Bölgələrdə standartlara uyğun poliqon yox, ərazidən tullatını daşıyacaq qurum yox, tullantıları emal edən müəssisə yox
Rayon və şəhər icra hakimiyyətlərinin (Bakı və ətraf bura daxil deyil) aparatının saxlanması üçün, onların əhalisinin hər nəfəri hesabı ilə 2020-ci ildə orta hesabla 8-18 manat vəsait ayrılması nəzərdə tutulur. Aradakı fərq rayon ərazisində qəsəbə və kənd icra nümayəndəliklərinin sayına görə yaranır.
Müqayisə üçün deyim: Bizdə Bakını saymasaq, bələdiyyələrin adambaşına bütün xərcləri, ən yaxşı halda 3 manat edir. Onların təkcə aparatının saxlanma xərcini götürsək, heç 1 manat da etmir.
Ərazilərin abadlaşdırılmasına və təmizlənməsinə görə iri şəhərlər kənd rayonlarından daha böyük vəsait alır. Məsələn, Gəncə Şəhər İcra Hakimiyyəti hər sakin hesabı ilə 30 manatdan bir qədər çox, Lənkəran Rayon İcra Hakimiyyəti isə 5 manata yaxın büdcə vəsaiti alır.
Yeri gəlmişkən, bu yaxınlarda 2 rayonda kənd ərazilərinin məişət tullantılarından təmizlənməsinə məsul qurumların fəaliyyətinə dair kiçik bir hesabat hazırlamışdıq. Yerlərdə gerçədən biabırçılıqdır - kəndlər tullantıdan boğulur.
Bölgələrdə standartlara uyğun poliqon yox, ərazidən tullatını daşımağa səlahiyyəti üzərinə götürəcək qurum yox, tullantıları emal edən müəssisə yox. Ən yaxşı halda Mənzil Kommunal təsərrüfatları əhalinin cəmi 25-30%-nin yaşadığı rayon mərkəzinin təmizliyi ilə işini bitmiş sayır. Kənd sakinləri necə bir antisanitar şəraitdə yaşayırlar, öz işləridir…