə əmək müqaviləsi bağlanmalı və elektron sistemə daxil edilməlidir. Yalnız bu halda hansısa bədbəxt hadisə baş verdiyində işçinin hüquqları qoruna bilər. 

- Naxçıvandakı hadisədə dörd nəfərin, Bakıdakı hadisədə isə bir nəfərin öldüyü deyilir. Lakin iş yerlərində xəsarət alanların, ölənlərin sayı hər dəfə belə çox olmasa da, ara-sıra kimlərinsə ciddi xəsarət aldığı, öldüyü barədə xəbərləri eşidirik. Bu cür halların olmaması üçün müəssisənin hansı addımları atması lazımdır?

- Tikintilərin böyük əksəriyyətində 50-dən artıq işçi çalışır. Müəssisənin 50 nəfərdən artıq işçisi varsa (ki, böyük ehtimalla, var), əməyin mühafizəsi üzrə mütəxəssis – mühəndis vəzifəsi təsis edilməlidir. Belə olduğu halda müəssisədə Əmək Məcəlləsinin 223-cü maddəsinə görə, əməyin mühafizəsi xidmətləri yaradılmalıdır. O isə öz növbəsində  iş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin aşkar edilməsi, istehsalatda baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin səbəblərinin və vəziyyətinin təhlil edilməsi, təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində əməyin mühafizəsi tələblərinə müvafiq iş yerlərinin və istehsal avadanlıqlarının attestasiya edilməsində, sertifikatlaşdırılmasında müəssisənin bölmələrinə köməklik göstərmək; işəgötürənin adından iş yerində əmək şəraitinin vəziyyəti, təhlükəli və zərərli istehsalat amillərindən müdafiə üzrə görülmüş tədbirlər haqqında işçilərə informasiya vermək; istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əmək xəsarəti almış işçilərə dəymiş zərərin ödənilməsi üçün sənədlərin hazırlanmasında iştirak etmək; müəssisədə hazırlanan layihə sənədlərinin əməyin mühafizəsi tələblərinə uyğun gəlməsi məqsədilə razılaşdırılması, işçilərə təlimatların keçirilməsi və s. kimi  bu sahaədə böyük işlər görür.

-  Təlimatların keçirilməsinin əhəmiyyəti nədir, hansı hallarda keçirilməlidir? 

- İşçilərin təliminin və ixtisas artırmanın bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə tutulmalıdır. İşəgötürən işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməlidir. Zərərli, təhlükəli işlərdə çalışan işçilərin qabaqcadan əməyin mühafizəsi üzrə təlimatlandırılması keçirilmədən əmək funksiyasının icrasına başlamasına yol verilmir. Təlimatlar işçi işə girərkən verilən giriş və ilkin təlimat, risk qiymətləndirilməsi nəticəsində vaxtı müəyyən edilən növbəti, eyni zamanda cari və növbədənkənar olur. Növbədənkənar təlimat bu cür bədbəxt hadisələr baş verdikdə, qanunvericilikdə dəyişiklik olduqda, Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi hansısa nöqsan aşkar etdiyində, müəssisəyə yeni avadanlıqlar gətirildiyində və yaxud texnoloji proseslər dəyişdikdə keçirilməlidir ki, bu cür bədbəxt hadisələrin qarşısını almaq mümkün olsun.

Hazırda sözügedən hadisələrdə risk qiymətləndirilməsinin aparılıb-aparılmaması barədə məlumatsız olsaq da, qeyd etdiyimiz kimi bu, vacibdir. Əmək Məcəlləsinin 64-cü maddəsinə və Nazirlər Kabinetinin 38 nömrəli qərarına görə, bütün müəssisələrdə iş yerlərində attestasiya keçirilməlidir ki, təhlükəlilik müəyyən edilsin. Bütün bunlar təhlükənin baş verməsinə qədər edilən işlərdir. Böyük ehtimalla, burada təhlükəlilik müəyyən olunmayıb, risk qiymətləndirilməsi aparılmayıb deyə belə bədbəxt hadisələr baş verib. Eyni zamanda bu hadisələrin qarşısını almaq üçün Əmək Məcəlləsində (maddə 215) işəgötürənin vəzifələri konkret olaraq göstərilir. Həmçinin 222-ci maddəyə görə də işəgötürən müəssisədə sağlam və təhlükəsiz əmək şəraiti yaratmağa borcludur. 

- Bəs bədbəxt hadisə baş verdiyi təqdirdə müəssisənin hansı məsuliyyətləri yaranır? 

- Müəssisə dərhal Dövlət Əmək Müfəttişliyinə məlumat verməlidir. Məlumatın verilməməsinə görə, inzibati məsuliyyət (1000 manatdan- 1500 manata qədər) nəzərdə tutulur. Eyni zamanda bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə 1800 manatdan 2200 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Məlumat daxil olduqdan sonra bədbəxt hadisənin araşdırılması üçün Dövlət Əmək Müfəttişliyində komissiya yaradılır. Bu da Əmək Məcəlləsinin 217-ci  maddəsi və Nazirlər Kabinetinin 27 nömrəli qərarı ilə tənzimlənir. 20 gün müddətində komissiya yaradılır və komissiyanın rəisi Dövlət Əmək Müfəttişliyinin vəzifəli şəxsi olur və müəssisənin özünün həmkarlarından – işəgötürənin o sahə üzrə lazım bildiyi adamlardan ibarət komissiya yaradılır. Bədbəxt hadisə baş veribsə, işəgötürənin ilk vəzifəsi məlumat verməklə yanaşı hadisə yerini baxış üçün olduğu kimi (digər işçilərin həyat və sağlamlığına təhlükə törətmirsə) saxlamaqdır.

Bundan başqa müəssisə Nazirlər Kabinetinin təhlükə potensiallı obyektlər siyahısındadırsa, o zaman Fövqəladə Hallar Nazirliyinə də məlumat verməlidirlər ki, onlar da öz növbəsində, texniki komissiya yaratsınlar. Həmçinin prokurorluq da cəlb olunur və onlar da öz tədqiqatlarını aparırılar. Eyni zamanda da sonrakı mərhələdə qəzanın hansı səbəbdən baş verməsi barədə prokurorluğun çıxaracağı qərarda Dövlət Əmək Müfəttişliyinin yaratdığı komissiyanın rəyi əsas götürülür. Rəy hazırlanarkən hadisə yerinə baxış keçirilir, şahidlər, günahkarlar dindirilər və bunun nəticəsində konkret rəy çıxarılır. Sağlamlığını itirmiş şəxslər varsa, komissiya müalicə profilaktika müəssisəsinə məktub göndərməli, ölüm hadisəsi varsa, məhkəmə tibbi ekspertizasının rəyini almalıdır. Bundan başqa komissiya istehsalat zədəsi ilə bağlı “İz formalı akt” tərtib edir. 

- Xəsarət almış şəxslərin müayinə və müalicə xərclərini kim qarşılamalıdır? 

- Əgər müəssisə işçilərini istehsalat qəzası və peşə xəstəliyindən sığortalayıbsa (bu, Əmək Məcəlləsinin 225-ci maddəsinə görə, məcburidir), bu cür bədbəxt hadisə baş verdikdə sığorta şirkəti xəsarət alanların müalicəsini öz üzərinə götürür, ölüm hadisəsi varsa, vərəsələrinə müəyyən ödənişlər verilir. Əgər müəssisə qeyd etdiyimiz kimi sığorta şirkəti ilə müqavilə bağlayıbsa, 3 gün ərzində onlara da məlumat verməlidir ki, onlar da iştirak etsin və kimlərin xəsarət aldığını öyrənsin, müalicəni qarşılaya və ya ödənişi edə bilsinlər. 

Zəruri qeyd: Ölüm halı 2 və ya 4 nəfərdən artıq olduqda və əlahiddə ağır nəticəli hadisə baş verdikdə Əmək Müfəttişliyi yox, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmri ilə komissiya yaradılır. Eyni zamanda Nazirlər Kabinetinin 27 nömrəli qərarında qeyd edilir ki, bu hadisə Naxçıvanda baş veribsə, Naxçıvan Muxtar Respublikasının özünün müvafiq orqanları tərəfindən tədqiqat komissiyası yaradılmalıdır.

Müəllif: Aləmdə Nəsib