Mən və Tomas: təəccüblənmək sərbəstdir

Maraqlı

21.01.2024 - 10:24

Və ya 300 min tirajlı qəzet, 4 min avro maaş, azad iradə

Vüqar Abbasov, Niderlandda yaşayan tanınmış azərbaycanlı jurnalist, diaspor fəalı, ictimai xadim. Hazırda Avropa Xəbər Agentliyi (European News Agency) ilə əməkdaşlıq edir və Avropa Jurnalistlər Birliyinin üzvüdür. Həmkarımız və həmyerlimiz AYNA-ya müsahibəsində iki ölkənin media sisteminin müqayisəli təhlilini verib. Beləliklə:

- Uzun illər Azərbaycanda peşəkar jurnalist fəaliyyəti ilə məşğul olmusunuz. Hazırda Niderland mətbuatında silsilə məqalələrlə çıxış edirsiniz. Azərbaycan və Niderland mediasının oxşar və fərqli cəhətlərini necə xarakterizə edərsiniz?

- Fərqlər... Bunlar o qədər çoxdur ki, yazmaqla bitməz. Gəlin belə danışaq, mən buradakı, Niderlanddakı media barədə yazacam, siz də orada yaşayıb fəaliyyət göstərən bir jurnalsit kimi fərqləri özünüz müəyyən edərsiniz. Həm də oxucular özləri bu fərqləri görə bilərlər. Çünki iki ölkənin mediasını müqayisə etmək mənim üçün o qədər də asan deyil.

Ondan başlayaq ki, Niderland jurnalistlərinin öz fikirlərini sərbəst ifadə etmək imkanları var. Amma təbii ki, bu, o demək deyil ki, onlar ağıllarına gələni mətbuata verə bilərlər. Yerli mediada xəbər sadəcə xəbər kimi verilir, jurnalist xəbərlərə öz fikrini qatmır. Burada yerli media mövzu qıtlığı çəkmir, siyasət meydanı da daim hərəkətdədir. Ölkənin aparıcı qəzetlərinin tarixi qədimdir. Bəzi media qurumlarının dünyanın bir çox ölkələrində müxbirləri fəaliyyət göstərir. Yəni xəbərləri oxucuya, tamaşaçıya birinci mənbədən çatdırırlar.

Həmçinin, aparıcı qəzetlərin tirajları da yetərincə yüksəkdir - gündəlik təxminən 300 000 civarında. Təbii ki, qəzetdən qəzetə bu rəqəm dəyişə bilir. Məsələn AD qəzetinin (Algemeen Dagblad – Alxemeyn Daxblad kimi oxunur, mənası “gündəlik ümumi qəzet” anlamına gəlir) tirajı, 2020-ci ilin statistikasına görə, gündəlik 341972 ədəd olub. Yəni bununla demək istəyirəm ki, yerli media oxucuları düşünməli, yazılarını elə yazmalıdır ki, oxucu qəzeti alsın.

Üstəlik yerli mediada reklam imkanları da genişdir. Burada fəaliyyət göstərən çoxsaylı şirkətlər var ki, onlar da reklamlarını yerli medaiada verməyə maraqlıdır. Kimsə hansısa şirkətə “bura reklam verə bilərsən, bura yox” demir, deyə də bilməz. Qeyd etdiyim kimi, çox fərqlə saya bilərəm. Amma elə bilirəm ki, sadaladıqlarım ümumi mənzərəni görmək üçün kifayət edir.

- Mənim də əlimdə qələm var, Tomasın da. Mən qələmi necə tuturam, o, necə tutur?

- Elə bir fərq yoxdur, siz də əlinizdə qələmi sizdən gözlənildiyi kimi tutursunuz, Tomas da (gülümsəyir – İ.M.). Siz, yəni sizin timsalınızda Azərbaycanda fəaliyyət göstərən jurnalistlərin bir çoxu qələmi necə, kim(lər)in gözləntisinə uyğun tutduğunuzu özünüz yaxşı bilirsiniz. Tomas isə qələmi əlində oxucunun, tamaşaçının, dinləyicinin istəyinə uyğun tutmağa çalışır. Tomas yeri gəldi-gəlmədi mikrafonu insanlara uzatmaz, kameranı icazəsiz kimsənin üstünə yönəltməz. Məhkəmə qərarı olmadan Tomas kiminsə haqqında qərar verməz. Tomasın kimsədən, həmçinin heç bir dövlət qurumundan ev və digər gözləntisi yoxdur. Tomas qələmi əlində elə tutmalıdır ki, öz qələmi ilə öz ehtiyacı olanları əldə edə bilsin və o, bunu edə bilir.

- Azərbaycanda mediaya həm nəzarət, həm də maddi yardım edən rəsmi qurumlar, eyni zamanda mətbuat-dövlət münasibətlərini tənzimləmək üçün fəaliyyət göstərdiyi iddia olunan qeyri-rəsmi qurum mövcuddur. Niderlanda bu sahədə durum necədir?

- Niderlandda mətbuata nəzarət edən hər hansı bir qurumun olduğu barədə məlumatsızam, belə bir qurumun olmadığına inanıram. Burada hər şey qanunlarla tənzimlənir, həmçinin mətbatın fəaliyyəti. Bir jurnalist fikrini sərbəst ifadə edə bilər, amma qanunu pozmamaq şərti ilə. Məsələn, diskriminasiya qanunla qadağandır və jurnalsit fikrini ifadə edərkən diskriminasiyaya yol verməməlidir.

Maddi yardıma gəlincə, Azərbaycanda belə bir misal var: pulu verən musiqini sifariş edər. Mediaya maddi dəstək verilirsə, dəstək almaq istəyən media qurumları, obrazlı desək, sifariş verilmiş musiqiyə oynamalıdır.

Mətbuat dövlət münasibətləri necə tənzimlənir? Söhbətin hökumətdən, yoxsa dövlətdən getdiyini anlaya bilmədim. Amma bütün münasibətləri qanunlar tənzimləməlidir. Kimsənin haqqı pozulanda isə haqqını məhkəmələrdə bərpa edə bilməlidir. Digər nəzarət qurumları və s. mənim fikrimcə, mənasız və mətbuatı inkişafdan saxlayan maneələrdir. Belə maneələr burada yoxdur.

- Azərbaycanda jurnalistlərin ortalama aylıq qazancını bilirsiniz, amma biz holland jurnalistlərin nə qədər qazandıqlarını bilmirik. Məsələn, Tomas ayda nə qədər və hansı formada qazanır?

- Burada bir jurnalistin maaşı bir çox faktorlardan aslıdır: iş təcrübəsindən, yaşdan, təhsildən və s. Bu rəqəm təxminən 2118 avro ilə 4387 avro arasında dəyişir. Qeyd etdiyim kimi, bu, sənin iş təcrübəndən, yaşından, təhsilindən və s. asılı olaraq dəyişir. Bir gənc jurnalist aşağı maaşla başlayır və hər il maaşı artaraq sonunda qeyd etdiyim məbləğə qədər çata bilir. Əlbəttə, bundan yuxarı qazananlar da var. Məsələn, baş redaktorlar bir qədər daha artıq qazanırlar. Qısası, burada jurnalistlərin “yaxşı oğlan”, “çörəkverən” və s. kimi axtarışlarına ehtiyac yoxdur (gülümsəyir – İ.M.). Təbii ki, bununla Azərbaycanda bütün jurnalistləri eyni gözdə görmək, hamısının ələbaxan oluğunu iddia etmək fikrindən çox uzağam.

- Azərbaycanda insanların mətbuata gəliş səbəbini daha çox belə əsaslandırmaq olar: az da olsa, daha tez iş tapmaq imkanı. Və biz "bir jurnalist olaraq işinizdən zövq alırsınızmı" sualı qarşısında çətinlik çəkirik. Bu vəziyyəti copy-paste edib Niderlanda şamil etsək...?

- Bunu edə bilmərik. Açıq desək, sizin də qeyd etdiyiniz kimi, Azərbaycanda özünə iş tapa bilməyənlərin bir çoxu mətbuata üz tutur. Məsələn, bir mühəndis öz ixtisasına uyğun iş tapa bilmirsə, jurnalistikaya gələ bilir, amma bir jurnalist təhsilsiz mühəndis ola bilməz. Yəni jurnalistikanı bəzən o qədər önəmsiz bilirik. Məncə, biz bu sahənin vacibliyini, cəmiyyət üçün önəmini lazım olan qədər dərk edə bilmirik. Nə qədər standart səslənsə də, jurnalist sözün həqiqi mənasasında, cəmiyyətin aynası olmalıdır. Bizdə isə aynanın üstünü çoxdan qalın çirk-pas tutub. O aynada cəmiyyətin özünü görməsi çox çətindir. Bir qədər öncə qeyd etdiyiniz o yardımlarla aynanın üstündəki çirk daha da qalınlaşır.

Niderlandda da belədir ki, hər kəs bu sahəyə gələ, yazı yaza, fikrini bildirə bilər. Amma bunu edənlər özlərinə iş tapa bilməyənlər deyil, bu sahəyə sevgisi, marağı olanlardır.

Müəllif: Tural Talehoğlu