İtirmək qorxusu...

Mədəniyyət

18.04.2021 - 22:44

Arxasınca qaçdığımız arzular heç vaxt ölmür

 

Yuxusuz gecələrin yaxşı tərəfləri də var: azadlıq kimidir, əlindən tutub fikirləşməyə əngəl olan kimsə yoxdur. Hər kəs yatır… Bəziləri isə hələ də içir. Yuxu zamanı yola verməyə bənzəyir axı, yaşayırsan, ancaq hiss etmirsən. Qarşındakı viski şüşəsi kimi soyuqsan, buzsan, ərimirsən və üşüdüyünü anlamırsan.

 

Keçən il bir şeir yazmışdım, başdan-ayağa cəfəngiyyatlar, yalanlarda qafiyələnmiş frazeolgiyaların toplantısı, tanrıların növbədənkənar iclaslarının humanitar qərarları kimi. Niyə cəfəngiyyat? Çünki başqalarına sırımaq istədiyin uydurma hisslər heç vaxt addımlaya bilməz. Bütün insanlar yaşamaq istədiyi həyatın intizarı ilə köçür dünyadan. 

 

Qorxularımızı həmişə cəsarətimizdən çox sevmişik. Məğlubiyyətlərimizin kökündə də bu dayanıb. Bizi səsləyən uğurlara doğru hisslərimizlə addımladıqca özümüzdən uzaqlaşdığımızdan ürkmüşük. Qürurumuz qələbəmizdən qiymətli, onu əyilib götürməmək isə səadətimizdən uca olub.

 

Xoşbəxtliyi qazanmaqda deyil, tapmaqda axtarmışıq: sevmədən, mənimsəmədən və sahib olmadan. Nə qədər ki, qüruru əyilməməklə, uğuru tale ilə, bəxtlə əlaqələndirəcəyik, qocalacağıq, ancaq müdrikləşməyəcəyik. Lap elə yazdığım şeirin son sətrindəki kimi…

 

Mətləbdən uzaqlaşmadan deyim ki, yazdığım şeirlərin heç birinin ilhamla, bədahətlə heç bir əlaqəsi olmayıb. Xaqanidən Vahabzadəyə, Homerdən Şekspirə kimi sənətkarların ilham pərilərinin təsirindən qalaq-qalaq kitablar yazdığına şübhə ilə yanaşmışam. O şairlərin heç biri həmin pəriləri nə görüblər, nə səslərini eşidiblər, nə də ki, onlarla sevişiblər – bütün bunlar bir gecə belə, baş verməyib. Ancaq zavallılarda həmişə itirmək qorxusu tükənməz olub.

 

“Qatar yola düşəndən sonar anlayırsan qayıtmağın dəyərini” – Son sətir belə idi. Nə vaxtsa, elə gecənin ən tənha saatında belə, üzümə su töküb yuxudan oyatsalar, düşünmədən söyləyə biləcəyim misradır bu. İllərin təcrübəsini yaddan çıxarmaq asan başa gəlməz, elə bu fraza kimi. Bunu hansısa ifritənin bir axşam əlimi sıxıb sağollaşmasından sonra yazsaydım, yəqin ki, uşaqlıq oyuncaqlarım kimi çoxdan unudulub, dəyərini hələ doğulmamışdan itirərdi. Qatarsa stansiyada dayanmadan ötüb keçərdi. Arxasıyca qaçdığımız arzular, təəssüf ki, heç vaxt ölmür.

 

Ölmək kimidir itirmək qorxusu da: Bir dəfə doğulur və ömür boyu yoldaşın olur - ailədə, işdə, dostluqda, qurduğun münasibətlərdə. Bəzən anlamadan, ya da fərqinə varmadan mətin addımlarda irəlilədiyin bir gündə deyə bilmədiyin, ifadə etməyə cəsarətin çatmadığı hisslər qarşısını kəsir. Gücsüzlyünü dərk edirsən, əyilməzliyin, qürurun köləsi olduğunu başa düşürsən. Bax itirmək qorxusu elə oradadır - cəsarətinin arxasında, qürurunun qoynunda yuva qurub mürgüləyir.

 

Əyilsən - qüruruna, arxaya dönsən - cəsarətinə xəyanət edəcəksən. Başlayırsan uşaqlığını, “cız” deyə qorxudulduğun günləri lənətləməyə. Səni böyütmək üçün göstərilən qayğıların, əslində, səni nə qədər kiçiltdiyini anlayırsan.

 

Oxumaq, yazmaq öyrənirik, hərfləri qavrayandan ölənə kimi mükəmməllik üçün, dahilik uğrunda çalışırıq. Bütöv, tam ola bilmədikcə insanlar öldürürük, yalanlar danışır, qəlblər qırırıq. Bir təfərdə əlimizin çatmayacağı qədər xəyallar qururuqsa, başqa bir yerdə çoxmərtəbəli ümidləri uçururuq. Bəlkə də, elə başdan qüsurlu doğuluruq: başımızla düşünür, ürəyimizlə sevir, bədənimizlə sevişirik…

Müəllif: Xəzər Əlizadə