İranın keçmiş Baş naziri hökuməti köklü dəyişikliyə çağırıb

Dünya

09.02.2023 - 16:18

Mirhüseyn Musəvi: “İran və iranlıların əsaslı dəyişikliyə ehtiyacı var və buna hazırdırlar”

İranın islahatçı siyasətçilərindən biri, keçmiş Baş nazir Mirhüseyn Musəvi hökuməti Tehranda rəhbərliyə qarşı aylardır davam edən etirazların ardınca "köklü dəyişikliklər" etməyə çağırıb.

AYNA xəbər verir ki, 81 yaşlı siyasətçi öz internet səhifəsində yerləşdirdiyi və yerli media tərəfindən yayılan bəyanatında “İran və iranlıların əsaslı dəyişikliyə ehtiyacı var və buna hazırdırlar” yazıb.

Musəvi bildirib ki, 2022-ci il sentyabrın ortalarında polis müavini tərəfindən həbs olunduqdan sonra ölən gənc kürd qadın Məhsa Əmini ilə bağlı başlayan etirazlar “bir-biri ilə əlaqəli böhranlar” üzərində qurulub.

“Bunlar iqtisadi, ekoloji, sosial, qanuni, mədəni və media böhranlarıdır”, Musəvi qeyd edib.

Sabiq Baş nazir islahatçı İran hakimiyyətinin hazırkı strukturunu “sağlam” hesab edib və mümkün yeni konstitusiya ilə bağlı “azad və ədalətli referendum” keçirilməsi təklifini irəli sürüb.

Musəvi qeyd edib ki, 1979-cu il İslam inqilabında olduğu kimi, xalqın İran üçün “azadlığa, ədalətə, demokratiyaya və inkişafa yol açmaq üçün əsaslı dəyişikliklər etmək hüququ var”.

Qeyd edək ki, 81 yaşlı siyasətçi İranın ilk ali lideri Ayətullah Ruhullah Xomeyninin ən yaxın sirdaşlarından biri olub. 1981-1989-cu illərdə ölkə hökumətinə rəhbərlik edib. Ölkənin Baş naziri postu ləğv edildikdən sonra o, 20 il siyasətdən kənarda qalsada, 2009-cu ildə siyasətə qayıdıb və seçkilərdə mühafizəkar siyasətçi Mahmud Əhmədinejada qarşı mübarizə aparıb. Musəvi seçkidə uduzub, bundan sonra nəticələrin saxtalaşdırıldığını dəfələrlə bəyan edib. Siyasətçiyə qarşı heç bir rəsmi ittiham irəli sürülməsə də, o, 12 il ev dustaqlığında olub.

Müəllif: Ayna.az