Əhməd Obalı: “Çox arzulayıram ki, İran sərhədlərə tez-tez qoşun yığsın, təlimlər keçirsin, Azərbaycan əleyhinə bəyanatlar, təhdidlər səsləndirsin”
İran indi də genişmiqyaslı hava hücumundan müdafiə təlimləri keçirir. Təlimlərlə əlaqədar “Mehr” Agentliyinə açıqlamasında Hətəm əl-Ənbiya Hava Müdafiə Qərargahı komandiri, general Qədir Rəhimzadə bildirmişdi ki, “Vilayət səması müdafiəçiləri – 1400” adlı təlim Kəbir çölündə baş tutacaq.
Onun sözlərinə görə, təlimdə İran Ordusu Hava Qüvvələri, İnqilab Keşikçiləri Ordusu Hava Qüvvələri və Hava-Kosmos Qüvvələri birlikləri iştirak edir.
“Təlimlərin məqsədi birliklərin döyüşəhazırlıq qabiliyyətini gücləndirməkdir. Təlimlərdə yerli istehsal hava müdafiə sistemləri, elektron hava sistemləri, döyüş təyyarələri, PUA-lar, ağıllı sursatlar və qanadlı raketlər yoxlanılacaq”, - deyə o, vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl İran Quru Qoşunları Komandanlığı Azərbaycanla sərhəddə başlatdığı və "Xeybər fatehləri" adını verdiyi hərbi təlimlərə zirehli bölmələr, artilleriya bölmələri, PUA, elektron müharibə və hərbi aviasiyadan atəş açmaq taktikası daxil edilmişdi. İranın siyasi rəsmiləri bu təlimləri bölgənin "stabilliyi və sülhü" naminə apardıqlarını desələr də, ölkənin hərbi təmsilçiləri təlimləri “bölgədə sionist təhlükə” ilə izah etmişdilər.
Tehran tərəfindən bu cür təlimlər vasitəsilə Azərbaycana əzələ nümayiş etdirildiyini bildirən bir çox ekspertlər hesab edirlər ki, İran faktiki olaraq Bakını təhdid edir. Müharibə versiyası real sayılmasa da, istər rəsmi Tehran tərəfindən, istərsə də İran ictimaiyyətinin bəzi nümayəndələri, dini liderləri tərəfindən verilən xoş olmayan açıqlamalar Azərbaycanda qıcıq yaratmaya bilməz.
Baş verənlərlə bağlı fikirlərini AYNA ilə bölüşən “GünAz” TV-nin rəhbəri Əhməd Obalı deyib ki, ilk öncə İranın Azərbaycana qarşı düşmənçiliyinin kökünə baxmaq lazımdır:
- Ən mühüm məsələ odur ki, İran üzdə dost olduğunu, qardaş olduğunu söyləyir, mahiyyəti isə başqadır. Tehran rejimi üçün fars dövlətçiliyi önəmlidir. Baxmayaraq ki, İranda milyonlarla Azərbaycan türkü yaşayır, digər millətlərin nümayəndələri var. Əsas məsələ İran üçün fars şovinizmidir. Onlar ölkəni farsçılıq üzərində qurublar. Farsçılıq isə türk düşmənçiliyi deməkdir. Tarixən bu belə olub, indi də davam edir. İranın bu gün erməniyə dəstəyi də türk düşmənçiliyindən qaynaqlanır. Onların erməniyə əslində heç bir sevgisi yoxdur. Sadəcə ermənilərdən alət kimi istifadə etmək, türk düşmənçiliyini davam etdirmək niyyətindədirlər. Necə deyərlər – “düşmənimin düşməni mənim dostumdur”, prinsipi ilə siyasət həyata keçirirlər.
- İranın tarixən Azərbaycana qarşı düşmənçilik etsə də, bu, görüntüdə hiss edilmirdi. İndi isə açıq bəyanatlar verilir, təhdid mesajları göndərilir. İranın hazırkı şəraitdə açıq təhdidlərə keçməsinin səbəbi nədir?
- Baxın, İran Birinci Qarabağ müharibəsində də, İkinci Qarabağ müharibəsində də ermənilərə yardımlarını əsirgəməyib. Şuşanın işğal edilməsində də Tehran rejiminin müstəsna rolu olub. Sadəcə bu düşmənçiliyi “dostluq” adı ilə pərdələyirdilər. Təbii ki, Azərbaycanın rəsmi qurumları Tehranın siyasətindən xəbərdar idi. Cəmiyyət olaraq da xəbərdar idik ki, İran Azərbaycanı sevmir. İndi düşmənçiliklərini ona görə üzdə göstərir ki, Azərbaycan möhtəşəm qələbə qazandı, ərazilərini işğaldan azad etdi. İkinci Qarabağ savaşında təkcə Ermənistan məğlubiyyətə uğramadı, eyni zamanda, İran da məğlubiyyətə düçar oldu. Tehran rejimi uduzduğunu həzm edə bilmir. Bilirsiniz, İran hər zaman “İsrail kartı”ndan istifadə edirdi, Azərbaycan cəmiyyətinin dini kəsimi arasında Bakının “sionistlərlə əməkdaşlığı” yönündə təbliğat aparırdı. Amma gördü ki, bu “kartlar” da effekt vermədi. Tehran Azərbaycan-İsrail əlaqələrinə xələl gətirə bilmədiyini başa düşdü. İkincisi, Türkiyə-Azərbaycan əlaqələrinin yüksələn xətlə davam etməsi, güclərini birləşdirməsi İranı qıcıqlandırdı. Bu gün Azərbaycan-Türkiyə birlikdəliyi regionda daha çox söz sahibidir ki, bu, fars rejiminin xoşuna gəlmir, siyasətinə və maraqlarına ziddir. Məsələlərdən biri də odur ki, Azərbaycanın qələbəsi, güclənməsi Güney Azərbaycanda ruh yüksəkliyinə səbəb olub. Bu da İranı ciddi şəkildə narahat etməkdədir. Eyni zamanda, İran nə Rusiyadan, nə Ermənistandan gözlədiyi dəstəyi ala bilir. Beləliklə, İranın düşmənçiliyi, təhdidləri açıq hal almağa başladı.
İran Azərbaycanla sərhədə qoşunlarını, sınıq-salxaq silahlarını yığmaqla zənn etdi ki, Azərbaycan mövqeyindən geri oturacaq. Yəni bununla Azərbaycanı qorxutmaq istədilər, amma alınmadı. Onu da deyim ki, Tehran rejimi bir qədər də başını itirib. Məsələlərə praqmatik yanaşa bilmirlər, real siyasi mənzərə ilə razılaşa bilmirlər. Regionda balansın dəyişdiyinin fərqindədirlər, amma bunu qəbul etməkdə çətinlik çəkirlər. Arqumentləri isə son dərəcə absurddur. Məsələn, Tehrandan deyilir ki, “Azərbaycan Zəngəzuru ələ keçirmək istəyir, biz buna imkan verə bilmərik”. Belə bir məsələ yoxdur axı. Düzdür, Zəngəzur Azərbaycanın tarixi torpağıdır, amma beynəlxalq hüquq var ki, Bakı o hüququ pozmaq niyyətində olmadığını dəfələrlə açıqlayıb. Yaxud da, deyirlər ki, “Azərbaycan İsrailə İranla sərhəddə hərbi baza yaratmasına imkan verir”. Bu qədər absurd iddia ancaq qərəzli Tehran rejimindən səsləndirilə bilər. İsraillə Azərbaaycanın hər zaman yaxşı dostluğu olub ki, bunun heç bir halda İrana dəxli yoxdur. Hesab edirəm ki, Tehran rejiminin bu iddiaları bəhanədən başqa bir şey deyil. Sadəcə İran Azərbaycanın güclənməsindən narahatdır.
- Ümumiyyətlə, İran Ordusunun gücü, qüdrəti nə qədərdir?
- Azərbaycanla İran ordularını müqayisə etsək, əlbəttə, İran Ordusunun gücü böyükdür. İstər ölkənin ərazisi baxımından olsun, istərsə də ordusunun şəxsi heyətinin sayı baxımından olsun, İran böyükdür. Texniki baxımdan isə bunu söyləmək olmaz. Əvvəla, onu qeyd edim ki, İran Azərbaycanla müharibə etməz. Buna güneylilər əsla imkan verməzlər. Bütövlükdə isə İran Ordusu Tehran rejiminin təqdim etdiyi kimi güclü deyil. Texniki cəhətdən çox geridə qalmış silahlara malikdirlər ki, biz bunu təlimlərdə gördük. İranda olan silahların daha yenisi Ermənistanda var idi, sonu nə oldu?! Məsələ burasındadır ki, İran Azərbaycana bir mərmi atsa, fars rejiminin sonuna güllə sıxmış olar. Çünki bu gün İran cəmiyyətinin 35 faizi Azərbaycan türküdür, ordunun 40 faizdən çoxu Azərbaycan türklərindən ibarətdir. Həmin Azərbaycan türklərinin müharibə olacağı təqdirdə qardaşlarının tərəfinə keçəcəklərinə biz əminik. Buna İran da əmindir. Hesab edirəm ki, müharibə olarsa, İranın Azərbaycan qarşısında nəfəs alacaq imkanı yoxdur.
- Güney azərbaycanlıların Tehran rejiminin Azərbaycana qarşı təhdidləri ilə bağlı mövqeyi necədir?
- Güneydə ümumi halda bu barədə araşdırma aparılmayıb ki, dəqiq rəqəmlərlə onların mövqelərini deyə bilək. Amma milli fəallar aktiv şəkildə sosial şəbəkələrdədirlər. Onların yazdıqlarından görünür ki, hamısı bu məsələlərdə Azərbaycanın yanındadırlar. Təbii ki, güneylilər arasında Tehran rejiminin əlaltıları var, rejimə inanalar mövcuddur. Lakin bunlar az saydadırlar. Dünyanın hər yerində belə tip insanlar mövcuddur ki, milli maraqları şəxsi maraqlardan üstün tuturlar. Bütövlükdə isə Güney Azərbaycan türklərinin ürəyi Bakı ilə döyünür.
Bir vacib məsələni deyim: İran bu oyunlarını nə qədər davam etdirəcəksə, bu, bizim xeyirimizədir. Çünki Tehran rejimi Azərbaycana qarşı siyasəti ilə milləti oyadır. Həm Şimali Azərbaycanı, həm də Güney Azərbaycanı ayağa qaldırır. Ona görə də, mən çox arzulayıram ki, İran sərhədlərə tez-tez qoşun yığsın, təlimlər keçirsin, Azərbaycan əleyhinə bəyanatlar, təhdidlər səsləndirsin. Yenə deyirəm, bu bizə xeyirdir. İran Araz kənarına qoşun yığmaqla elə zənn edir ki, fars şovinizmini qoruyur, elə deyil. Əksinə, rejimin sonunu gətirirlər ki, bizə də məhz bu lazımdır. İranın Azərbaycana təhdidi mənasızdır. Çünki Azərbaycan artıq qorxmaq, çəkinmək mərhələsini keçib. İki il bundan əvvəl Tehrandan gələn təhdidlər onlara bəlkə də fayda verə bilərdi. İndi isə bunlar faydasızdır. Azərbaycan Qarabağda möhtəşəm qələbəsi ilə təhdiddən qorxmaq mərhələsini keçdi, Şuşa Bəyannaməsi ilə də mərhələnin keçidinin imzasını qoydu. Bununla da məsələ bitdi. Bu gün dünyanın heç bir ölkəsi, gücü İranı qəbul etmir, Türkiyə kimi güc Azərbaycanın yanındadır. İran nə edə bilər? Əlbəttə, heç nə.