Cəmiyyətdə müharibə söhbətləri: <font color=red> ŞAYİƏ və REALLIQ</font>

Aktual

07.09.2020 - 10:25

Sosial mediada və xalq arasında dolaşan müharibə ehtimalları nə qədər realdır – hərbi əməliyyatlar gözlənilirmi?

 

Bir müddətdir ki, Qarabağda hərbi əməliyyatlar başlayacağına dair cəmiyyətdə ehtimallar yaranıb. Bununla bağlı gəzən fikirlər xalq arasında da bir növ ziddiyyətlərə səbəb olub. Sosial mediada və xalq arasında dolaşan müharibə ehtimalları nə qədər realdır - hərbi əməliyyatlar gözlənilirmi? Müharibə olacağı təqdirdə, qələbə şansımız nə qədərdir? Ümumilikdə, müharibəyə hazırıqmı?

 

AYNA-nın həmsöhbəti, politoloq Elçin Mirzəbəylinin qənaətincə, müharibə elə bir hadisədir ki, o, yalnız baş verəndə təsdiqini tapa bilər: “Bu baxımdan, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlayacağını, yaxud Ermənistanın növbəti təxribatına cavab verəcəyini öncədən dəqiq şəkildə söyləmək nəinki ekspertlər üçün, hətta müəyyən qədər kəşfiyyat xarakterli məlumatlara malik olan insanlar üçün də mümkün deyil. Sosial şəbəkələrdə, bəzi xəbər saytlarında və sizin dediyiniz kimi, xalq arasında müharibənin olacağı barədə məlumatların yayılmasına gəldikdə isə, bunun öz səbəbləri var: Əvvəla, Azərbaycanın Tovuz rayonu istiqamətində erməni təxribatının qarşısının alınması zamanı baş verənlər, yüksək rütbəli zabitlərimizin şəhid olması, dünyanın müxtəlif ölkələrində Azərbaycan diasporu fəallarının keçirdikləri aksiyalara ermənilərin zorakı müdaxiləsi ictimai rəydə döyüş əhval-ruhiyyəsini gücləndirib. Azərbaycan xalqı mövcud vəziyyətlə barışmaq istəmir, torpaqlarımızın azad olunması üçün öz qətiyyətli mövqeyini, ordu ilə birlikdə olduğunu nümayiş etdirir”.

QMİ-nin tövsiyələrini alqışlayıram" -

“Digər tərəfdən, qardaş Türkiyə hərbçilərinin Azərbaycana gəlişi və ölkəmizin müxtəlif bölgələrində keçirilən genişmiqyaslı birgə hərbi təlimlər, bu təlimlərin həm sosial şəbəkələrin Azərbaycan seqmentində, həm düşmən ölkədə doğurduğu rezonans müharibə əhval-ruhiyyəsinin güclənməsinə rəvac verib. İctimai rəyə təsir edən amillərdən biri də Ermənistan Baş Nazirinin və xanımının Dağlıq Qarabağa səfərləri, təhrikedici bəyanatlar verməsi, davranışlar sərgiləməsidir. Bu sıraya Ermənistana ötürülən silahlar, Azərbaycan rəsmilərinin baş verənlərə sərt və qətiyyətli münasibəti, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik missiyasının de-fakto sıradan çıxması və digər bu kimi amilləri də əlavə etmək olar. Nə qədər ki, Azərbaycan torpaqları işğaldan azad edilməyib və Ermənistan məğlubiyyətə uğradılmayıb, müharibənin hər an baş verməsi ehtimalı var. Müharibənin alovlanmasının səbəbləri, təhrikedici, stimullaşdırıcı amillər isə müxtəlif ola bilər”, - ekspert deyib.

 

Mirzəbəyli şübhə etmir ki, müharibə başlayarsa, qələbə Azərbaycanın olacaq: “Azərbaycan ordusunun döyüş qabiliyyəti, hərbi-texniki imkanları hazırda Ermənistandan xeyli üstündür. Bu sıraya insan resurslarını və xalqın vahid mövqeyini də əlavə etsək, müharibədə qalib gələcəyimizə şübhə etmirəm. Bizim məğlub olmaq şansımız yoxdur! Qənaətimə görə, ölkə olaraq müharibəyə hazırıq. Bununla yanaşı, hesab edirəm ki, peşəkar ordu quruculuğu istiqamətində daha intensiv addımlar atılmalıdır və bu proses mümkün qədər sürətlənməlidir. Hərb sənətdir və müharibəni də bu sənəti mənimsəyən peşəkarlar aparmalıdır”.

 

Siyasi şərhçi Kənan Rövşənoğlu isə AYNA-ya açıqlamasında, sosial media və xalq arasında yayılanların anons deyil, şayiə olduğunu qeyd edib: “Çünki rəsmi bir xəbər olsa, yəqin ki, bu, media vasitəsilə elan olunardı. Ona görə də indi dəqiq zaman göstərib, hansı gündə müharibə olacağını demək çətindir. Amma biz 26 ildir, sadəcə atəşkəs rejimində yaşayırıq və ötən illərin, yəni 2014, 2016 və 2020-ci ilin iyul hadisələri göstərdi ki, bu atəşkəs həddən artıq kövrəkdir, böyük müharibə hər an baş verə bilər. Yəni biz istəməsək belə, müharibəyə hazır olmalıyıq”.

Bakupost.az - Seyidin sənədi

“2016-ci ilin aprel və 2020-ci ilin iyul döyüşləri göstərdi ki, Azərbaycan xalqı müharibəyə hərtərəfli hazırlıqlıdır. İnsanların cəbhə xəttində və arxada könüllü olaraq orduya qatılmaq müraciətləri, şəhid dəfnlərindəki kütləvilik və cəbhəyə könüllü yardımların toplanması xalqın mənəvi-psixoloji olaraq torpaqların azadlığı uğrunda böyük müharibəyə hazır olduğunu göstərirdi. Yəni Azərbaycan siyasi və hərbi rəhbərliyi də elan edib ki, ölkə hər an başlayacaq müharibəyə hazır olmalıdır və məncə də hazırdır. Və bizi hər an müharibə gözləyir. Çünki sonuncu Tovuz hadisələri də göstərdi ki, hər an cəbhədə təxribat və irimiqyaslı hərbi əməliyyatlar baş verə bilər”, - müsahibimiz vurğulayıb.

 

Rövşənoğlunun fikrincə, müharibə olacağı təqdirdə, qalib gəlmə şansımız yüksəkdir: “Əlbəttə, hər bir azərbaycanlı inanır ki, müharibə olsa, torpaqlarımızı azad edəcəyik, qalib gələcəyik. Amma bütün bu mənəvi-psixoloji tərəfləri bir kənara qoyub soyuq başla analiz eləsək belə, qalib gələcəyimizə inancımız yüksəkdir. Əlbəttə, müharibə, xüsusən də müasir dövrdə təkcə cəbhədə hərbçilərin iştirak etdiyi silahlı qarşıdurma deyil, bütün ölkənin cəlb olduğu hərbi, siyasi, diplomatik, media, iqtisadiyyat və digər sahələrin səfərbər olunduğu kompleks fəaliyyətdir. Azərbaycanın iqtisadi, maliyyə, sənaye, demoqrafik, hərbi-texniki və nəhayət mənəvi-psixoloji baxımdan imkanları daha böyükdür. Çünki Azərbaycan xalqı 26 ildən çoxdur nəhayət müharibənin başlayacağı, işğal olunmuş ərazilərin azad edilməsi fürsətinin yaranacağı günü gözləyir. Bu arzu ilə yaşayır insanlarımız”.

 

“Bütün bunları düşünərək, Azərbaycan xalqının müharibəyə hazır olduğuna və müharibə olacağı təqdirdə, qalib gələcəyinə inanıram. Əlbəttə, düşmənimiz də zəif deyil, soyuq başla düşünməliyik ki, bizə qarşı olan erməni heç də zəif deyil, 100 il əvvəl təşkilatlanmış, qisasçı, dünyaya terror təşkilatları "bəxş eləmiş", bizə nifrət hissi ilə tərbiyə olunmuş bir cəmiyyətdir. Bu savaş asan deyil, amma yuxarıda qeyd etdiyim kimi, işğala məruz qalmış, müharibə zamanı ağır itkilər yaşamış xalq olaraq Azərbaycan xalqı mənəvi və ruhani olaraq bu müharibəyə hazırdır. Düşünürəm ki, müharibə olarsa, xalqı səfərbər edib qələbəyə aparmaq mümkündür”, - şərhçi əlavə edib.

Müəllif: Bünyamin