Niyə imicimizi korlayırsınız, Adil Əliyev – <font color=red> AXI NİYƏ?!</font>

Maraqlı

18.12.2020 - 10:23

Bundan sonra bəyanat verəndə nəzərə alın ki, sözləriniz duyğulu xanımların xətrinə dəyə bilər

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Azərbaycan kişilərinin xanımlara olan özəl münasibəti, xüsusən də rus xanımlarına olan münasibəti bütün SSRİ dövrü boyu formalaşıb və artıq stereotipə çevrilib. Amma ədəbiyyatımıza baxsaq, görərik ki, belə münasibət SSRİ-dən də əvvəl - çar Rusiyası dövründən başlanıb.

 

... Bəy pristavın həyətinə girən kimi baxdı bir sağa, bir sola. Tulaların biri qaçıb gəldi Qurbanəli bəyin qabağına və başladı bəyin ayaqlarını yalamağa. Bəy əyilib itin başını tumarladı və dedi:

 

- Malades sobak, - və sonra qalxıb xanımı balkonda görüb çığırdı:

 

- İzdrasti! - və börkünü götürüb sağ əlilə qalxızdı yuxarı və qışqırdı:

 

- Urra! - Sonra qalxdı balkona və xanıma baş əydi. Xanım əlini uzatdı Qurbanəliyə. Bəy xanımın əlini alıb rusca dedi:

 

- Nə qədər mənim canım sağdı, sənə mən nökərəm, ay xanım. Xanım bir az güldü və dedi:

 

- Spasibo.

 

Bəy bir ah çəkəndən sonra hər ikisi girdi içəri...

 

Yəqin, Cəlil Məmmədquluzadənin Qurbanəli bəyini tanıdınız. İndi oxucuda sual yarana bilər ki, ilin-günün bu vaxtı Mirzə Cəlilin bu sətirləri və Azərbaycan kişilərinin rus xanımlarına münasibətini niyə yada saldım. Haqlı sualdır. Amma cavabı da var: ona görə yada saldım ki, mən hesab edirəm ki, Milli Məclisin sədr müavini Adil Əliyev heç düz eləmir və hansısa bəyanat verəndə, fikirləşməlidir ki, onun sözləri xanımların, xüsusən də rus xanımlarının xətrinə dəyə bilər. Bu sözlər haqlı və dövlət mənafeyindən deyilsə belə, Adil müəllim bu rus qadını faktorunu nəzərə almalı və bizim imicimizə xələl gətirməməli idi. Axı niyə belə düşünürəm? İzah edim.

 

Bu yaxınlarda Dağlıq Qarabağda rus sülməramlılarının xəritəni özbaşına dəyişməsi ilə yaranan skandal, yəqin ki, yadınızdadır. Həmin ərəfədə Azərbaycanda bir çox müxtəlif ranqlı siyasətçilər bu məsələyə irad bildirdilər. Adil Əliyev isə öz “Facebook” hesabında yazdı: “Ermənistan məğlub tərəf olaraq kapitulyasiyanı imzalamağa məcbur olduqdan sonra, hər iki tərəfin razılığına əsasən, Rusiya Dağlıq Qarabağa gələrək sülhməramlı kimi fəaliyyətə başladı. Hətta, Sazişin şərtlərinə Ermənistan tərəfindən riayət olunmasının tam təminatını verdi.

 

Lakin, Rusiya sülhməramlılarının Sazişdə nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim etməsi, əzəli və əbədi torpaqlarımızın başqa adla təqdim olunması, xəritədə manipulyasiya etməsi heç başa düşülən deyil. Sülhməramlının fəaliyyəti beynəlxalq hüquqda öz əksini tapıb, heç bir halda sülhməramlı üzərinə qoyulmuş vəzifə və öhdəliklərdən kənar hərəkət edə bilməz.

 

Rusiya sülhməramlılarının hazırladığı xəritənin heç bir hüquqi, siyasi bazası yoxdur, habelə onların belə bir xəritə hazırlamaq səlahiyyətləri də yoxdur. Bu, ilk növbədə beynəlxalq hüquqla tanınmış Azərbaycanın ərazi bütövlüyünün pozulması, habelə 2020-ci ilin 10 noyabr tarixli Sazişinin şərtlərinə birbaşa ziddir. Bu səbəbdən də dərhal yayılmış xəritələrdə olan nöqsan aradan qaldırmalıdır, onsuz da Rusiyanın sülhməramlı qismində Dağlıq Qarabağda yerləşdirilməsi cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmırdı”.

 

Yəni, oxşar tipli bəyanatlar çoxları tərəfindən verilsə də, məhz Adil Əliyevin sözləri rusların, xüsusən də bir populyar rus xanımının xətrinə dəyib. Söhbət Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovadan gedir. Həftəlik brifinqdə Zaxarova Adil Əliyevin Qarabağdakı rus sülhməramlılarının hüquqları ilə bağlı açıqlamasına münasibət bildirib, onun “müdafiə etmək hüququ yoxdur” ifadəsinin XİN təmsilçisində təəccüb yaratdığını, onu mat-məəttəl qoyduğunu qeyd edib.

Захарова попросила Минск относиться с уважением к задержанным журналистам  :: Политика :: РБК

“Edilən bütün bəyanatların əsas hədəfə çatmağı, əsas vəzifəni həll etməyi - uzunmüddətli sülhü və genişmiqyaslı bir nizamlamanı hədəfləməsi lazım olduğunu düşünürük”, - Zaxarova deyib.

 

Onun sözlərinə görə, vacib və mürəkkəb bir iş görülüb, bu da o deməkdir ki, deyilən hər bir söz ölçülməli və deyən şəxs bunu niyə dilə gətirilməsinin fərqində olmalıdır.

 

İndi Mariya Zaxarovanın niyə məhz Adil Əliyevin sözlərinə reaksiya verməsinin dəqiq səbəbini bilmirəm. Bəlkə, dəfələrlə Bakıda olan bu xanım, məsələn, elə “Jara” fesitvalı vaxtı Adil müəllimlə tanış olub. Amma Adil müəllim də düz eləmir də. Söhbət lap elə Qarabağdan gedirsə belə, xanımın xətrinə dəyərək, niyə bizim kişilərin onillərlə yaratdığı imici dağıdırsız? Bundan sonra bəyanat verəndə nəzərə alın ki, sözləriniz duyğulu xanımların xətrinə dəyə bilər.

 

Həm də onu nəzərə alın ki, belə getsə, bir azdan məmləkətimizdə hamı öz sözünü cilalayacaq ki, ay aman, birdən rusların (təkcə xanımların yox ha) xətrinə dəyər. Bunun üçün ciddi çalışanlar var, bu tendensiyaya qarşı çıxanların üzərinə iri bir dalğa gəlir: onları Qərbin tapşırığı ilə Rusiya və Azərbaycanın arasını vurmaqda ittiham etməyə qədər gəliblər artıq.

 

Bunu nəzərə alın, Adil müəllim! Axı niyə onillərlə formalaşan imici (indi buna Rusiya-Azərbaycan dostluğu deyirlər) dağıdırsız? Axı, biz Çar Rusiyası dövründə olduğu kimi, indi də çıxışlarımızı Qapazlı kəndinin mülkədarı Qurbanəli bəysayağı qurmalıyıq.

 

... Ay əfsər ağa, ay xanım, mən içirəm sizin sağlığınıza. Allah sizin kölgənizi bizim başımızın üstündən əskik eləməsin. Allah düşmən qabağında sizin qılıncınızı kəskin eləsin. Yəni, mən bu sözləri ondan ötrü demirəm ki, düşməndən qorxuram. Hansı düşmən cürət eləyib mənim qabağıma çıxa bilər?! Bu xəncəri mən soxaram onun qarnına! Mən heç düşməndən qorxmuram. Sizin dövlətinizdən mən heç bir kəsdən qorxmuram. Nə qədər canım sağdır, mən nökərəm sənin xanımına. Sağ olsun Anna xanım, urra!”.

 

Adil müəllim, siz də bundan sonra çıxışlarınızda lap ölkəmizin mənafelərini müdafiə etsəniz belə, bunu mütləq “Anna xanımlar” və “rus əfsərləri” ilə razılşadırın. Allah sənə rəhmət eləsin, Mirzə Cəlil!

Müəllif: Yoldaş Mircəfər