Ermənistanın artan təxribatları: İrəvan təhlükəli oyuna davam edir

Siyasət

07.09.2022 - 18:28

Politoloq: "Vasitəçilik missiyasını üzərinə götürənlər də İrəvana "dur" deməlidirlər"

Ermənistan ordusu tərəfindən son bir həftə ərzində Azərbaycan Ordusunun sərhəddəki mövqeləri davamlı olaraq atəşə tutulur. Laçın və Kəlbəcərdəki mövqelərimiz mütəmadi olaraq atəş altındadır. Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda bildirilib ki, Kəlbəcər və Laçın istiqamətlərində mövqelərimiz yenidən atəşə tutulub. 

"Sentyabrın 6-sı saat 19:50-dən 7-si saat 01:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun  Yuxarı Şorca və Qarakilsə rayonunun Noravan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik və Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb", - məlumatda vurğulanıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən təxribatların intensivləşməsi avqustun 31-də Azərbaycan, Ermənistan və Avropa İttifaqı Şurasının liderinin Brüsseldə keçirilən üçtərəfli görüşündən sonraya təsadüf edir. Görüşdən keçən günlər ərzində hər gün mövqelərimiz atəşə tutulmaqdadır. 

Bununla yanaşı, rəsmi İrəvan tərəfindən siyasi təxribatların sayı da çoxalıb. Belə ki, sentyabrın 3-də Qarabağdakı separatçı-terrorçu qurumun "müstəqillik günü" Nikol Paşinyanın onlara göndərdiyi məktubda qeyd etdikləri İrəvanın sülhdən yana olmadığının göstəricisi sayılmalıdır. Eyni zamanda, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın həmin ərəfəyə Xankəndiyə qanunsuz səfəri də təxribatın göstəricisidir. 

Ermənistan tərəfindən hərbi və siyasi təxribatların artmasını analitiklər bir neçə versiya ilə əlaqələndirirlər. Politoloqlar hesab edirlər ki, təxribatlarla İrəvan vaxt qazanmağa, nəyəsə ümidlənməklə sülhdən yayınmağa çalışırlar. Eyni zamanda, mövqelərimizin atəşə tutulması hallarının rəsmi İrəvanın iradəsindən kənar ola biləcəyi də istisna edilmir. O mənada ki, Ermənistan ordusu daxilində mərkəzə tabe olmayan vəzifəlilər var ki, onlar gərginliyin yaranmasında maraqlıdırlar. 

Politoloq İlqar Vəlizadə AYNA-ya deyib ki, liderlərin Brüssel görüşündən sonra Qarabağda və sərhəddə gərginliyin yaşanması təsadüfi deyil. 

Onun sözlərinə görə, Qarabağdakı seperatçı tör-töküntü müharibə fəlakətinin təkrarlanması üçün fəaliyyət göstərməkdədir: "Əlbəttə, qondarma quruma rəsmi İrəvan tərəfindən dəstək verilir. Ermənistan rəsmilərinin dəstəyi olmasa, separatçılar hərəkətlənməzlər. Paşinyanın məktubu, Qriqoryanın səfəri Ermənistanın sülh istəmədiyini göstərir. Reallıq ondan ibarətdir ki, Ermənistan nə rəsmən, nə də de-fakto Azərbaycana qarşı ərazi iddialarından geri çəkilib. Bu gün Ermənistan rəsmiləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan əraziləri ilə bağlı müxtəlif absurd bəyanatlar verirlər. Bu, Azərbaycanın daxili işlərinə qarışmaqdır". 

"Qaldı ki, mövqelərimizin atəşə tutulması, bu, Ermənistanın zaman qazanmaq niyyətindən başqa bir şey deyil. Eyni zamanda, Ermənistan dünyaya "münaqişə həll olunmayıb" mesajını da vermək niyyətində ola bilər. Diqqətləri bölgəyə cəmləşdirməklə Ermənistan nələrəsə ümid edir. Amma bu, əbəsdir. Çünki Azərbaycan Ordusunun adekvat davranışı bu dəfə daha sarsıdıcı ola bilər. Məncə, İrəvan ağlını başına yığmalıdır, təxribatlara son qoymalıdır. Ola bilsin ki, orduda erməni hakimiyyətinin iradəsinə qarşı çıxan qüvvələr silahlı təxribatlara əl atırlar, vəziyyəti gərginləşdirmək istəyirlər. Təbii ki, bu, Azərbaycanın problemi deyil. İrəvan anlamalıdır ki, təxribatların sonu onlar üçün yaxşı heç nə vəd etmir", - analitik əlavə edib.

İ.Verdizadənin qənaətincə, bölgədə sülhdə maraqlı olan, eyni zamanda vasitəçilik missiyasını üzərinə götürənlər də İrəvana "dur" deməlidirlər: "Hesab edirəm ki, siyasi və hərbi təxribatlara son qoyulmalıdır. Maraqlı qüvvələr, xüsusilə də Moskva və Brüssel İrəvanın bu cür təxribatlarının dayandırılması üçün öz rıçaqlarından istifadə etməli, Ermənistana təzyiq göstərməlidirlər". 

Analitik bildirib ki, ərazilərini işğaldan azad edən Azərbaycan sülhdən yanadır, bölgədə əmin-amanlığın yaranmasında maraqlıdır: "Biz istəyirik ki, işlər sürətlə getsin və Ermənistan sülh müqaviləsini imzalasın. Ancaq bu cür addımlarla Ermənistanın sülh müqaviləsini imzalaması çətin görünür. Sülh üçün Ermənistan ilk növbədə, öz əsassız iddialarından birdəfəlik əl çəkməlidir. Eyni zamanda, Qarabağ erməniləri ilə bağlı heç bir təminat verməməlidir. Erməni rəsmiləri Qarabağa səfər etməkdən əl çəkməlidirlər. Amma görünür ki, onlar oyunlarını təkrarlayırlar. Bu isə sonu yaxşı olmayan hala gətirib çıxaracaq". 

"İrəvanda bir məsələni anlamalıdırlar ki, nə qədər çalışsalar da, Azərbaycan milli maraqlarına uyğun siyasətini davam etdirəcək, istəklərini bir-bir həyata keçirəcək. Hərbi və siyasi sahədə pozuculuq fəaliyyəti ilə məşğul olmaq Ermənistana xeyir gətirməyəcək. Ondansa, rəsmi Bakının 5 maddəlik sülh müqaviləsi ilə bağlı irəli sürdüyü təklifləri qəbul etsələr, daha yaxşıdır. Zaman udmağa çalışmaq, nələrinsə dəyişəcəyinə ümid etmək əbəsdir. Onsuz da, Azərbaycan qarşıya qoyduğu bütün məqsədlərə çatmaqda israrlıdır və məqsədinə çatacaq", - politoloq fikrini tamamlayıb. 

Müəllif: Anar Bayramoğlu