İt sığınacağının rəhbəri: “İcarəyə it vermirik” - <font color=red> FOTOLAR</font>

Maraqlı

17.06.2020 - 10:48

Fərid Mansurov: “Heyvanlar kommersiya subyeti olmamalıdır”

 

Azərbaycanda koronavirusun kəskin yayılmasının qarşısını almaq məqsədi ilə xüsusi karantin rejimi tətbiq olunur. Paytaxt və bir sıra şəhərlərdə (rayonlarda) həftə sonları evdə çıxmaq qadağan edildi. Bununla yanaşı, Nazirlər Kabineti yanında Operativ Qərargahdan maraqlı açıqlama yayıldı. Belə ki, xüsusi karantin rejimində it sahiblərinin öz itlərini küçədə gəzdirmələrinə icazə verildi.

 

Bu qərardan sonra sosial şəbəkələrdə müzakirələr açıldı. İt axtaran kim, it kirayə verən kim, müvəqqəti itə sahiblənmək istəyən kim... Məsələyə bəziləri ciddi, bəziləri isə zarafatla yanaşdılar.

 

AYNA-nın həmsöhbəti isə “Heyvanların mühafizəsi” İctimai Birliyinin sədr müavini, GWARP (Good World Animal Rescue Protection) qeyri-hökumət təşkilatının sədri, it sığınacağının rəhbəri Fərid Mansurovdur.

 

- Operativ Qərargah karantin günlərində itləri küçədə gəzdirməyə icazə verdi. Sizin buna münasibətiniz necədir?

 

- Yerində verilmiş qərardır. Birinci dəfə həftəsonu qadağasında itlərin çölə çıxarılmasına icazə yox idi. Bununla bağlı bizim təşkilata saysız müraciətlər daxil oldu ki, biz adiyyəti qurumlara müraciət edək və icazə istəyək. Elə də etdik. Nazirlər Kabinetinə, Prezident Administrasiyasına məsələ ilə bağlı müraciət etdik. Sağ olsunlar, səsimizi eşitdilər və bu həftə tətbiq olunan karantin rejimində artıq itlərin küçədə gəzdirilməsinə icazə verildi.

 

- Bu qərar qəbul ediləndən sonra çox insan sosial şəbəkədə it axtardığını yazdı. Bəs, sizin sığınacağa müvəqqəti it götürmək üçün müraciət edənlər olmayıb?

 

- Mən də sosial şəbəkələrdə bu mövzu ilə bağlı statuslar çox gördüm. Amma əminəm ki, onlar zarafat ediblər. O ki qaldı bizə müraciətə, bizə bu barədə müraciət edən olmayıb. Olsaydı belə, qəti şəkildə “yox” cavabı alacaqdılar. Çünki biz sığınacağımızda olan itləri, onu götürmək istəyənlərlə dəfələrlə söhbət edib, araşdırıb sonra himayəyə veririk. Daha sonra uzun müddət itləri nəzarətdə saxlayırıq. Tez-tez həmin itləri yoxlayırıq. Müvəqqəti sahibləndirmə mövzu ola bilməz.

 

- Amma bəzi insanlar, həqiqətən karantin bitənə kimi icarəyə it axtarırlar

 

- Heyvanlar kommersiya subyeti olmamalıdır. Bu, yolverilməzdir.

 

- Ümumiyyətlə, karantin rejimi itlərin sahiblənməsi üçün müraciətlərə necə təsir göstərib?

 

- Xarici ölkələrdə karantin vaxtı insanlar evdə oturduqları üçün itləri himayəyə götürməyə daha çox maraqlı olurlar. İt himayəyə götürən insanlar sosial şəbəkələrdə yazırdılar ki, karantin zamanı həyatlarında boşluq hiss ediblər və bu boşluğu yeni bir canlı ilə doldurmaq qərarına gəliblər. ABŞ-da və Avropada da müvəqqəti sahiblənmə yoxdur. Biz düşünürdük ki, bizdə də eyni hal yaşanacaq. Təəssüflər olsun ki, bizdə tələbat elə də güclü olmadı. Ötən aylarda maraq necə idisə, karantin zamanı da eyni cür oldu. Biz Bakı vətəndaşlarına itləri sahibləndiririk. Çünki regionlarda normal baytar xidməti olmadığı üçün oralarda yaşayan vətəndaşlara it vermirik. Ayda 3-4 it sahibləndiririk.

Müəllif: Təranə Xudabaxşiyeva

Ramanada faciə

Dünən, 17:26 Hadisə