Ceyhun Məmmədov: “Ukrayna xalqının azərbaycanlılara, ümumiyyətlə, türklərə münasibəti çox yaxşıdır, bizə qarşı sevgi var”
Ukraynadakı Azərbaycan diasporunun fəaliyyətinin birləşdirilməsi və təkmilləşdirilməsi məqsədilə yaradılan Ukrayna Azərbaycanlıları Radası (UAR) bu ölkədə yaşayan azərbaycanlıların problemlərinin həllinə yardım etməklə yanaşı, soydaşlarımızın birliyinin təmin olunması, təşkilatların fəaliyyətinin koordinasiya edilməsi istiqamətində addımlar atır. Rada rəhbərliyi azərbaycanlılarla görüşlər keçirir, onların məsələlərini Azərbaycanın Ukraynadakı Səfirliyinə çatdırır, həllinə dəstəkçi olur.
Qeyd edək ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov və Kiyev Azərbaycanlıları Konqresinin (KAK) sədri Oleq Krapivin həmsədri olduği UAR 2018-ci ildə təsis edilib. Bir neçə diaspor təşkilatı Radada birləşib. UAR-ın məqsədlərindən biri də Ukraynadakı bütün təşkilatların birlik nümayiş etdirməsinə nail olmaqdır.
Azərbaycana yaxın və dost olan Ukraynada azərbaycanlıların vəziyyəti, yaşayışları, cəmiyyətə inteqrasiyası, UAR-ın nələrlə məşğul olduğu barədə AYNA-nın suallarını UAR-ın Baş katibi Ceyhun Məmmədov cavablandırıb. Xatırladıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra diaspor fəaliyyətinə başladığı ilk ölkələrdən biri, bəlkə də birincisi məhz Ukraynadır:
- İlk diaspor təşkilatımız Ukraynada fəaliyyətə başlayıb. Hətta Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin ilk sədri Nazim İbrahimov Ukraynada diaspor sədri, sonradan səfir olub. Deməyim odur ki, Ukraynadakı diaspor təşkilatlarımız köklü qurumlardır. Ukraynada Azərbaycan diasporu kifayət qədər dayaqlara malikdir. Mənfi cəhət ondan ibarətdir ki, diasporda bölünmə çoxdur, xeyli sayda təşkilatlar var. Həmin təşkilatların əksəriyyəti fəaliyyətsizdir. Bunun obyektiv və subyektiv səbəbləri var. Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradovun innovativ addımları oldu. Ən birincisi, bütün dünyada azərbaycanlıların koordinasiya şuralarının yaranması addımıdır. Məsələn, Ukraynaya gəldi, özü tədbirlərdə iştirak etdi, görüşlər keçirdi və təklif etdi ki, birlik olsun. Demək olar ki, bu ideyaya nail olundu. Bu gün Azərbaycanın səhv etmirəmsə, dünyada 27 ölkəni əhatə edən 11 koordinasiya şurası var. Bu isə əlbəttə, böyük qüvvədir. Eyni zamanda, Diaspor Komitəsi ilk dəfədir ki, keçirilən layihələrə maliyyə vəsaiti ayırmağa başlayıb. Təşkilatlar layihəsini təqdim edir, bəlli, nizamlı işlər görülür, tədbirlər keçirilir. Həmçinin diaspor təşkilatlarına media dəstəyi göstərilir.
Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkələrdə “Qarabağ məktəbi” açılır ki, Ukraynada da belə məktəblər var. Həmin məktəblər həftəsonu məktəbləridir. O məktəblərdə azərbaycanlıların uşaqları yığışırlar, Azərbaycan dilində danışırlar, bir-biriləri ilə ünsiyyətdə olurlar. Məktəblərdə Azərbaycanın ədəbiyyatı, tarixi, mədəniyyəti Azərbaycan kökənli uşaqlara aşılanır, öyrədilir. Bu, çox vacib məsələ idi ki, sistemli şəkildə həyata keçirilir. Ümumilikdə, koordinasiya şuralarının yaradılması, “Qarabağ məktəbi”, “Azərbaycan evi” kimi layihələr diaspor nümayəndələrində, xaricdəki azərbaycanlılarda özlərinə bir inam yaratmış oldu. Artıq soydaşlarımız hiss edirlər ki, dövlətləri onların arxasındadır, dövlətin nəzərindədirlər. Bu, böyük stimuldur. Biz bunu yüksək qiymətləndiririk.
Yeri gəlmişkən, onu da qeyd edim ki, diaspor təşkilatları pandemiya dövründə, sərhədlər bağlı olanda buradakı azərbaycanlılara əlindən gələn dəstəyi nümayiş etdi. Soydaşlarımızın, pandemiya səbəbindən burada qalmış azərbaycanlıların, tələbələrin bütün problemlərinin həllində əlimizdən gələni etdik. Evsiz qalan azərbaycanlılara qalmaq şəraiti yaradıldı, onlara ərzaq yardımları edildi və s.
- Diasporun işinin effektiv olmasının bir yanı da sizdən - diaspor nümayəndələrindən asılı deyilmi?
- Əlbəttə, bizdən çox şey asılıdır. Komitə addımlarını atır, müəyyən çərçivədə hərəkət planı var. Yerlərdə bu planlar necə yerinə yetiriləcək - bu, artıq azərbaycanlılardan, diaspor təşkilatlarından asılıdır.
- Məsələn, siz hazırda hansı fəaliyyətlə məşğulsunuz?
- Mən iyul ayından etibarən UAR-da baş katib vəzifəsini yerinə yetirirəm. Təşkilatın fəaliyyət planı var, Nizamnaməmizə uyğun həmin planlar istiqamətində işimi görürəm. İstəyirik ki, Ukraynanın regionlarında olan diaspor təşkilatlarını da UAR-a cəlb edək, birlikdə olaq. Bəlli proqramlar üzrə işləyək. Belə bir ideya irəli sürmüşəm ki, Ukraynadakı azərbaycanlı iş adamlarını, tələbələri, sadə soydaşlarımızı Türk Şurasında təmsil olunan insanları İsmayıl bəy Qaspıralının “Sözdə, işdə, fikirdə birlik” şüarı ətrafında cəmləyək, bu şüarla fəaliyyət göstərək. Fəaliyyətimi bu istiqamətdə qurmuşam ki, azərbaycanlılar, sözdə də, fikirdə də, işdə də bir olmalıdırlar. Hamımızın fərqli düşüncələri, yanaşmaları ola bilər. Fərqli şeylərdən xoşumuz gələ bilər, zövqümüz müxtəlif olar. Amma Azərbaycan üçün, Türk Şurası üçün şəxsi maraqlarımızı kənara qoymalıyıq. Milli məsələlərdə birlik olmağı bacarmalıyıq. Bunu etməliyik, başqa yolumuz yoxdur.
- Ukraynalıların azərbaycanlılara münasibəti necədir?
- Ukrayna xalqının azərbaycanlılara, ümumiyyətlə, türklərə münasibəti çox yaxşıdır. Müşahidələrim deməyə əsas verir ki, bizə qarşı sevgi var. Əlbəttə, bunun səbəbləri var. İlk öncə deyim ki, SSRİ dövründə ukraynalılarla azərbaycanlılar isti münasibətdə olublar ki, bu münasibət indi də davam edir. Müəyyən şəxsiyyətlərimiz var, onlara xoş münasibətdən də qaynaqlanan məqamlar təsirlidir. Məsələn, Ümummilli lider Heydər Əliyevin vaxtilə Ukrayna ilə bağlı addımları olub ki, ukraynalıların ona rəğbəti azərbaycanlılara rəğbətə də təsir edir. Müslüm Maqomayevə böyük sevgi bəsləyirlər, o da böyük azərbaycanlı şəxsiyyətlərdən biridir.
Ən önəmli məsələlərdən biri də Azərbaycanın da yaşamış olduğu problemi Ukraynanın da yaşamasıdır - ərazilərinin işğalı. Bizim xalqlarımızı birləşdirən məqamlardan biri də məhz budur. İkinci Qarabağ müharibəsi, Azərbaycan xalqının, ordusunun ərazilərini işğaldan azad etmək yolunda atdığı addımlar Ukrayna xalqına bir stimul verdi. Ərazi bütövlüyümüzün təmin olunması ukraynalıları sevindirir, onlara stimul aşılayır. Ukrayna xalqı deyir ki, Azərbaycanın qələbəsindən nələrsə öyrənməliyik, əraziləri azad etməliyik. Onlar hesab edirlər ki, demək, işğal olunan əraziləri qaytarmaq olar, bu, mümkündür. Burada bizə qarşı bir sevgi, simpatiya var. Biz bu simpatiyanı 44 günlük Vətən müharibəsində də müşahidə etdik. İstər dövlət səviyyəsində, istər ictimai səviyyədə Ukrayna Azərbaycanın yanında oldu.
Daha bir faktor isə odur ki, biz azərbaycanlılar dostluq qurmağı bacarırıq. İndi diaspor mədəniyyəti formalaşmaqdadır. İstəyirik, elə fəaliyyət göstərək ki, yerli xalq bizə qarşı yüksək münasibətdə olsun. Eyni zamanda, ictimai-siyasi şəxslərlə əlaqələr qururuq. Deputat dostlar var ki, Azərbaycana münasibəti pozitivdir. Elə deputatlar var ki, Ali Radada dəfələrlə Xocalı soyqırımının tanınması layihəsi ilə çıxış ediblər. Təəssüf ki, bədnam qonşularımız olan ermənilərin burada təmsilçiləri var, yüksək vəzifədə olanlar var, onlar belə təşəbbüslərin keçməsinə əngəl yarada bilirlər. Diaspor olaraq bizim hədəflərimizdən biri də oldur ki, Ukraynanın Xocalı soyqırımını tanımasına nail ola bilək.
- Sizin də dediyiniz kimi, ermənilər hər bir ölkədə dövlət vəzifələrindədirlər, parlamentlərdədirlər. Məsələn, bu yaxınlara qədər Ukraynanın ən güclü nazirlərindən olan Arsen Avakov da erməni əsilli idi. Ali Radada da erməni deputatlar yetərincədir. Amma azərbaycanlıları belə əhəmiyyətli postlarda görə bilmirik. Bunun səbəbi nədir?
- Təbii ki, Ukrayna-Azərbaycan münasibətləri yüksək inkişaf mərhələsindədir. Bir neçə gün əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin xarici siyasət prioritetlərini açıqladı. Orada əsas düşmən Rusiya göstərildi. Dostlar, tərəfdaş ölkələr arasında isə ilk sıralarda Azərbaycan gəlir. Ukrayna xalqı da Azərbaycanı sevir, dəstəkləyir. Ona görə də, demək olmaz ki, kimsə azərbaycanlıların yüksək dövlət postlarında təmsilçiliyinə əngəl yaradır. Azərbaycanlıların Ukraynada siyasətlə məşğul olmasının önünü kəsən yoxdur. Sadəcə bizim soydaşlarımız, Ukraynada yaşayanlar buraya daha çox biznes məqsədi ilə gəlirlər, pul qazanmaq istəyirlər. Ukraynada siyasətlə məşğul olmaq böyük gəlir gətirmir. Siyasət gəlirsiz sahə olduğu üçün azərbaycanlılar buna meyl etmirlər. Ukraynada dövlət vəzifələrində olmamağımız bu sahəyə diqqət yetirməməkdən irəli gəlir. Əlbəttə, bizim insanlar çox bacarıqlıdırlar. İnanıram ki, siyasi sahədə də uğur qazana biləcək azərbaycanlılarımız var, sayları da az deyil. Sadəcə siyasətlə məşğul olmayublar, daha çox biznesə yönləniblər.
- Hər halda siyasətlə məşğul olmaq istəyən azərbaycanlı olmamış deyil. Olmazmı ki, həmin bizneslə məşğul olan insanlar, iş adamlarımız milli təəssübkeşlik naminə siyasətlə məşğul olmaq istəyənə dəstək göstərsinlər, yardım etsinlər. Beləliklə Ukraynanın dövlət postlarında azərbaycanlılar da təmsil olunsun və onlar haqqımızın müdafiəsində yanımızda olsunlar?
- Əlbəttə, bu, lazımdır. Bizim təşkilatın fəaliyyət istiqamətlərindən biri də məhz bununla bağlıdır. Bu işi təşviq etmək, iş adamlarını siyasətlə məşğul olanlara yardıma səsləmək lazımdır. İnanıram ki, biznesmenlərimizin içərisindən bu işə yardım etmək istəyənlər olacaq. Bizim qeyrətli, vətənpərvər insanlarımız, iş adamlarımız var. Sadəcə indiyədək görünür ki, təşviqat, təbliğat zəif gedib. İnanıram ki, diasporumuzun birliyi sayəsində bu işlərə nail ola biləcəyik. Mən “sözdə, fikirdə, əməldə birlik” şüarını deyəndə belə halları nəzərdə tuturam.