Mövcud informasiya müharibəsinin reallıqları: Üstün və zəif cəhətlərimizdən agah olaq
Qarabağdakı hərbi əməliyyatlarla əlaqədar dezinformasiyaların yayılmaması üçün, Azərbaycan hökuməti müvəqqəti olaraq ölkə ərazisində internetə girişə məhdudiyyət qoyub. Xüsusilə, sosial şəbəkələrə giriş xeyli dərəcədə məhdudlaşdırılıb.
Azərbaycan Ordusunun cəbhədə uğurlu əməliyyatlar keçirdiyi bir zamanda, ölkəmizin informasiya savaşı hansı səviyyədə təşkil olunub. AYNA mövzu ətrafında PR mütəxəssislərlə həmsöhbət olub.
Vüqar Baba hazırda Azərbaycan mediasına fokslandığını deyib: “Çalışıram, erməni mediasını izləməyim ki, onların təsirinə düşməyim. Artıq burada bir PR-çı kimi yox, bir vətəndaş kimi davranıram. Dünya mətbuatında erməni tərəfin yaydığı məlumatların dünya üzrə tirajlanması daha çoxdur, nəinki Azərbaycan mediasının yaydığı məlumatlar. Bunun səbəbi isə həm media qurumlarının, həm də dövlət qurumlarının zəif kommunikasiyasının zəif təşkil olunmasıdır. İkinci səbəb isə ermənilərin bir çox nüfuzlu mətbuat orqanları ilə sıx əlaqələrinin olmasıdır”.
“Etiraf edək ki, Azərbaycan həqiqətlərini Türkiyə mediası dünyaya yaymaqla bizə informasiya müharibəsində çox yardım etmiş olur. Çünki dünya mətbuatı bizə yox, Türkiyə mətbuatına istinadən məlumatları daha çox paylaşır. Bunun bir səbəbi isə bizdə peşəkar yanaşmanın az olmasıdır. Bizdə mətbuata açıqlama verən ekspertlər, millət vəkilləri məsələyə, sanki qiybət edirmiş kimi münasibət bildirirlər. Türkiyə mətbuatına cəlb olunan ekspertlər isə verliş boyu analizlərini, təhlillərini tamaşaçılarla bölüşürlər. Sanki onlar bizim ekspertlərdən daha çox bu məsələdən xəbərdardırlar. Xarici media üçün daha peşəkar çıxışlar maraqlıdır, nəinki hər hansı ekspertin ürəyindən qopan ağrını danışması”, - müsahibimiz bildirib.
V.Babanın sözlərinə görə, bizdə daha bir problem hərbi jurnalistlərin barmaqla sayılmasıdır: “İllərlə müharibə şəraitində yaşayan bir dövlətdə hərbi jurnalistlərin olmaması da başqa bir problemdir. Şou verlişi aparan aparıcı hərbi ekspertə suallar ünvanlayır. Ondan öz istədiyi cavabları almağa çalışır. Bu da nəticədə keyfiyyətsiz bir verlişə səbəb olur. Axı hərbidən anlayışı olmayan bir jurnalistdən bundan artığını gözləmək olmaz. Həmçinin, jurnalistə araşdırma yazı üçün bir gün vaxt verilməsi və tez yazıb təhvil verilməsinin tələb olunması da problemlər meydana çıxarır”.
Digər mütəxəssis Anar Əsgərov isə hazırda informasiya savaşının təşkili səviyyəsini daha yüksək qiymətləndirir: “Bu dəfə Azərbaycanda bütün qurumlar koordinasiyalı iş qurub. Bu da daha uğurlu effekt verib. İstər qurumlararası, istər xarici təşkilatlar ilə münasibət çox uğurlu gedir. Həm ön cəbhədə, həm də informasiya savaşında bu dəfə tam üstünlük bizdədir. Ermənilərə bu cür koordinasiyalı işimiz sərf eləmir. Çünki onların dezinformasiya yaymalarına mane oluruq”.
“Belə ki, əvvəllər onlar azərbaycanlıların adları ilə saxta profillər açırdılar. Cəbhədə vəziyyət bir qədər gərginləşən kimi bu profillərlə Azərbaycan dilində özlərinə sərf edən məlumatları paylaşaraq Azərbaycanda dezinformasiya yaymağa başlayırdılar. Biz bunu əvvəlki savaşlar zamanı araşdırma nəticəsində öyrənmişik. İndi sosial şəbəkələrin müvəqqəti olaraq bağlanması onların bu cəhdlərinin də qarşısını aldı. Bir sözlə, müharibə şəraitində ən peşəkar yanaşma aparırıq və nəticələrimiz də uğurludur”, - o bildirib.
Əsgərov hesab edir ki, hazırda Azərbaycan xarici media ilə də əlaqələri çox güclü qurub: “Bir çox beynəlxalq media qurumları Azərbaycanın xəbərlərini öz saytlarına yerləşdirir. Amma təbii ki, düşmən beynəlxalq mediada daha güclüdür. Bizdə əlaqələr güclüdürsə, bir çox nüfuzlu media qurumlarında məhz ermənilərin özləri yüksək postlarda yer alırlar. Bu da ermənilərə məxsus xəbərlərin xarici mediada daha çox paylaşılmasına səbəb olur. Hətta, bizim xəbərlərin həmin beynəlxalq mediada tirajlanmasına imkan vermirlər. Ona görə mətbuat nümayəndələri belə məsələlərdə diqqətli və soyuqqanlı olmalıdırlar”.