“Qayıdış” qəhrəmanlara dəstək sərgisi açılıb

Mədəniyyət

28.10.2022 - 07:24

Sərgidə 33 tanınmış və gənc rəssamın ümumilikdə 40 əsəri nümayiş olunur

“YAŞAT” Fondunun, Azərbaycan Rəssamlar İttifaqının tərəfdaşlığı, “Veysəloğlu” Şirkətlər Qrupunun, “QGallery” Rəsm Qalereyasının təşkilatçılığı ilə “Qayıdış” qəhrəmanlara dəstək sərgisinin açılış mərasimi olub. AYNA xəbər verir ki, sərgidə ictimai xadimlər, Əməkdar rəssamlar, sənətşünaslar və qəhrəmanlara dəstək olmaq istəyənlər iştirak ediblər.

“Veysəloğlu” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbov və “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov sərginin keçirilmə məqsədi barədə məlumat veriblər. Elvin Hüseynov həm “Veysəloğlu” Şirkətlər Qrupuna, həm də sərgidə iştirak edən rəssamlara təşəkkürünü bildirib.

Oktyabrın 26-dan ayın sonuna kimi davam edəcək sərgidə 33 tanınmış və gənc rəssamın ümumilikdə 40 əsəri nümayiş olunur. Rəsm əsərlərinin satışından əldə edilən vəsaitin 70 faizinin “YAŞAT” Fonduna ianə, 30 faizinin isə rəsm əsərlərinin müəlliflərinə təqdim edilməsi nəzərdə tutulub.

Sərginin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparmış və canından keçmiş hərbçilərə və onların ailələrinə maddi və mənəvi dəstək olmaqdır.

Sərgi günlərində müxtəlif mövzuları əhatə edən rəsm əsərləri ilə yaxından tanış olacaq ziyarətçilər bəyəndikləri əsərləri alaraq Qələbəni xalqımıza yaşadan qəhrəmanlarımıza dəstək olacaqlar.

 

“Qayıdış” qəhrəmanlara dəstək sərgisi açılıb
Müəllif: Ayna.az