Yarımçıq ÜST və Tramp

Maraqlı

19.04.2020 - 18:00

Tramp haqlıdır ya ÜST? Kim daha çox səhv buraxdı?

Ötən həftə Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) ilə ABŞ lideri Donald Trampın deyişməsi ikinci tərəfin təşkilata verdiyi pulu kəsməsi ilə bitdi. Trampın bu davranışı həm beynəlxaq təşkilat rəhbərliyi, həm də dünya ölkələri tərəfindən təəssüflə, sərt reaksiya ilə qarşılandı.

Bəs, Trampın ÜST-ə qarşı qəzəbi, qərəzi nədən qaynaqlandı və ABŞ prezidentini bu həddə gətirib çıxaran nə idi?

AYNA Trampın pandemiya dövründə ÜST-ə küskünlüyünün və ÜST-ün Covid-19-la bağlı işinin tarixçəsini gözdən keçirib və 15 həftəlik vəziyyəti xronoloji ardıcıllıqla sizə təqdim edir. Baxaq görək, kimdir müqəssir? Və ya ÜST Trampın kobudluğuna layiq idimi?

5 yanvar- ÜST Çinin Vuhan şəhərində "naməlum pnevmoniya" olduğunu bildirdi. ÜST bu hadisə ilə əlaqədar, Çinə hər hansı bir səyahət və ticarət məhdudiyyətlərinin tətbiq edilməsinə qarşı çıxdığını dedi.

9 yanvar- ÜST xəstəliyin mənbəyini açıqlayan bir bəyanat yaydı: "Çin hakimiyyəti Vuhanda virusun yayıldığını təsbit etdi. Önümüzdəki həftələrdə virusun epidemiologiyasını və klinik mənzərəni anlamaq üçün daha dolğun məlumat tələb olunur."

14 yanvar- ÜST səlahiyyətliləri virusun insandan insana ötürülmə olub-olmadığı barədə ziddiyyətli siqnallar verdilər. Cenevrədəki mətbuat konfransında ÜST-ün xəstəliklər bölməsindən ekspert Mariya Van Kerkove belə dedi: "Əldə etdiyimiz məlumatlardan, ailələr arasında potensial olaraq insandan insana ötürülməsi mümkündür, ancaq hələ tam aydın deyil.” Elə həmin gün ÜST təkrar bəyanat verdi ki, Çində də aparılan araşdırma nəticəsində məlum olub ki, virus insandan insana keçmir.

22 yanvar -ABŞ-da virusun yayılıb yayılmaması ilə bağlı Trampın  fikri: "Tamamilə nəzarətdəyik. Çindən gələn bir nəfərdir və onu da nəzarət altında saxlayırıq. Hər şey yaxşı olacaq."

23 yanvar- ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus verdiyi açıqlamada dedi ki, koronavirusu beynəlxalq bir narahatlıq doğuran və ictimai əhəmiyyətli sağlamlıq siqnalı  elan etmək hələ tezdir: “ Bu Çində fövqəladə bir vəziyyətdir, amma hələ də qlobal durum deyil.”

 

 

24 yanvar- Tramp virusun yayılmasının qarşısını almaq üçün etdiyi səylərə görə Çini öz Twetter hesabında təriflədi: "Çin koronavirusu  dəf etmək üçün çox çalışdı. ABŞ onların səylərini və şəffaflığını çox yüksək qiymətləndirir. Hamısı yaxşı nəticələnəcək. Xüsusilə Amerika xalqı adından Prezident Xi-yə təşəkkür edirəm."

29 yanvar- ÜST-ün Fövqəladə Hallar Proqramının rəhbəri, doktor Mayk Ryan belə bir bəyant verdi: "Bütün dünya hazır olmalıdır. Bütün dünya hərəkətə keçməlidir və episentrdən və ya digər mərkəzdən meydana gələcək  vəziyyətə cavab verilməlidir.”

30 yanvar-Tramp çıxışı zamanı  virusu idarə etmək üçün ABŞ-ın Çin ilə ortaqlığı haqqında danışdı. "Yalnız beş yoluxan nəfərimiz var. Hər şey çox yaxşı olacaq. Çinlə birgə işləyirik, ümid edirik vəziyyət düzələcək.”

ÜST rəhbəri Tedros isə çıxışında virusun qlobal yayılması ilə əlaqədar beynəlxalq narahatlıq keçirdiklərini dilə gətirdi.

2 fevral- Tramp bildirdi ki, Çindən gələnlər ciddi karantinə alınıb: “ABŞ vətəndaşları, qanuni daimi sakinləri və yaxın ailə üzvləri də daxil olmaqla hər kəs 14 gün izolə olunub.”

4 fevral- ÜST direktoru Tedros səyahət qadağalarına qarşı olduqlarını dedi:"Bütün ölkələrə beynəlxalq səyahət və ticarətə lazımsız müdaxilə edən məhdudiyyətlər tətbiq etməməyə çağırırıq. Bir daha təkrar edirik, bu cür məhdudiyyətlər qorxu və stiqmanın təsirini artıra bilər. Bu cür tədbirlər həyata keçilsə də, bunu da zamanla etmək lazımdır."

10 fevral- Tramp dedi: " Deyilənə görə, virus aprel ayında, havalar isinəndə məhv olacaq. Nəzəriyyəçilər belə deyir, ümid edirəm ki, bu həqiqətdir. Ancaq biz ölkəmizdə qabaqlayıcı böyük işlər görürük. Çinlə, Prezident Xi ilə danışdım və onlar da mübarizə üçün çox çalışırlar. Düşünürəm ki, hamısı yaxşı olacaq. "

11 fevral- ÜST-dəki brifinqdə Tedros dünya liderlərini virusun tərkibinə üstünlük verməyə çağırdı: "Düzünü desəm, bu virus hər hansı bir terror hücumundan, siyasi, iqtisadi və sosial oyanış yaratmaqdan daha güclüdür.. Dünya oyanmalıdır. Virusu 1 nömrəli  ictimai Düşmən hesab etmək istəmirsə, dərslərimizi öyrənəcəyimizi düşünmürəm. "

13 fevral- Trampdan belə bir fikirlər səsləndi: “Bizdə 12 yoluxma hadisəsi var. Bu insanların əksəriyyəti sağalır və bəzi insanlartam sağalır. Narahlığa əsas yoxdur.

24 fevral- Tramp növbəti “tweet"ində belə fikirlər yazdı: “ABŞ-da koronavirus tam nəzarət altındadır. Hər kəs və bütün əlaqədar ölkələrlə əlaqə saxlayırıq. ÜST çalışır və çox ağıllı addımlar atır.”

26 fevral- Mətbuat konfransında Trump dedi ki, 15 nəfər daha  yoluxub, tezliklə bu rəqəm 0 olacaq."

28 fevral -ÜST bəyan etdi ki, koronavirus böyük qlobal risk səviyyəsinə çatıb.

5 mart- ÜST brifinqində Tedros Çin və ABŞ-ı virusla mübarizədə düzgün yanaşma ya görə təriflədi."Pekinə səfərimizdən  Çinin yanaşmasını və Prezident Xinin nəzarəti qənaətbəxşdır. ABŞ, Prezident Trumpın özü, mütəmadi olaraq koordinasiya işi, vitse-prezidentin təyinatı bizi qane edir. Hğkümətin səfərbər olması doğru yanaşmadır.”

Həmin gün Tramp da vəziyyətdən qane idi və demişdi: "Hamısı işə yarayır. Hamı sakit olmalıdır. Tədbirlərimiz işə yarayacaq.”

10 mart- Tramp yenə də çıxışında hamını panikaya qapılmamağa çağırdı: “Bu virus gözlənilməz oldu və dünyanı vurdu. Hazırlaşdıq, yenə də böyük işlər görürük. Sadəcə sakit olun, tezliklə virus yox olacaq."

11 mart- ÜST koronavirusu pandemiya elan etdi.

Tramp isə yenə də çıxışı zamanı təsəlli verərək, ölüm risklərinin az olacağını dedi.

16 mart- ÜST baş direktoru Tedros virusun pandemiya səviyyəsini üstələdiyini və bütün ölkələrin testlərdən sız istifadə etməyi tövsiyə etdi. "Bütün ölkələr üçün sadə bir mesajımız var: test, test, test. Hər şübhəli vəziyyəti sınayın."

Həmin gün Tramp da prezident adminstrasiyasına virusun yayılmasına nəzarət etmək üçün əmr verdi, ABŞ-da ciddi karantini elan etdi.

17 mart- Tramp Covid-19-u vəba ilə müqayisə etdi və ölkəsinin virusa qalib gələcəklərini dedi.

21 mart- Tramp artıq koronaviruslu xəstələrin müalicə “işi”nə dair “tweet” paylaşıd :"Hidroxlorin və azitromisin, birlikdə istifadə edilərək tibb tarixində böyük dönüş edirlər. "

23 mart - ÜST-ün brifinqində Tedros belə dedi: “Sübut olmadan sınanmamış dərmanların istifadəsi yalan ümid yarada bilər və hətta xeyirdən daha çox, zərər verə bilər.”

24 mart- Trump ümidlərə qapılıb virusun tezliklə bitəcəyininə dair belə dedi: "Pasxa mənim üçün çox özəl bir gündür. Deyirəm, tezliklə bütün kilsələrin dolması xoş olmazmı?"

26 mart- ÜST rəhbəri Tedros virtual sammitdə dünya liderlərinə səsləndi: "Bizi parçalamaqla təhdid edən bir virusla müharibədəyik.”

6 aprel-ÜST-nin Sağlamlıq və Fövqəladə Hallar Proqramının rəhbəri, doktor Mayk Ryan belə bir bəyantla çıxış etdi: “Karantini qəfil qaldırmaq olmaz, biz epidemioloi vəziyyətə baxırıq və tövsiyə edirik ki, ehtiyac varsa, mərhələ-mərhələ “kilid”dən çıxmaq olar. Bu səbəbdən ölkələr səbrli olmalıdır, tələsməməlidir.”

7 aprel- Tramp ÜST-ü virusla bağlı təhlükəyə dair ölkələri gec xəbardar etməkdə ittiham etdi: "ÜST bizi yalnış tərəfə apardı. Əsasən ABŞ tərəfindən maliyyələşdirilən, lakin daha çox Çin mərkəzli bu təşkilatın davranışı aydın deyil. Xoşbəxtlikdən, vaxtında ÜST-ə qulaq asmadıq, sərhədlərimizə nəzarət etdik, Çinə bağladıq. Niyə bizə belə səhv bir tövsiyə verdilər? "

8 aprel- ÜST-dən, Tedrosdan Trampın ittihamlarına cavab gəldi: "Xahiş edirəm, bu virusu siyasiləşdirməyin. Belə davam etsə, pandemiya ağır nəticələrə gətirib çıxaracaq.”

14 aprel- "Bu gün mən rəhbərliyimə Ümumdünya Səhiyyə Təşkilatının maliyyələşdirilməsini dayandırmağı tapşırıram. ÜST koronavirusun yayılmasının qarşısının alınmasında və ciddi şəkildə idarə edilməsində başısoyuqluq etdi.”

15 aprel- ÜST direktoru Tedrosun Trampın qərarı haqqında rəyi: "ABŞ prezidentinin ÜST-ü maliyyələşdirmənin dayandırılması barədə qərarından təəssüflənirik.”

16 aprel- ABŞ-ın BMT-dəki səfiri Kelli Kraft bəyan etdi: "ÜST fəaliyyətində dəqiq deyildi. Düzgün olsaydı, virus yavaşlayar və minlərlə insan xilas olardı."

17 aprel-  ÜST-ün Afrika region üzrə direktoru, doctor Matşidiso Moeti ABŞ-ın təşkilatı maliyyələşdirməkdən imtina etməsini qınadı: “Bu maddi vəsaitdən imtina Afrika  qitəsində malyariya, QİÇS və başqa yoluxucu xəstəliklərlə mübarizəni haradasa dayandıracaq.”

 

Məlumat üçün deyək ki, təkcə ötən il ABŞ ÜST-ə 400 milyon dollar dəstək vermişdi. Tramp bu dəstəkdən imtina etsə də, hazırda dünya üzrə Covid-19-un ocağı vəziyyətinə çatıb. Fakt odur ki, ABŞ-da 755 mindən çox insanda yoluxma aşkarlanıb, 40 mindən çox insan isə həyatını itirib.

 

Raminə Eyvazqızı

Müəllif: Raminə Eyvazqızı