Həqiqət adamı - 105 - FOTOLAR

Mədəniyyət

19.03.2024 - 11:52

Və ya zamanın fövqündə

Martın 18-də Azərbaycan Yazıçılar Birliyində (AYB) dahi Azərbaycan yazıçısı İsmayıl Şıxlının anadan olmasının 105 illiyi qeyd edilib. AYNA xəbər verir ki, bu münasibətlə görkəmli ustadın yaradıcılığı ilə şəxsən tanış olan və onun əsərləri ilə böyüyən insanlar Natəvan zalına toplaşıblar. Onların içərisində ədəbiyyatda və jurnalistikada görkəmli şəxsiyyətlər - Xalq yazıçısı Anar, Azərbaycan Ədəbiyyat Fondunun direktoru Varis Yolçiyev, Mətbuat Şurasının sədri Rəşad Məcid, “Qazax” xeyriyyə cəmiyyətinin sədri, professor İlham Pirməmmədov, Azərbaycan Pedaqoji Universitetinin prorektoru Mahirə Nağıqızı, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və başqaları vardı.

İştirakçılar Xalq yazıçısının həyat və fəaliyyətindən, həm böyük ədib, həm görkəmli pedaqoq kimi yaradıcılığından danışıb, onun ədəbiyyat və vətən qarşısındakı xidmətlərini sadalayıblar.

Böyük ustadı ailəsi adından tədbirdə oğulları - Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlinski və qardaşı Fərrux Şıxlinski təmsil ediblər. Elçin Şıxlinski atası ilə bağlı xatirələrini bölüşüb.

İsmayıl Şıxlının nəvəsi Ayxan Şıxlinski AYNA-ya açıqlamasında babasına necə bağlı olmasından danışıb: “Hər axşam nə qədər məşğul olmasından asılı olmayaraq, məni bulvarda gəzməyə aparırdı. Mən altı yaşlı bir uşaq, babamdan avtodromdakı maşında gizlənərək, zarafat etmək qərarına gələndə onun narahat baxışını heç vaxt unutmaram. Gizləndim və beş dəqiqəyə yaxın izlədim. Babamın məni necə axtarmasını və onun necə narahat olduğunu görüb qaçdım və onu qucaqladım. Babam səsini heç vaxt qaldırmazdı, amma o ankı baxışı ömrümün sonuna qədər mənim üçün kifayət idi”.

Yazıçının nəvəsi babasının kabinetində oturan obrazını tez-tez xatırlayır: “Hökumət evinin arxasında, Üzeyir Hacıbəyov küçəsində yaşayırdıq və biz bilirdik ki, qapı bağlıdırsa, deməli, babam işləyir, heç kim onu narahat etmirdi. Bir dəfə qapıdan gördüm ki, çox nadir hallarda çəkdiyi qəlyanı tüsdülədərək, dənizə və bulvara baxan açıq pəncərədən çölə baxırdı. Babam çox diqqətli idi, qəlyanı çəkib qurtardı və bir söz demədən yazmağa başladı. Yalnız uzun illər sonra öyrəndim ki, həmin gün əfsanəvi romanı olan “Ölən dünyam”ı yazmağa başlayıb”.

İsmayıl Şıxlının kitabları ilə böyüyən şair, publisist Səbinə Yusif AYNA-ya dediyinə görə, dahi yazıçının şəxsiyyəti ilə yaradıcılığının bənzərsiz vəhdəti onu uşaqlıqdan valeh edib: “Babam İsmayıl Şıxlı ilə dost idi, ona görə də mən özümü doğulandan tale üzünə gülən uşaqlardan hesab edirəm. Mənim ən çox heyran olduğum odur ki, İsmayıl Şıxlının hər bir əsəri mərdlik, dürüstlük və ədalətlə yoğrulub. Onun bütün əsərlərinin həmişə ədalətin təntənəsi ilə bitməsi məni inanılmaz dərəcədə heyran edir. Sözsüz ki, “Ölən dünyam” romanı məndə ən böyük təəssürat yaratdı. Bu əsəri ilə o, bizə təkcə ədəbi deyil, həm də tarixi irs qoyub getdi”.

Yasamal rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru, əməkdar mədəniyyət işçisi Lətifə Məmmədova İsmayıl Şıxlı yaradıcılığının və şəxsiyyətinin pərəstişkarı olmaqla yanaşı, həm də İsmayıl Şıxlı irsini fəal şəkildə təbliğ edən bir şəxsdir: “O, təkrarolunmaz insan idi, mərd, dürüst. Mən öz aləmimdə İsmayıl Şıxlıya həmişə haqq adamı deyirəm. O, böyük həqiqət aşiqi idi. Ustadın 100 illik yubileyini Yasamaldakı Heydər Əliyev Mərkəzində geniş qeyd etdik. May ayında isə İsmayıl Şıxlının 105 illik yubileyini qeyd edəcəyik. Pandemiya dövründə İsmayıl Şıxlının “Dəli Kür” romanını bir daha oxudum və yenə xeyli təsirləndim”.

İsmayıl Şıxlının yaradıcılıq və vətən qarşısındakı töhfələrini qiymətləndirmək çətindir. Yaradıcılığı, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik rəngarəng obrazları, söz ustalığı onu Azərbaycanın görkəmli şəxsiyyətlərinin ön sıralarında qərarlaşdırır.

Tədbirin iştirakçıları qeyd ediblər ki, İsmayıl Şıxlı nəhəng ruhlu, böyük ürəkli bir insan olub və belə insanlar haqqında keçmiş zamanda danışmaq həmişə çətindir. Vətənində baş verən hadisələrin nəbzində daim barmağını saxlayan, xalqı ilə həmrəy yaşayan yazıçının yüksək mənəvi keyfiyyətlərini saymaqla bitməz. Və təbii ki, o, hər zaman hər yaşda olan oxucuların qəlbini riqqətə gətirən əsərlərində yaşayır. Çünki İsmayıl Şıxlı kimi şəxsiyyətlər zamanın fövqündə və əbədi yaşayırlar...

Həqiqət adamı - 105 - Həqiqət adamı - 105 - Həqiqət adamı - 105 - Həqiqət adamı - 105 - Həqiqət adamı - 105 - Həqiqət adamı - 105 - Həqiqət adamı - 105 - Həqiqət adamı - 105 - Həqiqət adamı - 105 -
Müəllif: İradə Əsədova