MAQATE Zaporojye AES ətrafında təhlükəsizlik zonası yaratmaqda israrlıdır

Dünya

15.03.2023 - 11:37

Qrossi: “Mən təslim olmaq niyyətində deyiləm, çox inadkaram”

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasının (AES) ətrafında təhlükəsizlik zonası yaratmaqda israrlı olduqlarını açıqlayıb. AYNA xəbər verir ki, bu barədə Qrossi Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxışı zamanı deyib.

MAQATE rəhbəri qeyd edib ki, danışıqlar prosesindəki çətinliklərə baxmayaraq, qarşıya qoyulan məqsədə nail olacaqlar.

“Danışıqlar zamanı tez-tez məyusluq yaşayıram. Lakin mən təslim olmaq niyyətində deyiləm, çox inadkaram", deyə Qrossi vurğulayıb.

MAQATE rəhbəri həmçinin bildirib ki, danışıqlar prosesində diplomatlar, nüvə ekspertləri və hüquqşünaslarla yanaşı, çoxlu sayda hərbi qulluqçu da iştirak edir: “Aktiv hərbi əməliyyatlar şəraitində məcburi razılaşmaların əldə olunması asan deyil”.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında AES-ə Qrossinin rəhbərlik etdiyi MAQATE missiyası baş çəkib. Bundan sonra MAQATE-nin bir neçə əməkdaşı müşahidəçi qismində orada qalıb. Daha sonra hərbi əməliyyatlarla bağlı fövqəladə halların qarşısını almaq üçün stansiyanın ətrafında təhlükəsizlik zonasının yaradılmasını tələb edən hesabat yayılıb. Bu layihəni müzakirə etmək üçün Qrossi Rusiya və Ukrayna tərəflərinin nümayəndələri ilə danışıqlar aparır.

 

Müəllif: Ayna.az