Yüksək mədəniyyətli naşir, gözəl insan
Azərbaycan Yazıçılar birliyinin sədr müavini, görkəmli naşir, ictimai xadim Nazim İbrahimov öz həyatında gəncliklə qocalığın sərhədlərini silən, otuz yaşın işgüzarlığını 75-80 yaşa daşıya bilən nadir, güclü və gözəl bir insan idi. Yalnız bu günlərdə dünyasını dəyişəndən sonra xatırladıq ki, o, ömrünün 85-ci baharını yola salmışdı. Şəxsən mən onu həmişə idmançı şuxluğunu qoruyan, gümrah, üzügülər görmüşdüm. AYB-də keçirdiyimiz tədbirlərdə həvəslə, sonadək oturar, ürəyinə yatan mövzular olanda öz sözünü deyərdi.
Mənim Nazim müəllimlə tanışlığım 1980-ci ildən başlanmışdı. Ondan əvvəl Mətbuat Komitəsinin sədri olmuş Marat Allahverdiyev vəzifəsindən ayrılmazdan bir gün əvvəl kənar təzyiqlərə əhəmiyyət vermədən məni “Yazıçı” nəşriyyatının baş redaktoru təyin edib getmişdi .Onun yerinə Oktyabr rayon Partiya Komitəsinin katibi kimi tanıdığımız Nazil İbrahimov gəlmişdi. İlk günlərdə bu təyinat bizə qəribə görünürdü, lakin Nazim müəəllim istedadlı adam idi, tezliklə bir geologiya alimi üçün yeni olan komitənin bütün yaradıcılıq, sənaye və ticarət sahələrini öyrənib, əsl naşir kimi yetişdi. Bu işdə ona “Yazıçı” nəşriyyatının direktoru, mənim yaxın dostum Əjdər Xanbabayev də yaxından kömək etdi.
Nazim gələndən sonra Komitənin Kollegiya yığıncaqlarına nəşriyyatların baş redaktorları da dəvət edilirdi. Növbəti yiğıncaqların birində “Gənclik” nəşriyyatında buraxılmış üç uşaq kitabı müzakirə olunurdu. Daha doğrusu, məsələ bizdən əvvəl müzakirə edilib, kollegiyanın qərarı da hazırlanmışdı. Qərara görə, “Gənclik” nəşriyyatında üç kitab adi kağızda yox, qiymətli təbaşirli kağızda nəşr edildiyinə görə nəşriyyatın direktoru Əzizə Əhmədovaya töhmət verilir, onun poliqrafiya üzrə müavini Aslan Quliyev işdən çıxarılırdı. Kollegiya üzvləri elə sərt danışırdılar ki, sanki cinayət baş vermiş və dövlətə böyük ziyan vurulmuşdu.
Biz baş redaktorlar Kallegiya yığıncaqlarında bir növ qonaq statusunda iştirak edir, danışmırdıq. Ancaq həmin gün bu müzakirə mənə qəribə gəldi və özümü saxlaya bilmədim, söz istədim və Nazim də bir az da təəccüblə mənə söz verdi. Yəni “bu boyda nüfuzlu müavinlərin və nəşriyyat direktorlarının ciddi çıxışlardan sonra bu cavan adam nə deyəcək?” Mən də çıxışıma öz təəccümü bildirməklə başladım:” Nə baş verib? Üç dənə balaca uşaq kitabi ketfiyyətli kağızda buraxılıb, şeirlərin hər biri yeni səhifədən verilib? Bunun nəyi pisdir? Mənə qalsa biz bütün kitablarımızı bahalı, keyfiyyətli kağızda nəşr etməliyik. Əsl cinayət uşaq kitablarını keyfiyyətsiz kağızda nəşr etmək yox, etməməkdir. Məncə bu kitablara görə “Gənclik” nəşriyyatının rəhbərliyinə təşəkkür düşür, töhmət yox!”
Yeni sədr, yəni Nazim müəllim diqqətlə qulaq asırdı. Mənim qərara qarşı çıxmağım bütün kollegiya üzvlərini narazı salmışdı. Təkcə Nazim mənim səmimi və doğru danışdığımı başa düşüb, qəfildən fikrini dəyişdi: “ Mən Sabirin fikriylə razıyam, görünür, biz məsələyə tələsik, sərt və birtərəfli yanaşmışıq...”
Məsələ nəşriyyat rəhbərliyinə xəbərdarlıqla bitdi. Aslan dəhlizdə kövrəlmiş dayanıb məni gözləyirdi. Sonralar mən Mətbuat və İnformasiya naziri olanda onu poliqrafiya üzrə nazir müavini təyin etdim.
Bizim Nazim İbrahimovla əsas tanışlığımız və səmimi münasibətimiz həmin gündən başlanmşıdı. O, bütün müzakirələrdə, illik planların tərtibində mənim fikrimə xüsusi diqqətlə yanaşardı. Sonralar illər uzunu onun nə qədər yüksək mədəniyyət sahibi, bacarıqlı naşır, Azərbaycan kitabının şöhrətini yüksəltmək və yaymaq üçün gecə-gündüz çalışan bir dövlət xadimi oldugunu müşahidə etdim, onun bu işgüzarlığından və məsələlərə prinsipial, həm də ədalətli yanaşmasından öyrənməyə çalışdım.
1988- ci ilin noyabr-dekabr mitinqlərində hər axşam yorulub camaatın arasına düşəndə Nazim İbrahimovu Əjdər Xanbabayevlə birgə meydanın ətrafında gəzən və hadisələrin gedişini müzakirə edən görürdüm.
Məncə, Azərbaycan kitabının sovet dövründə ən yaxşı nümunələri də məhz Nazim İbrahimovun səyi və təşəbbüsü ilə, bəziləri də xarici mətbəələrdə nəşr edilmişdir. Kitab sevgisi ona yazıçılardan, Yazıçılar Birliyindən qopmaq imkanı vermədi; ömrünün sonunadək bizim aramızda oldu. Onun imkanlarına baxanda bunlar xırda işlərdi; iqtisadiyyatı dərindən bilirdı, harda olsa ölkəyə ancaq xeyir gətirə bilərdi; təəssüf ki, bu böyük imknlarının çoxundan istifadə edə bilmədi.
Mən Mətbuat və İnformasiya naziri olanda Nazim İbrahimov işsiz idi, bunu eşidən kimi onu Azərbaycan Milli Ensiklopediyasının Baş Direktoru təyin etdim. Buna görə də sonralar zarafatla “Biz bir-birimizin həm naziri, həm də işçisi olmuşuq”.
“Azərbaycan” nəşriyyatının maddi-texniki bazasının möhkəmlənməsində də Nazim İbrahimovun böyük zəhməti var. O, qurucu, zövqlü adam idi və tikib yaratmaqldan ləzzət alırdı.
Nazim həm də tennis ustası, respublika Tennis federsiyasının sədpi idi, idmanın bu növünü çox sevir və təbliğ edirdi.
Naşir, tanınmış ictimai xadim Nazim İbrahimovun simasında Azərbaycan yazıçıları öz yaxın dostlarından, ağsaqqallarından birini itirdilər...
Allah ailəsinə, dostlarına və yaxınlarına səbr versin.
Sabir Rüstəmxanlı