Müraciətlərə baxılma müddətləri necə tənzimlənir?

Cəmiyyət

09.05.2022 - 12:37

Müraciətlərə müraciət daxil olduğu vaxtdan 15 iş günü müddətində baxılmalıdır

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər və hərbi qulluqçular və onların ailə üzvlərinin müraciətləri istisna olmaqla, ümumilikdə, müraciətlərə müraciət daxil olduğu vaxtdan 15 iş günü müddətində baxılmalıdır.

Müraciətlərə baxıldıqdan sonra müəyyən edilsə ki, bu müraciətlə bağlı yoxlama aparılmasına zərurət var, bu halda müraciətə 30 iş günü müddətində baxılmalıdır.

Əgər müraciətə baxılması zamanı müəyyən edilsə ki, əlavə məlumat alınması yaxud aidiyyatı üzrə digər idarə, müəssisə və ya təşkilata sorğu göndərilməsi lazımdır, bu halda müraciətə baxılması müddəti 30 iş günü olaraq uzadılır.

Hərbi qulluqçular və onların ailə üzvlərinin müraciətlərinə ən geci 15 iş günü müddətində baxılmalıdır.

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla əlaqədar daxil olmuş müraciətlər üzrə xidməti araşdırma təyin edilməli və bu araşdırma 20 iş günü müddətində başa çatdırılmalıdır. Əlavə araşdırma zərurəti olduqda bu müddət 10 iş günü uzadıla bilir. Dövlət orqanları istisna olmaqla, digər qurumlarda korrupsiya ilə bağlı hüquqpozmalarla əlaqədar müraciətlərə 20 iş günü müddətində baxılmalıdır.

Müraciətlərin edilməsi üsulundan biri də qəbul zamanı edilən müraciətlərdir.

Müraciətə baxmalı olan subyektlər (1-ci hissədə göstərilib) hər ay 1 dəfədən az olmayaraq qəbul günü müəyyən etməlidir.

Qəbulu müraciətə baxan subyektin rəhbəri yaxud vəzifəli şəxsi həyata keçirməlidir.

Əgər müraciətlə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsinə zərurət varsa, bu halda vətəndaşın qəbulu dərhal həyata keçirilməlidir.

Qəbulda vətəndaşın mütləq şəxsiyyətini eyniləşdirmək lazımdır, yəni ya şəxsiyyət vəsiqəsi, ya da digər rəsmi sənəd təqdim edilməlidir.

Qəbul zamanı vətəndaşın bütün müraciətləri qeydə alınmalı, yazılı müraciəti qəbul edilməli və zəruri işlər görülməlidir.

Qeyd: Bu məqalə “Tolerantlıq” Sosial Araşdırmalar İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən  “Aktiv  Gənclər Təşəbbüsü” layihəsi çərçivəsində dərc edilir.

Müəllif: Ayna.az