“Ermənistan cəmiyyəti sülhə meyillənib və buna məcburdur”

Aktual

29.12.2021 - 19:44

Zərdüşt Əlizadə: “Daha geniş miqyasda tanınmış ictimaiyyət nümayəndələrinin görüşlərinin, müzakirələrinin keçirilməsini istərdim”

Dekabrın 23-24-də Rusiyanın paytaxtı Moskvada Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri arasında görüş keçirilib. Təmas Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun təşəbbüsü və iştirakı ilə baş tutub. Görüşdə iki xalq arasında gərginliyi azaltmaq istiqamətində atılacaq addımlar müzakirə edilib.

Rusiya paytaxtında keçirilən görüşdə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova iştirak edib. Tədbirdə Ermənistanı İrəvan Dövlət Tibb İnstitutunun rektoru Armen Muradyan, Hovhannes Tumanyan adına Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan, Stanislavski adına teatrın direktoru Marianna Mxitaryan və rejissoru Harutyun Xaçatryan təmsil edib. Analoji görüşün gələn ilin əvvəlində də keçirilməsinə dair razılıq əldə edilib. 

Xatırladaq ki, bu ilin oktyabr-noyabr aylarında da Azərbaycan-Ermənistan nümayəndələri arasında təmaslar reallaşıb. İlk təmas Avropa Birliyinin təşəbbüsü ilə Azərbaycan və Ermənistanın siyasi ekspertlərinin, vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gəlməsi ilə baş tutub. Gürcüstanın Kaçreti bölgəsində keçirilən görüşdə Azərbaycan tərəfdən Beynəlxalq Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Eldar Namazov və “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, Ermənistan tərəfdən isə siyasi ekspert Stepan Qriqoryan, akademik Aleksandr Manasyan və digərləri iştirak ediblər.

Daha sonra Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan nümayəndələri bir araya gəliblər. Görüşdə siyasi partiyaların üzvləri və deputatlar iştirak ediblər. Avstriya hökuməti və ekspert cameəsi tərəfindən təşkil edilən görüşdə müharibədən sonrakı dövrdə nizamlanma məsələləri müzakirə olunub. 

Belə görüşlərin keçirilməsinin xalqlar və dövlətlər arasında münasibətlərə mümkün müsbət təsirlərindən danışan politoloq Zərdüşt Əlizadə AYNA-ya deyib ki, vətəndaş cəmiyyətinin, ziyalıların təmasları ümumilikdə, normal haldır.

Onu da qeyd edək ki, İkinci Qarabağ müharibəsindən, 2020-ci ildən əvvəlki illərdə "Xalq diplomatiyası" çərçivəsində Z.Əlizadə erməni vətəndaş cəmiyyəti nümayəndələri ilə dəfələrlə görüşlərdə iştirak edib. Xarici təşkilatların təşəbbüsü ilə gerçəkləşən bu cür görüşlər əsasən Gürcüstanda baş tuturdu. Görünən odur ki, müharibədən əvvəlki təmaslarda müsbət nəticələr əldə edilə bilmədi - sonucda münaqişə alovlandı və 44 günlük müharibə Azərbaycanın işğalda olan ərazilərini azad etməsi ilə nəticələndi.

44 günlük müharibədən sonra "Xalq diplomatiyası"nın yenidən vüsət almasından gözləntilər fərqlidir. Çünki əvvəl dövlətlər - daha doğrusu Ermənistan sülhdən yayınırdısa, indi İrəvandan sülhlə bağlı bəyanatlar verilir. Hazırkı reallıq hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin görüşlərinin sülh prosesinə müsbət təsir göstərəcəyi ehtimalını artırır. 

Z.Əlizadə isə hesab edir ki, təmasların, görüşlərin olmamasındansa, olması daha yaxşıdır: "Təhsil müəssisələrinin rəhbərlərinin görüşü sırf humanitar məsələlərlə bağlı olub. Yenə deyirəm, özlüyündə müsbət haldır. Eldar Namazovla Mehman Əliyevin də iştirak etdiyi Gürcüstandakı görüş daha səmərəli idi. Çünki orada konkret münaqişədən, postmüharibədən, xalqların yaxınlaşması istiqamətində atılmalı olan zəruri addımlardan danışılıb. Hesab edirəm ki, Eldar bəyin, Mehman bəyin iştirak etdiyi görüşlər daha səmərəlidir". 

"Rektorların Moskvada görüşündə münaqişədən yox, mədəni, təhsil sahəsində əməkdaşlıqdan danışılıb. Bu da müsbət hadisədir. Fərhad bəyi, Kamal bəyi tanıyıram, ürəkləri Qarabağ üçün yanan adamlardır. Qarabağ üçün əlindən gələni edəcək insanlardırlar. Yəqin ki, onlar görüşdə lazımi məsələləri gündəmə gətiriblər. Ümid edirəm ki, görüşlərin yaxşı nəticəsi olacaq", - deyə politoloq vurğulayıb.

Həmsöhbətimiz daha geniş miqyasda tanınmış ictimaiyyət nümayəndələrinin görüşlərinin, müzakirələrinin keçirilməsinin tərəfdarıdır: “Görünür, hökumət belə görüşlərin keçirilməsini hələlik məqbul saymır. İndiki halda Ermənistan və Azərbaycan hökumətləri öz aralarında çalışırlar ki, hansısa məsələləri yoluna qoysunlar”.

Ekspertin sözlərinə görə, İkinci Qarabağ müharibəsindən əvvəl keçirilən görüşlərlə indiki situasiyada keçirilən görüşlər arasında fərq var: "Erməni tərəfinin mövqeyində ciddi dəyişiklik var. İstər Ermənistan hakimiyyəti, istərsə də erməni cəmiyyətində gerçəkliyə daha yaxın mövqe tutmağa meyillilik var. Ümumiyyətlə, onlar sülh mövqeyi tutmağa məcburdurlar".

Müəllif: Anar Bayramoğlu