Zelenski: "Paytaxtımıza qayıdan hər bir səfirlik qələbəmizə inamın sübutudur"
Ukraynanın paytaxtı Kiyevdə 50 ölkənin səfirliyi fəaliyyətini tamamilə bərpa edib. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə ölkənin Prezidenti Volodimir Zelenski müraciətində deyib.
Prezident qeyd edib ki, bu, nəinki praktiki cəhətdən, həm də rəmzi mənada çox vacibdir: "Paytaxtımıza qayıdan hər bir səfirlik qələbəmizə inamın sübutudur. Rusiyanın bizə qarşı apardığı müharibədə Ukrayna öz dövlətçiliyini qoruyacaq”.
"Bundan sonra ölkədə fəaliyyətə başlayan səfirlər etimadnaməsini sadəcə Kiyevdə deyil, Ukrayna xalqının müqəddəs, tarixi və dövlətçilik mərkəzi sayılan Müqəddəs Sofiya kilsəsində təqdim edəcəklər. Səfirlərin etimadnaməsini məhz orada qəbul etməklə biz ukraynalıların kimliyini nümayiş etdiririk. Bununla digər xalqların nümayəndələrinə ən yüksək ehtiramımızı bildirir, həmçinin onlardan maraqlarımıza və tariximizə eyni hörməti və səmimiyyəti gözləyirik”, - deyə Zelenski vurğulayıb.