UNESCO-nun xoşməramlı səfirinin bəd məramı: “Azərbaycanı məcbur edin ki...”

Mədəniyyət

16.02.2022 - 21:47

Həkimlər Klinikalar SEO Xidməti

Bu, UNESCO-nun xoşməramlı səfiri adına necə uyğun gəlir?

UNESCO-nun təkcə xristian mədəni irsini deyil, həm də müsəlman abidələrini monitorinq etmək məqsədilə Azərbaycan və Ermənistana səfər etmək niyyəti İrəvanı ciddi narahat edib. Axı İrəvan müstəqillik əldə etdiyi andan təkcə işğal etdiyi Azərbaycan torpaqlarında deyil, Ermənistan ərazisində də müsəlmanların tarixi-mədəni irsini məqsədyönlü şəkildə məhv edib.

Azərbaycan hakimiyyətinin erməni yazıları əlavə edilərək erməniləşdirilən alban dini məbədlərinin bərpası üçün xarici mütəxəssislərin iştirakı ilə işçi qrupu yaratmaq qərarı Ermənistanı daha da qorxudub. 1836-cı ildə Rusiya imperatoru I Nikolayın “Rusiyada erməni qriqorian kilsəsinin işlərinin idarə edilməsi haqqında Əsasnamə”si dərc edildikdən sonra Alban kilsəsi ləğv edilərək, onun bütün əmlakı, arxivləri və məbədləri Eçmiədzinə verildi. Bu, Qafqaz Albaniyasının tarixi-mədəni irsinin erməni kilsəsi tərəfindən tam mənimsənilməsinə səbəb oldu. Fərman verildikdən sonra erməni ruhaniləri Qarabağın alban kilsələrinin üzərinə erməni kitabələri vurmağa başladılar və bununla da onların bu bölgədə mövcudluğunu tarixən əsaslandırdılar.

Bu faktı erməni alimlərinin özləri də təsdiqləyirlər. Məsələn, akademik S.Yeremyan yazır ki, “Qədim Albaniyanın erməniləşmiş hissəsində, qədim alban vilayətlərinin ərazisində - hazırda erməni əhalisinin yaşadığı Artsax və Utikdə ərəblərdən əvvəlki dövrə aid olan çoxlu sayda xristian abidələri qorunub saxlanılıb”.

Hətta Azərbaycanın Qarabağ bölgəsindəki ən qədim xristian məbədi olan Amaras monastırı orta əsr mənbələrinə görə, Qafqaz Albaniyasının tarixi-mədəni irsi hesab olunur.

Tarixi faktlara baxmayaraq, erməni təbliğatı Qarabağ ərazisindəki bütün xristian kilsələrinin erməni kilsəsinə aid olduğunu düşünür. UNESCO-ya təzyiq göstərmək üçün hətta erməni diasporu da bu işə qarışıb. Belə ki, bu günlərdə Rusiya Erməniləri İttifaqının (SAR) rəhbəri, UNESCO-nun xoşməramlı səfiri Ara Abramyan bu beynəlxalq təşkilatın baş direktoru Odri Azuleyə müraciət edib.

Abramyan müraciətində bildirib ki, “Azərbaycanın Dağlıq Qarabağda bu ərazidə avtoxton olan erməni xalqı tərəfindən uzun əsrlər boyu yaradılmış mədəni irsin məhv edilməsinə dair misli görünməmiş həyasız planları bütün bəşəriyyət və dünya mədəni irsini qorumaq üçün nəzərdə tutulmuş qurumlar, beynəlxalq aləm üçün sivilizasiya çağırışından başqa bir şey deyil”.

Bu xüsusda, SAR rəhbəri ümid edir ki, “UNESCO Azərbaycan hakimiyyətinə təsir rıçaqları tapıb, onları xalqların mədəniyyət yaddaşına və yaddaş mədəniyyətinə hörmət göstərməyə məcbur edə, dünya ictimaiyyəti Dağlıq Qarabağın nadir tarixi-memarlıq irsini dünya adına və gələcək nəsillər üçün qoruya və saxlaya biləcək”.

SAR rəhbərinin bu bəyanatının tsinizmi ondadır ki, 44 günlük müharibə zamanı Abramyan Rusiyadan 20 min muzdlu əsgəri Qarabağdakı döyüş bölgəsinə göndərməyə hazır olduğunu bəyan edib. Və hələ 2020-ci ilin yayında, SAR rəhbəri müsahibəsində qeyd etmişdi ki, onun sərəncamında azərbaycanlılara məxsus Rusiya ticarət obyektlərinə hücum etməyə hazır olan bir neçə min erməni əsilli idmançı var.

Bu günlərdə Moskvada erməni ordusunun 30 illiyi münasibətilə alman faşistlərinin əlaltısı Qagerin Njdeyə həsr olunmuş bədii filmin nümayişi ilə SAR daha bir qalmaqala düşüb. Abramyan öz müdafiəsində Njdenin alman faşistləri ilə əməkdaşlığa görə məhkum edilmədiyini qeyd edib. Bundan əlavə, o, Azərbaycanı filmin nümayişi ilə bağlı vəziyyəti gərginləşdirməkdə ittiham etməyə cürət edib. Abramyan tərəfdən nasizmi tərənnüm etmək cəhdi var. Bəs bu, UNESCO-nun xoşməramlı səfiri adına necə uyğun gəlir?

Müəllif: Asif Aydınlı