"İlham Əliyev elə bir ölkə bərqərar etmək istəyir ki..."

Siyasət

24.10.2019 - 18:48

Həkimlər Klinikalar SEO Xidməti

Zahid Oruc: "Qaraqabaq, əlçatmaz, tündməcaz, adi ünsiyyətdə, danışıqda görünməyənləri artıq fərqli obrazlar əvəz etməkdədir"

 

Bir neçə gündür ki, Prezident İlham Əliyev tərəfindən ciddi kadr dəyişiklikləri həyata keçirilir. Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc AYNA-ya müsahibəsində ölkədə aparılan kadr islahatlarından danışıb, bir sıra məsələləri şərh edib.

 

- Zahid müəllim, Prezident İlham Əliyev artıq bir neçə ciddi, hətta cəmiyyətin gözləmədiyi kadr dəyişiklikləri etdi, həmçinin bir sıra qrumlar birləşdirildi. Siz bu islahatlar barədə nə düşünürsünüz?

 

- Hesab edirəm ki, 2019-cu ildən başlayaraq dövlət rəhbərinin elan etdiyi yeniləşmə kursu, islahatlar hərəkatı ölkənin bütün sferalarını büsbütün əhatə etməkdədir. Bu, dəqiq müəyyənləşmiş bir proqram əsasında həyata keçirilir və çox təqdir olunandır. 2019-cu ilin 12 yanvarında keçirilən müşavirə zamanı cənab Prezident məhz bu addımların yol xəritəsini müəyyən etmişdi. Orada həm institusional islahatlar üçün konseptoloji tezislər, həm kadr dəyişiklikləri ilə bağlı məsələ, həm dövlət-vətəndaş münasibətləri ilə əlaqədar məqamlar, həm iqtisadiyyatın xarakterində gözlənilən addımlar və s. irəli sürülmüşdü. Gördüyünüz kimi, öncə sosial həyatı əhatə edən mühüm qərarlardan başlanıldı. Bu da səbəbsiz deyil, çünki 2015-ci ildə baş verən 2 devalvasiya fonunda ölkənin iqtisadi həyatında yaranan durğunluq, bir çox hallarda mənfi tendensiyalar, vətəndaşların, xüsusilə də bank sektoru ilə dərinləşən problemi, insanların məhkəmələrə çəkilməsi və s. öz-özlüyündə ölkəni müəyyən harmonik dinamikadan çıxardı. Sonradan sabitləşmə əldə olunsa da, devalvasiyanın mənfi nəticələrini tam ortadan qaldırmaq mümkün olmamışdı.

Bu mənada ilk qərarlar sosial istiqamətdə veriləndən sonra artıq Prezident müəyyən kadr dəyişikliklərini həyata keçirməyə başladı. Öncə güc strukturları ön yerə çıxarıldı və hörmətli Ramil Usubov, uzun illər ərzində Azərbaycan dövlətinə və milli təhlükəsizliyinə yüksək peşəkarlıqla xidməti nəzərə alınaraq, Təhlükəsizlik Şurasına gətirildi. Ardınca dövlət təhlükəsizlik orqanının rəhbərliyində dəyişiklik aparıldı.

 

İkinci tərəfdən, artıq sentyabr-oktyabr aylarında ölkə rəhbərliyinin verdiyi qərarlar, söylədiyi hər bir fikir, atdığı hər bir addım milli həyatı müəyyən edən gündəmə çevrilib. Bu gün Azərbaycan xalqı İstiqlaliyyət küçəsi 19, kabinet №1-dən verilən qərarların nə qədər mühüm əhəmiyyət kəsb etdiyinin fərqindədir. Bütün cəmiyyət, bütün ictimai institutlar, siyasi təşkilatlar, hərəkatlar bu məsələləri vətəndaşlara, millətimizə geniş şəkildə, dürüst formada izah etməlidir.

 

Gözlərimiz qarşısında dinc keçid baş verir, bu, şükürlər olsun, qansız-qadasız reallaşır. Ancaq bunu müxtəlif formada yerinə yetirənlər olub. Gürcüstan nümunəsi, Sakaşvilinin uğurları, onun komandasının gətirdiyi yeniliklər, demokratiyanın bərqərar olunması nə qədər təqdir olunurdu, ancaq sonda insanlar həmin qüvvədən imtina etdi, böyük pul kütləsinə sahib olan bir şəxs dövlət və hökumət üzərində çəki əldə etdi. Ukraynada da oxşar mənəzərəni gördük, böyük inqilab elə həmin qüvvələrin hakimiyyət sistemində öz yerini daha da möhkəmləndirməsi ilə müşahidə olundu. Qırğızıtanı da nümunə kimi göstərmək olar, həmin dəyişikliklərin müəllifi Atambayev indi həbsxanadadır.

 

Bu ölkələrdə dövlət sistemi yerində qalmadı, əksinə bir sıra hallarda qat-qat zəiflədi, xalqın ən ülvi amalları, istəkləri tamam əks nəticələr vermiş oldu, insanlar xəyal qırıqlığına uğradı. İndiki halda bizdə həyata keçirilən bu dinc dəyişikliklər isə ilk növbədə dövlət rəhbərinin ölkəni yeni bir siyasi idarəetmə, mənəvi, iqtisadi, iş imkanları, vətəndaşla münasibətlər müstəvisinə daşımaq üçün çox önəmlidir.

Rumiyyə Miraslan