“Sərhəddəki əsgər bircə güllə atsaydı, özümüzünkülər başına oyun açardılar”

Cəmiyyət

16.07.2019 - 15:21

Tarixçi: “Biz hər sahədə uduzuruq, diplomatiyamız bərbad gündədir”

 

“Mən bu Keşikçidağ məsələsinə və baş verən insidentə ciddi baxıram. Neçə gündür ki, sosial şəbəkələrdə bununla bağlı yazılar gedir. Böyük bir qrup da başlayıb qışqırmağa ki, bunu Rusiya edir, ehtiyatlı olun... Vallah, içi mən qarşıq yandığımızdan bunu deyirik. Acizlikdən bunu deyirik”.

 

Bu fikirləri, iyulun 14-də Azərbaycan-Gürcüstan sərhədində, Keşikçidağda baş vermiş insidenti AYNA-ya şərh edən tarixçi-alim Dilavər Əzimli səsləndirib. Onun sözlərinə görə, işin arxasında Moskva olsaydı, təxribatı elə bizim əlimizlə edərdi: “Çünki bölgədə ən yaxşı müttəfiqi bizik. Heç birimiz bunu sübut edə bilmərik ki, hadisəni Rusiya törədib”.

“İkincisi isə, burada söhbətin mövzusu Rusiya ola bilməz. Burada söhbət sərhəddə baş verən insidentdən və Azərbaycan əsgərinin, komandirinin qorxaqlığından gedir... Bilirsiniz niyə? Çünki əsgər, yaxud komandir arxayın deyil ki, atəş açılsaydı, onların başına sonradan nələr gələcəkdi. Yəni, onları istintaq edəcəkdilər ki, niyə atəş açdınız və dostluğa xələl gətirdiniz?”, - deyə alim bildirib.

 

D.Əzimli daha öncəki illərə də nəzər salıb: “Biz həmişə belə olmuşuq. 1991-ci ilin yanvar-fevral aylarında Ağdərənin Narınclar kəndində bir qrup tələbə ilə yerli özünümüdafiə dəstələrinə kömək edirdik. Gecələr postda dayanırdıq. Kənddə cəmi dörd tüfəng var idi. Dörd tərəf erməni kəndi idi. Hamısı da müsir silahlarla silahlanmışdılar. O zaman ermənilər bizə atəş açırdılar. Biz atəş açan kimi dərhal milis (sonradan polis) gəlib izahat istəyirdi ki, niyə atdınız? Deyirdik ki, “neyniyək, gəlib qız-gəlinləri əsir aparsınlar?” Bizə deyirdilər ki, “olmaz, yuxarıdan göstəriş var” və başlayırdılar tüfəngləri yığmağa”.

 

O, hazırda da oxşar vəziyyətin yaşandığını qeyd edib: “İndi eyni vəziyyəti bizə gürcülərlə edirlər. Onlara da torpaq verək? Biz hər sahədə uduzuruq. Diplomatiyamız bərbad gündədir. Hamı bir nəfərin işarəsini gözləyir. Heç kəs yerində deyil. Bu məmurlar istefa verməlidirlər. Baxın, son on ildə Dağlıq Qarabağ tarixi ilə bağlı ermənilər 4 milyon məqalə, kitab yazıblar, biz isə dörd min. Müqayisə edin. Dostum İlhami Tiflis Gürcüstan tarixi ilə bağlı məqalə yazır, onu çap etmirlər. Nə yaxaşı ki, bir-iki milli sayt var, onları yayımlayır. Bu Tiflis sənin qədim şəhərin olub. Bu faktı ölkə əhalisinin neçı faizi bilir? Dünya əhalisi bunu bilirmi? Bunu da Rusiya edir?”

 

“Deyirlər ki, “demə, gürcülərin xoşuna gəlməz”. Bu da axırı. Siz bunu istəyirdiniz, cənablar. İndi nəyi gözləyirsiniz? Hərəkət edin də. Bir dostumuz bir dövlət tədbirində bununla bağlı çıxış edəndə bir qudurmuş jurnalist onun üzərinə qırğı kimi yerimişdi ki, “hay-küy salmayın, hər şey nəzarətdədir”. Budurmu nəzarət? O zaman Qarabağ barəsində də deyirdiniz ki, hər şey nəzarətdədir. Yorulduq bu sözlərdən. Torpağa özünün qeyrəti kimi baxmayan məmurdan bu Vətənə övlad ola bilməz”, - deyə Əzimli vurğulayıb.

Müəllif: Ayna.az