Bizi koronavirusdan BSJ xilas edəcək - <font color=red> İDDİA və RƏY</font>

Maraqlı

30.03.2020 - 20:10

Həkimlər Klinikalar SEO Xidməti

Mütəxəssis: "İnsanlar bu barədə yayılmış məlumatlara inanaraq həyatlarını təhlükəyə atmasınlar"

 

“Keşmiş MDB ölkələrinin əhalisi uşaqlıqda BSJ peyvəndi olunub. Ağciyərlər üçün nə fərqi var, bu, virusdur, yoxsa bakteriya. Məncə, vərəm çöpü virusdan qat-qat ağır mikrobdur və ağciyərlər toxuması BSJ-yə qarşı antitel buraxırsa, bu, o deməkdir ki, bizim ağciyərlərimiz koronavirusa da davamlı olacaq.

 

Ancaq Avropa, Amerika ölkələri BSJ-dən imtina etdiyinə görə, bu gün onlarda vəziyyət daha ağırdır. Bizdə isə koronavirus da sadə qrip kimi keçəcək. Düzdür, ağırlaşma var, amma bizdə, Rusiyada, Gürcüstanda, bir sözlə, keçmiş possovet ölkələrində virusa yoluxan heç bir xəstə deyə bilməz ki, nəfəsim kəsilir. Nəfəsi kəsilən, süni tənəffüs aparatına qoşulan xəstələr ancaq BSJ-dən imtina edən ölkələrdə qeydə alınır.

 

Koronavirus da, vərəm də ağciyərləri zədələyir və biz uşaq yaşımızdan bu mikrobakteriya ilə tanışıqsa, bu, o deməkdir ki, bizim ağciyərlərimiz daha güclüdür. Bu peyvənd təqvimi ancaq postsovet ölkələrində olub. Mən bütün oxuduqlarıma, eşitdiklərimə əsasən belə düşünürəm ki, indiki vəziyyətdə bizim üçün qorxulu heç nə yoxdur. Rus akademiklər də koronavirus barədə danışanda qorxa-qora danışmırlar, ancaq xarici həkimləri dinləyəndə adam özünü asmaq istəyir ki, dünyanın axırıdır”.

 

Bu fikirlər sosial şəbəkələrdə və “WhatsApp” qruplarında tirajlanır. Kimliyi dəqiq bəlli olmayan bir xanımın səsləndiridiyi bu məlumat bir çox insanda koronavirus təlaşını, qorxusunu müəyyən qədər dəf etməyi bacarıb. Ancaq məsələnin bir əmması da var ki, bu fikir daha böyük təhlükəyə səbəb ola bilər. Yəni əgər bu düşüncə, ehtimal yanlışdırsa, insanlar bu məlumatı dinlədikdən sonra, “BSJ olunmuşamsa, mənə koronavirusun təhlükəsi yoxdur” düşüncəsi ilə karantin rejiminin qaydalarına əməl etməkdən vaz keçərlər. Nəticədə də virus daha çox insana yoluxa bilər.

 

Bu təhlükəni nəzərə alaraq, yayılmış məlumatlara AYNA tutmağa çalışdıq. Təəssüflər olsun ki, indiyə qədər sosial şəbəkələrdə yayılmış bir çox məlumatlar kimi, bu məsələdə də, azacıq da olsa, həqiqət payı olmadı.

Baku Medical Plaza - Uzm. Dr. Vasif Əliyev

Həkim-infeksionist Vasif Əliyev bildirdi ki, BSJ peyvəndinin koronavirusla heç bir əlaqəsi yoxdur: “BSJ peyvəndi təkcə keçmiş MDB ölkələrində olmayıb. Qərb ölkələri də bu peyvənd təqviminə qoşulub. Ancaq buna baxmayaraq, bu gün virus həmin ölkələrdə də tüğyan edir”.

 

İnsanlarımıza bildirmək istəyirik ki, bu fikirlər yanlışdır. Əhali bu barədə yayılmış məlumatlara inanaraq həyatlarını təhlükəyə atmasın. Evdə qalsınlar, özlərini qorusunlar, əks halda daha böyük fəsadlarla üzləşərik”, - mütəxəssis vurğuladı.

 

Qeyd edək ki, bizdə BSJ kimi tanınan "Bacillum Calmette Guerin" (BCG) vaksini 1923-cü ildə fransa alimləri Kalmett və Qeren tərəfindən hazırlanıb. BSJ peyvəndi bütün dünyada vərəmin çox effektli profilaktik tədbiri sayılır. Belə hesab olunur ki, vərəm xəstəliyinə qarşı vaksinasiya bu xəstəliyin inkişafını 15 dəfə azaldır və vərəmin ağır formalarının inkişafının qarşısını alır.

 

Milli profilaktik peyvənd təqviminə əsasən, indi də BSJ vaksini doğulandan sonra körpəyə ilk vurulan peyvənddir (4-7-ci günlər arası, əsasən, doğum evlərində vurulur). Vaksindən sonra immunitet 1 ilə kimi formalaşır. Müasir BSJ dəri daxilinə yeridilir. Nəticədə orqanizmdə yerli, insanın ümumi sağlamlığı üçün ziyansız olan vərəm prosesi inkişaf edir. Bunun nəticəsində isə orqanizm vərəm mikobakteriyasına qarşı xüsusi anticismlər hazırlayır.

Müəllif: Rumiyyə Miraslan