Xırdalanda əsəbləri tarıma çəkən vəziyyət nə qədər davam edəcək?

Cəmiyyət

01.10.2019 - 23:01

Xırdalanda insanları yoran, əsəblərini tarıma çəkən biabırçı vəziyyətin nə zamana qədər davam edəcəyini öyrənə biləcəyimiz kimsə yoxdur


Bu haqda dəfələrlə yazılıb, bəlkə təkrar deməkdə fayda oldu: 250-300 min əhalisi olan, "şəhər" statusu qazanmış bu ərazinin demək olar ki, yol infrastukturu yox səviyyədədir.  


Xırdalanın mərkəzi küçəsində belə normal 4 zolaqlı yol yoxdur. Yolboyu avtobusların dayanacaqda sərnişiniləri mindirib-düşürməsi üçün xüsusi yol çiyinləri yoxdur. Ona görə də dayanacaqlar elə yolun hərəkət zolağındadı. Beləliklə də avtobuslar dayananda bütün nəqliyyatın hərəkəti dayanmış olur. 


Belə vəziyyətdə indi görün nə baş verir: taksilər də dayanacların önünüdəki zolağı zəbt edir, avtobuslar dayanacağa yaxınlaşa bilmədiyindən həmin dar yoldakı bir hərəkət zolağını da zəbt etmək məcburiyyətində qalır. 


Beləcə məktəbə, işə gedən insanların əsəbləri, zamanı, izafi benzin hesabına pulu pinti idarəetmənin qurbanına çevrilir.

 

Bütün bu probelmlərin bir köklü səbəbi var: vətəndaşın səsi ilə seçilməyən, onun problemini həll etməyəndə vətəndaşın səsilə kürsüdən atılan idarəçiliyin olmaması.


Yeri gəlmişkən, 2001-ci ilin oktyabrından dövlət şəhərsalma normaları qəbul edilib. Xırdalandakı bu biabırçı şəhərsalma nümunələrinin əhəmiyyətli hissəsi məhz elə həmin standartların qüvvədə olduğu zaman ərsəyə gətirilib.


Yenə də ümid edək ki, Xırdalanda yolları genişləndirmək imkansız görünsə də, avtobuslar üçün hərəkətə mane olmayan dayanacaqların yaradılmasını, həmin dayanacaqlara taksiləri buraxılmamasını həll edəcək bir qurum tapılacaq...

Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert