Sizi verənə şükür, ay Operativ Qərargahdakılar - AXI NİYƏ?!

Maraqlı

16.03.2022 - 10:18

Nazirlər Kabineti məni üzr istəməyə məcbur etdi, görün necə...

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

Sadiq oxucularımız yaxşı xatırlayar: koronavirusun tüğyan etdiyi bir vaxtda, Nazirlər Kabineti yanında Opertaiv Qərargahı dəfələrlə tənqid etmişdim. Söhbət orada oturanların kimliyindən və savadından getmirdi, tənqid hədəfi onların qəbul etdiyi absurd qərarlar idi. Amma indi koronavirus “Microsoft”un rəhbəri Bill Geytsin 2020-ci ildə əminliklə verdiyi proqnoza (bəlkə də plana) tam uyğun olaraq, 2022-ci ilin martında demək olar ki, səngidi.

Və indi mən bu kişilərdən dəfələrlə üzr istəyirəm: sizə qarşı haqsızlıq etmişəm, bağışlayın - gərgin işdən imkanınız varsa. “Nə baş verdi?” və “Axı niyə mən bu kişilərdən üzr istəyirəm?” sualı ilə maraqlanan oxucularım üçün izah edim.

A kişilər, vallah-billah, Nazirlər Kabinetinin son qərarlarına baxanda adam Operativ Qərargahın üzvlərinin hamısını lap professor və məntiq elminin atası hesab edə bilər. Daha geniş izah edim.

Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar dünyada aləm dəyib bir-birinə. Sanksiyalar, silahlar, qaçqınlar ordusu, günahsız qurbanlar... və bunun nəticəsi kimi ərzaq qiymətlərində kəskin artım. Xüsusən də bu artım dünya buğda və günəbaxan yağının istehsalı və ixracında məhz Rusiya və Ukraynanın liderliyi ilə əlaqədardır. Yəni, Allah eləməsin (bəlkə də artıq gecdir – bunu bayrama 1-2 gün qalmış, ya da tətil günlərində biləcəyik), bizdə çörəyin, unun, buğdanın, duru yağın qiyməti qalxsa, pisdir, amma haradasa başadüşüləndir. Yenə də aidiyyəti orqanlar dünyada baş verənləri analiz etməli, ehtiyat tədbirləri görməli idilər. Bizdə isə bu soxa-soxda yenidən qiymət artımı baş verdi, amma...

Azərbaycanda siqaret və tütün məmulatları üçün aksiz dərəcələri artırılıb:

Siqaretlərin 1000 ədədi üçün aksiz dərəcəsi 43,0 manatdan 46,5 manata qədər qaldırılıb.

İsitmə nəticəsində istehlak edilmiş tütün və tütün məhsullarının 1000 ədədi üçün aksiz dərəcəsi 12,9 manatdan 14 manatadək yüksəlib.

Həmçinin elektron siqaret və qəlyan üçün aksiz dərəcəsi müəyyən olunub:

Qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla, digər çəkməli tütünlərin, çeynənilən və ya buruna çəkilən tütünlərin 1 kiloqramına görə aksiz dərəcəsi 30 manat müəyyənləşdirilib.

Birdəfəlik istifadə olunan elektron qəlyan, siqaret üçün aksiz dərəcəsi 0,25 manat müəyyən olunub.

Spirtli içkilər üçün də aksiz dərəcələri artırılıb:

Denaturasiya olunmamış etil spirti üçün aksiz dərəcəsi 1 litr üçün 5,2 manatdan 6 manata yüksəlib.

Üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün aksiz dərəcəsi 1 litrə görə 7,2 manatdan 8 manata qədər artırılıb.

Viski, rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan, cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilər üçün 1 litrə görə aksiz dərəcəsi 11,2 manatdan 12 manata qaldırılıb.

Azərbaycan Nazirlər Kabinetinin qərarı 30 gün sonra qüvvəyə minəcək.

Yəni, mən qətiyyən siqaret və spirtli içkiləri zəruri təlabat məhsulları hesab etmirəm, baxmayaraq ki, ölkəmizdə onların qiymətinin qalxması çətin iqtisadi vəziyyətin acısını acı tüstüdə və qədəhdə boğmaq istəyənlərin az olmayan sayına təsir edə bilər. Xüsusən də spirtli içkilərin qiymətlərinin artması koronavirus vaxtı düşdüyü komadan təzəcə ayılan toy biznesinə, eləcə də əhalinin sağlamlığına ziyan vuracaq.

Məlumdur ki, qiymətlərin artması bazara kontrafakt (geydirmə) məshulların ayaq açması ilə müşayət olunur. Amma dünyanın bir-birinə dəydiyi bir zamanda spirtli içkilərin və tütünün qiymətinin qalxması hansı zərurətdən doğurdu? O klassik məmurların ağıllı sifətlə Avropa və ABŞ-ı misal göstərməklə, qiymət artımının əhalinin sağlamlığına müsbət təsir göstərəcəyi barədə cəfəng fikirlərini əsaslı arqument olaraq qəbul etmək də adama qəribə gəlir. Niyəsi çox sadədir.

Tutaq ki, Nazirlər Kabineti, doğrudan da, əhalimizi, xüsusən də gənc nəsli tütün və alkoqoldan aralı tutmaq, sağlam görmək istəyir. Bu Kabinetin 35 üzvü var və onların yarıdan çoxu sovetin babat vaxtını görüb. Axı onlar gənc nazir və komitə sədrlərinə izah edə bilərdilər ki, gənc nəslin sağlamlığı təkcə tütün və spirtli içkilərin qiymətinin qaldırılmasından asılı deyil. Onları başqa yollarla sövq etmək lazımdır.

Xırda bir hesablama aparaq: qiymət qalxandan sonra az-maz çəkilə bilən ortabab siqaretin qiyməti olacaq təxminən 3 manatdan yuxarı. Yəni bir yuxarı sinif məktəblisi və ya tələbə siqaretə ayda 100 manat civarında pul xərcləyir – onu da hamı ala bilməyəcək, kasıb təbəqə keçəcək daha ucuz və zay tütünə. Elə Bakı şəhərində həftədə iki dəfə olmaqla idman zalına getməyin də qiyməti o 80-100-120 manat arası dəyişir. Zala, təbii ki, hamı gedə bilmir, yaşayış binalarının arasındakı kiçik idman meydançalarının yerində isə indi “göydələn”lər və marketlər var, ən yaxşı halda avtodayanacağa çevirilib.

İmkanı olmayan gəncin ağzındakı ucuz “Şirvan” və ya “Qarabağ”, lap elə ortabab “Kent” olsun, siqaretini yerə tullamağa təşviq etmək üçün idman zalları və meydançalarını ödənişsiz və ya simvolik ödənişlə etmək lazımdır. Qoy vergi, “Azərişıq”, “pojarnı” və s. oralara az gəlsin və ya bir neçə il gəlməsin ki, zal sahibləri normal qiymət müəyyən edə bilsinlər. Yeni “göydələn”lər tikiləndə tikinti sahiblərinə idman meydançası, qapalı və ya açıq hovuz tikmək bir şərt olaraq qoyulsun və deyilsin ki, bunsuz bina dövlət tərəfindən qəbul edilməyəcək.

Bu gün söydüyümz sovetin yaxşı işlərini niyə unutmalı və tətbiq etməməliyik ki? O zaman məktəbdən gələn uşaq “Dinamo”, “Neftçi”, SKA idman cəmiyyətinin nəzdindəki boks, üzgüçülük, güləş və sair dərnəklərə gedir və onun valideyni bunun əvəzində aylıq büdcəyə “naqruska” olmayan 3-5 rubl pul ödəyirdi. Məsələn, yaxın bir dostum məktəb vaxtı neçə müddət SKA-da hovuza abonementlə gedir və bunun üçün aylıq cəmi 3,6 rubl ödəyirdi. Binaların həyətində, məhlələrarası, Bakının hər rayonunda stadionlar da öz yerində.

Odur ki, əsl “sağlam bədəndə sağlam ruh” prinsipi işləyirdi. İndi isə “sağlam bədən üçün dolu cib” prinsipi hakimdir. Ona görə də siqareti, tütünü nə qədər qaldrısanız da, bundan gəncliyimiz sağlam olmayacaq.

Beləcə, Nazirlər Kabinetinin bu son qərarından sonra mənim Operativ Qəragah üzvlərindən onları tənqid etdiyimə görə üzr istməkdən başqa yolum qalmır. Bunların yanında siz məntiqin atasısınız.

P.S. O ki qaldı spirtli içkilərə, bu barədə də fikrim var. Amma bu, artıq ayrı mövzu olacaq. Onsuz da Nazirlər Kabinetinin qərarı 30 gündən sonra qüvvəyə minəcək – xəbərdarlığına baxmayaraq, bizimkilər “sonra” sözünü ustalıqla “ərzində” kimi qələmə verəcəklər...

Müəllif: Yoldaş Mircəfər