Özgəsinin torpağını işğal və özünə zülm edən bir ölkədən başqa xalqlara qarşı necə dözümlü münasibət gözləmək olar?!
Bu ilin sentyabrında Ermənistanın Baş naziri Nikol Paşinyan yəhudi icmasına yəhudilərin Yeni ili - Roş-Ha-Şana münasibəti ilə təbrik məktubu göndərib. Bu mesajda o, bütün Ermənistan xalqı ilə birlikdə yəhudi icmasının heç vaxt milli və dini ayrı-seçkilik və ya ksenofobiya kimi qeyri-insani hadisələrlə üzləşməməsini arzulayıb.
Bu hadisədən heç bir ay keçməmiş İrəvanda yəhudilərə qarşı yenə də bir vandalizm aktı törədildi: radikal antisemitlərin sinaqoqa hücum etməsi, pəncərəni sındırması və qapıya boya tökməsi ilə bağlı videogörüntülər sosial şəbəkələrdə yayıldı.
Ehtimal etmək olar ki, belə bir addım bu ilin may ayından İsraildəki ermənipərəst sol-liberal fəalların ABŞ-dakı erməni təşkilatlarından aldığı vəsaitlərdən istifadə edərək, İsrail və yəhudi-amerikan qəzetlərində Azərbaycana dəstəkdən əl çəkməyə çağıran materiallar yayması faktının əks-sədasıdır.
Onlar əsas arqument kimi Holokostdan sağ çıxan yəhudilərin guya Qarabağda ermənilərin “soyqırımına ortaq” olduqları tezisini irəli sürürlər. Beləliklə, İsrail rəhbərliyini Azərbaycanla hərbi-strateji tərəfdaşlıqdan imtina etməyə məcbur etmək üçün ona təzyiq etməyə cəhd edilir.
Ermənistanda bu ölkənin Azərbaycana silah satmasına görə İsrailə qarşı incikliklərini hələ də unuda bilmirlər. Amma məsələ heç də bu deyil. Çoxsaylı faktlara görə antisemitizm artıq ermənilərin milli şüurunda kök salıb.
İrəvanda Holokost qurbanlarının xatirəsinə ucaldılmış abidənin dəfələrlə təhqir olunması Ermənistanda yaşayan yəhudilərə olan münasibəti əyani şəkildə sübut edir. Bu, Ermənistanda yəhudilərə münasibətin kifayət qədər aydın göstəricisidir və İsrail Diaspor Nazirliyinin 2022-ci il üçün son hesabatında da Ermənistanda antisemitizmin artdığı qeyd olunub.
Bundan əvvəl “Pew Research Center” araşdırma mərkəzi 2015-ci ilin iyunundan 2016-cı ilin iyuluna qədər Mərkəzi və Şərqi Avropanın 18 ölkəsində araşdırma aparmışdı. Və açıqlanan məlumatlara görə, ermənilərin 32%-i yəhudiləri öz ölkəsinin vətəndaşları arasında görmək istəməzdi. Bu, araşdırma aparılan hər hansı bir ölkədə antisemitizmin ən yüksək səviyyəsidir.
Avro-Asiya Yəhudi Konqresinin saytında yerləşdirilmiş “Ermənistanda antisemitizm (2002-2006)” hesabatında qeyd olunur ki, erməni-yəhudi münasibətlərində bütün digər problemlər faşist Almaniyası ilə əməkdaşlıq edən, erməni legionunun batalyonlarının komandiri olmuş qızğın daşnak general Droya (Drastamat Kanayan) Ermənistanda abidə ucaldılması faktının kölgəsində qalır.
Bəs 1988-1989-cu illərdə azərbaycanlıların qovulduğu, sonradan Azərbaycana hərbi təcavüz edən, Azərbaycan ərazilərini 30 ildən artıq işğal altında saxlayan bir ölkədən başqa xalqlara qarşı necə dözümlü münasibət gözləmək olar?! Söhbət “Almaniya üçün ölən Ermənistan üçün ölür” deyən, alman faşistlərinin qulluqçusu Qaregin Njdenin milli qəhrəman rütbəsinə qaldırıldığı bir ölkədən gedir.
Bundan əlavə, Ermənistan antisemitizmin dövlət siyasətinin tərkib hissəsi olduğu bir dövlətlə - İranla sıx əlaqə saxlayır. Bütün bunların fonunda, 2020-ci ildə Ermənistanın o zamankı prezidenti Armen Sarkisyanın “The Jerusalem Post” qəzetinə müsahibəsində İsrailin “erməni soyqırımı”nı tanımadan antisemitizmlə mübarizədə qalib gələ bilməyəcəyi barədə dediyi sözlər çox ikiüzlü və yersiz görünür.
Ermənistanın yəhudi icmasının nümayəndələri Rimma Varjapetyan-Feller və Gerşon Meir Burşteyn Eermənistanda tam olaraq antisemitizmin mövcud olmadığını bəyan etsələr də, İsrailə bu məsləhəti antisemitizmin hökm sürdüyü ölkənin prezidenti deyib. Sinaqoqun antisemit radikal tərəfindən murdarlanması faktı bunun tam əksini deyir və “ermənilərin yəhudiləri görməyə gözü yoxdur” həqiqətini bir daha təsdiqləyir.